Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:28

Brexit-dən kimlər irəli düşəcək, kimlər geri


►Bugünə qədər Britaniyaya vizasız gələn avropalılar indi əlavə sənədləşmə prosedurlarından keçməli olacaqlar. Bu da turist sayını azaldacaq

Britaniya əhalisi ölkənin Avropa Birliyini tərk etməsinə səs verib.

Bəs Brexit sizin üçün nə deməkdir? Bu sizin kim olduğunuzdan, nə işlə məşğul olduğunuzdan asılıdır.

Britaniyanın əmlak təhlilçiləri düşünürlər ki, Brexit ya ölkədə daşınmaz əmlak qiymətlərinin artımını zəiflədəcək, ya da qiymətlər aşağı düşəcək. Britaniyanın "Winkworth" daşınmaz əmlak agentliyi bildirib ki, Britaniyanın AB-ni tərk etməsi mühacirlərin sayının azalması və deməli evlərin qiymətlərinin düşməsi demək olacaq.

İnvestorlar üçün bu, pis xəbərdir. Alıcılar üçünsə bu çox gözəl füsətdir. Belə ki, Britaniyada, xüsusən də Londonda daşınmaz əmlakın qiymətləri son dərəcə yüksək olması ilə ad çıxarıb.

Baş verə biləcək digər şey isə odur ki, ipoteka ödənişləri azala bilər. Belə ki, əgər Brexit Britaniya iqtisdiyyatını çalxalasa (proqnozlar da bunu deyir) ölkənin mərkəzi bankı faiz dərəcələrini bir qədər də azaltmağa məcbur ola bilər.

Bu isə öz növbəsində bəzi ipoteka ödəyicilərinin və yeni ev alanların işini asanlaşdıra bilər. Ancaq qeyd edilir ki, bank faizlərinin onsuz da aşağı olduğu nəzərə alınarsa, onların ciddi şəkildə azaldılması gözlənilmir.

"Winkworth"ün rəhbəri Dominic Agace Brexitin daşınmaz əmlak bazarı üçün fəlakət olacağını düşünmür. Onun sözlərinə görə, Britaniya, xüsusilə də London hər zaman "təkcə Avropadan yox, həm də digər yerlərdən" olan xarici investorlar üçün cəlbedici olub. "İnsanlar müxtəlif səbəblərdən, o cümlədən oxumağa ...gəldikləri üçün referendumun nəticəsindən asılı olmayaraq bunun davam edəcəyini gözləyirəm," cənab Agace deyib.

İndi Britaniyaya gəzməyə gəlmək xarici ziyarətçilər üçün ucuzdur. On illərlə belə ucuz olmamışdı.

Referendumun nəticələri elan olunar-olunmaz Britaniya funtu rekord həddə ucuzlaşıb. Sonuncu dəfə fundun məzənnəsi 1985-ci ildə bu qədər aşağı olub. Mütəxəssislərin fikrincə, Brexit işləri nizamlayana qədər yaxın bir neçə ay ərzində onun məzənnəsi aşağı həddə qalacaq.

Ötən il Britaniyaya turistlərin gəldiyi ilk on ölkədən yeddisi AB üzvü olan ölkələr idi. Ancaq bu il AB-dən daha az turistin gələcəyi gözlənilir.

Bu siyahıda ikinci olan amerikalılar bu il böyük ehtimalla birinci olacaqlar. Ötən il ən çox turist Fransadan gəlmişdi.

Bugünə qədər Britaniyaya vizasız gələn avropalılar indi əlavə sənədləşmə prosedurlarından keçməli olacaqlar. Bu da turist sayını azaldacaq. Əgər funt kifayət qədər zəifləsə, Britaniyanın mərkəzi bankı olan Bank of England müdaxilə edə bilər.

Mərkəzi bank ya valyuta ehtiyatından istifadə edərək funtu satın ala, beləliklə də pul bazarında funtun kütləsini azalda bilər, yaxud da faiz dərəcələrini artıra bilər. Bu isə britaniyalıların ipoteka və digər ödəmələri üçün problem yarada bilər.

Bunlar yaxın perspektivdə baş verə biləcək dəyişikliklərdir. Ancaq uzaq perspektivdə Brexitin bazarlara necə təsir edəcəyi o qədər də aydın deyil. Britaniyanın AB-də qalması tərəfdarları xəbərdar edirdilər ki, ölkənin birlikdən çıxması iş yerlərinin ixtisara düşməsi və xarici investisiyaların azalması ilə nəticələnə bilər.

Bəs Brexit tələbələrə necə təsir edəcək? Britaniyanın bir çox nüfuzlu universiteti ölkənin Avropa Birliyində qalmasını dəstəkləyib. Onların arqumenti budur ki, Brexit Avropa Birliyinin tədqiqat üçün ayırdığı maliyyə vəsaitinin azalmasına səbəb olacaq, Avropadakı alimlərlə münasibət qurmağı çətinləşdirəcək, ölkəyə gələn xarici tələbə sayını isə azaldaçaq. 2013-2014-cü illərdə Britaniyanın ali məktəblərində AB üzvü olan ölkələrdən olan 125000-ə qədər tələbə oxuyurdu. Bu, ölkə universitetlərində oxuyan tələbələrin ümumi sayının 5%-i deməkdir. Bu tələbələr ölkəyə ildə 3,7 milyard funt-sterlinq (5,4 milyard dollar) vəsait gətirirlər və onlara görə 34000 iş yeri mövcuddur.

Britaniya AB üzvü olduğundan bu tələbələr xarici yox, yerli tələbələr sayılırdı. Onların universitetlərə ödədikləri təhsil haqqı britaniyalı tələbələrin ödədiyi haqq qədərdir. Onlar həm də britaniyalı tələbələrlə eyni maliyyə yardımını ala bilirdilər.

Brexit sayəsində Britaniya hökuməti daha AB ölkələrindən olan tələbələrə yardım göstərməli olmayacaq və deməli bir qədər qənaət edə biləcək. Ancaq alimlər deyirlər ki, tədqiqata ayrılan vəsaitin kəsilməsi bundan qat-qat artıq vəsaitin itirilməsinə səbəb olacaq. Beynəlxalq təhsil bazarı barədə məlumat verən ICEF Monitor bildirir ki, Brexit baş verdiyi təqdirdə Britaniya universitetləri AB ölkələrindən olan tələbələr üçün fərqli ödənişlər tətbiq edə biləcəklər, nəticədə indiyə qədər mövcud olmuş sistem dağılacaq. Bundan başqa, 2013-2014-cü illərdə 15000-dən çox britaniyalı tələbənin Erasmus Programı çərçivəsində kontinental Avropanın universitetlərində oxumaq imkanı qazanıb. Erasmus mübadilə proqramı 1980-ci illərdən bəri AB üzvü olan ölkələrin tələbələrinə təhsil mübadilələrində iştirak etmək imkanı verir.

Hələlik bu proqramın başına nə gələcəyi məlum deyil. Erasmus qrantlarının kəsilməsi, beləliklə də tələbələrin kontinental Avropada səyahət etmək imkanının çətinləşməsi qorxusu mövcuddur.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 24 iyun

Brexit-dən Azərbaycan nə itirəcək?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 24 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 24 iyun

Azərbaycanlılar başqa xalqlardan az yeyir
XS
SM
MD
LG