Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:56

Britaniya Ukraynaya döyüş helikopterləri göndərir


Sea King helikopteri
Sea King helikopteri

Britaniya Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlanandan bəri ilk dəfə olaraq Kiyevə hərbi helikopterlər verəcək.

Bu barədə məlumatı Britaniyanın müdafiə naziri Ben Uolles (Ben Wallace) verib.

Bu, müharibə başlanandan bəri Ukraynaya çatdırılacaq ilk Qərb hərbi texnikasıdır.

BBC bildirir ki, Ukraynaya ümumilikdə üç “Sea King” ordu helikopteri verilməlidir. Bu da qeyd olunur ki, helikopterlərdən biri artıq Ukraynaya çatdırılıb.

Pilotlara təlim keçilib

Ukrayna pilotları son 6 həftə ərzində Britaniyada bu helikopterlərin idarə olunması üçün təlim keçiblər.

Təlimlər zamanı pilotlara həm helikopterləri uçurmaq, həm də onlara texniki xidmət göstərmək öyrədilib.

Nazir Uolles bildirib ki, London Kiyevə əlavə olaraq 10 min artilleriya mərmisi də verəcək.

O bu barədə bəyanatı Osloda verib. Orada Qərb müttəfiqləri Ukraynaya bundan sonrakı hərbi yardımları müzakirə edirdilər.

Kiyev müharibə başlanandan bəri Qərb ölkələrindən müasir aviasiya verilməsini rica edir. Lakin bu vaxtadək Ukraynaya yalnız sovet istehsalı olan köhnə helikopter və təyyarələr verilib.

Senatorların çağırışı

Bu yaxınlarda xəbər verilmişdi ki, ABŞ-da 16 senatordan ibarət ikipartiaylı qrup Co Bayden (Joe Biden) administrasiyasını Ukraynaya MQ-1C Gray Eagle zərbə dronlarının verilməsinə çağırıb.

Bayden administrasiyası bu vaxtadək Ukraynaya 9 kilometrdən yüksəyə qalxan və havada bir sutka qala bilən bu tip dronların verilməsindən imtina edib.

“The Wall Street Journal” qəzeti yazır ki, imtina bu dronların vurula biləcəyi ilə izah edilir.

Bundan başqa qeyd olunur ki, Ukraynanın hərbi baxımdan belə dronlara ehtiyacı yoxdur və onların verilməsi münaqişəni eskalasiya etdirə bilər.

Bununla belə Pentaqon bu barədə heç bir rəsmi bəyanat verməyib.

Rusiya bu il fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb.

XS
SM
MD
LG