Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:31

Cəzası ağırlaşan Nardaran məhbusu: 'Bilmək istəyirəm ki, bunu niyə eləyirlər?'


C.Babakişizadə
C.Babakişizadə

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü əməliyyat zamanı güllələnən və ardınca həbs olunan Cahad Babakişizadə Qobustandakı qapalı həbsxanaya köçürüləcək. Oktyabrın 1-də Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası belə qərar çıxarıb.

C.Babakişizadə bundan sonra cəzasının üç ilini həbsxana rejimində çəkməsi barədə Qaradağ Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi.

2015-ci ildə həbs edilərkən 18 yaşı olan C.Babakişizadə oktyabrın 1-də məhkəmədə deyib ki, cəzasının ağırlaşdırılması barədə qərar əsassızdır: «Bilmək istəyirəm ki, məni niyə belə cəzalandırırlar? Səbəbi mənə də məlum deyil. Çünki özümə də açıqlamayıblar».

Hakim xatırladıb ki, C.Babakişizadənin saxlandığı 12 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi onun həbsxana rejiminə köçürülməsi üçün məhkəməyə müraciətində bu məhkumun daxili intizam qaydalarını pozduğunu yazır. Bildirilir ki, müəssisə daxilində 9 dəfə cəzalandırılıb. Ona töhmət verilib, dəfələrlə müxtəlif müddətli kars cəzaları alıb.

Ancaq C.Babakişizadə deyir ki, o cəzaların da hamısı əsassız olub, hər dəfə bir bəhanə tapıb cəzalandırıblar: «O cəzalar heç nədən verilib».

Qısa müşavirədən sonra hakimlər apellyasiya şikayətinin təmin olunmadığını, həbsxanaya köçürülmə qərarının qüvvəyə saxlandığını açıqlayıblar.

Qərar qüvvəyə mindiyinə görə C.Babakişizadə yaxın günlərdə Qobustan həbsxanasına köçürüləcək.

Xatırlatma

C.Babakişizadə dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama, terrora çağırış və s. əməllərdə təqsirli bilinib məhkum edilsə də, özünü günahkar saymır. Bildirir ki, ittihamlar saxtadır. Məhkəmədə ifadəsində bildirib ki, əməliyyat keçirilən gün evdə günorta namazına hazırlaşdığı vaxt qonşuluqda yaşayan Əbülfəz Bünyadovun evi tərəfdən səs gəlib. Nə baş verdiyi ilə maraqlanmaq üçün küçəyə çıxıb o tərəfə gedib və orada qaramaskalı polislər tərəfindən sinəsindən güllələnib. Əlində qumbara olması barədə etiraf ifadəsinə gəlincə, bildirir ki, xəstəxanada reanimasiyada olarkən ona imzalatdırıblar.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG