Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:44

'Sanki hakimlik yox, ağbirçəklik, ağsaqqallıq eləyirlər'


Boşanma qaydaları dəyişdi. 300 nəfər yeni işdə
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Boşanma qaydaları dəyişdi. 300 nəfər yeni işdə

Azərbaycanda ailə məhkəmələrinin yaradılması məsələsi yenidən gündəmə gəlib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva deyir ki, buna ehtiyac var.

Deputat bu təklifini boşanmalarla əlaqələndirir. Onun fikrincə, hazırkı məhkəmələrin ailələrin dağılma səbəbləri ilə maraqlanmağa vaxtı yoxdur.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, 2021-ci ildə Azərbaycanda 56 min 314 nikah, 17 min 191 boşanma olub. 2020-ci il pandemiya dövrünə təsadüf etdiyindən hər iki rəqəmlərin sayı xeyli aşağı olub – 35 min 348 nikah, 14 min 628 boşanma qeydə alınıb.

2022-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) isə boşanmaların sayı 14 min 525, nikahların sayı isə 57 min 33 olub.

"Hakim bu məsələni araşdırmaq üçün heç bir addım atmadı"

Şərti adı Tofiq Məmmədov olan Bakı sakini üç il öncə Yasamal Rayon Məhkəməsinin qərarı ilə boşanıb. O deyir ki, iddia ərizəsini məhkəməyə özü təqdim etmişdi. Sonda hakimin çıxardığı qərardan narazı qalıb: "Keçmiş arvadımın psixoloji də yox, psixi problemi var. Hakim bu məsələni araşdırmaq üçün heç bir addım atmadı ki, axı mən bunun öhdəsinə bir körpə uşağı verirəm. Gəlib yalan danışdı ki, guya altı aydır mən uşağa nə pul verirəm, nə də nəsə alıram. Halbuki tam təmin edirdim. Bunu araşdırmadan altı aylıq əlavə alimenti də üzərimə qoydu. Fikirləşdim ki, eybi yox, uşağıma görə verirəm. Ona görə qərardan şikayət etmədim...".

Ş.Hümbətova
Ş.Hümbətova

"Belə şeyə görə ailə dağılmaz"

Vəkil Şəhla Hümbətova da Azərbaycanda ailə məhkəmələrinin yaradılmasına ehtiyac olduğunu düşünür. Onun sözlərinə görə, hazırda ailədaxili problemlər, məişət zorakılığı ilə bağlı işlərə baxan hakimlər əksər hallarda tərəflərin psixoloji durumunu, işlərin spesifikliyini nəzərə almır. Vəkil deyir ki, bir sıra hallarda hakim zorakılığa məruz qalmış qadını ona qarşı zor tətbiq etmiş şəxslə barışdırmağa çalışır: "Sanki hakimlik yox, ağbirçəklik, ağsaqqallıq eləyirlər. Qurbanı zorakılığa yol vermiş adamla barışdırmağa çalışırlar. Bəzən şəxsə təsir göstərməyə çalışırlar ki, "belə şeyə görə ailə dağılmaz". Xüsusi hakimlər olsa, bilər ki, daha həssas yanaşmaq lazımdır. Əgər ortada azyaşlı uşaqların taleyi həll olunursa, deməli, daha həssas olmalısan...".

Hümbətova hesab edir ki, bank, təqaüd, torpaq mübahisələri ilə ailədaxili problemlərin araşdırılması arasında xeyli fərqlər var. Bu üzdən onların eyni hakimə həvalə olunması doğru deyil.

Hümbətova ABŞ təcrübəsini qeyd edərək deyir ki, orada keçmiş ər-arvad arasındakı mübahisəyə baxan hakim hər iki tərəfə münasibətdə həssas davranır, tərəflərin heç birini qıcıqlandırmamağa çalışırdı. Onun fikrincə, ailə məhkəmələri üçün konkret hakimlər seçilib xarici ölkələrə təcrübə keçməyə göndərilə bilər.

N.Şahmarzadə
N.Şahmarzadə

Əsas məsələ...

Feminist fəal Nərmin Şahmarzadə isə AzadlıqRadiosuna bildirib ki, ailə məhkəmələri yaradılması ideyasının boşanmaların sayının azaldılması məqsədinə xidmət etməsindən şübhələnir. Deyir ki, əgər ailə məhkəmələri vasitəsilə ailələrin dağılmasının qarşısını almağa çalışsalar, bunun xoşagəlməz fəsadları olacaq.

"Əgər niyyət hakimlərin həssaslığının artırılması olsaydı, təbii ki, bu, daha effektiv olardı. Amma buna şəxsən mənim ciddi şübhələrim var. Onu da deyim ki, əgər məqsəd ailə təbliğatının aparılması, "döz otur" ritorikası olsa, bunun ağır fəsadları olacaq. Əsas məsələ bu yox, zorakılıqların kökünü araşdırmaq olmalıdır", – Şahmarzadə belə deyir.

Ailə psixoloqu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2021-ci ilin noyabrında Azərbaycanda ailə məhkəmələrinin yaradılması barədə təkliflərə münasibət bildirərkən demişdi ki, bu funksiyanı o dövrdə yeni yaradılan mediasiya orqanları yerinə yetirəcək.

"Azərbaycanda bu məsələlərlə məşğul olan hakimlər korpusu da var. Ailə məsələləri ilə bağlı işlərə konkret hakimlər baxır. İstənilən halda, bu məsələlərdə sistemli yanaşmağa ehtiyac var. Ailə psixoloqu institutunun da formalaşmasına ehtiyac var, bu, çox vacibdir. Bu cür hadisələrin baş verməsinin əsas səbəbi məhz bu sahədə çatışmazlıqla bağlıdır...", – Muradova jurnalistlərə açıqlamasında belə demişdi.

Ailə məhkəmələri ABŞ, Böyük Britaniya və başqa inkişaf etmiş ölkələrlə yanaşı, 2013-cü ildən Türkiyədə, 2019-cu ildən Rusiya kimi qonşu dövlətlərdə də fəaliyyət göstərir.

XS
SM
MD
LG