Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:18

Ekspert: Çay ilə bağlı şirkətlərin əksəriyyəti eyni adama məxsusdur


'Çayçu, ğəndi pay getir'. Maştağadan reportaj
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

'Çayçu, ğəndi pay getir'. Maştağadan reportaj (2017)

Son bir ildə Azərbaycanda ən çox bahalaşan ərzaq məhsullarından mal, qoyun əti və çaydır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ilin avqustundan indiyədək mal əti 19-20 faiz bahalaşıb. Bahalaşma üzrə ikinci yerdə çaydır. Göstərilən dövr ərzində onun qiyməti 15 faiz artıb.

Azərbaycanda hazırda ümumilikdə 1 min 63 hektar çay plantasiyası var. Ən çox çay sahələri Lənkəran, Astara və Masallı rayonlarındadır.

İstehsal da azalıb, ixrac da, idxal da

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 6 min 508 ton çay istehsal edilib. DSK habelə bildirilir ki, həmin aylarda çay istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə isə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan xaricə 3 milyon 417 min dollar dəyərində 379 ton çay satıb. Ötən ilin eyni dövründə Azərbaycan 7 milyon 587 min dollar dəyərində 1 min 263 ton çay ixrac edib. Bu da o deməkdir ki, 2022-ci illə müqayisədə ixrac məbləğ baxımından 2.2 dəfə (4 milyon 170 min dollar), həcm baxımından isə 3.3 dəfə (884 ton) azalıb.

İdxala gəlincə, Azərbaycan bu ilin yanvar-iyul aylarında 38.2 milyon dollar dəyərində 7.2 min ton çay idxal edib. Həmin dövr ərzində ölkənin çay idxalı xərcləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4.1 milyon dollar azalıb. Çay idxalının həcmi isə 14.3 faiz aşağı düşüb.

Nazirlik isə inkişafdan danışır

Kənd Təsərrüfatı Nazirliyindən, əksinə, "Turan"a deyilib ki, Azərbaycanda çayçılığın inkişafına dair 2018–2027-ci il Dövlət Proqramına uyğun olaraq son illərdə çay plantasiyalarının sahəsi və məhsuldarlıq artıb: "Hər hektara düşən məhsuldarlıq artıb. Bu, 16 sentnerdən artıqdır".

Qeyd olunub ki, Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3 min hektara, yaşıl çay yarpağı yığımının 8.5 min tona çatdırılması nəzərdə tutulur.

V.Məhərrəmli
V.Məhərrəmli

Tələbatın üçdə biri…

Hərçənd, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli AzadlıqRadiosuna bildirib ki, Azərbaycan özünün tələbatı həcmində çay istehsal etmir: "Bizdə ildə 20 min tona yaxın çay lazımdır. Son aylarda ölkəyə çayın idxalı azalıb, bu da o deməkdir ki, təklif azdır. Təklif azalırsa, qiymətlər artır. Azərbaycanda da çayda qiymətləri idxal formalaşdırır, çünki istehsal çox cüzidir və ümumi qiymətə heç cür təsir etmir".

Onun fikrincə, çay idxalı ilə məşğul olanlar idxalın artırmasında maraqlı deyillər: "Çünki qiymət artırmaqla daha çox qazanc əldə edə bilərlər. Xammal xaricdən gətirilir və şirkətlər burada yalnız qablaşdırmaqla məşğuldur. Düzdür, yerli çaydan da istifadə edirlər. Yerli çay istehsalçıları da fikirləşir ki, idxal azalırsa, yerli çayın qiymətini də artırmaq olar və artırırlar da".

"Qiymətləri onlar müəyyənləşdirir"

V.Məhərrəmlinin sözlərinə görə, ölkədə çay emalı və satışı ilə məşğul olan şirkətlərin əksəriyyəti eyni adama məxsusdur: "Ona görə də qiymətləri onlar müəyyənləşdirir".

O, ad çəkmədən əlavə edib ki, çayı istehsal etmək üçün fermerlərə dəstək vermək lazımdır: "Əgər istehsal vasitəsi, məsələn, su yetərincə deyilsə, məhsul xarab olacaq. Diqqət qanun, proqram hazırlaması ilə bağlı deyil. Dövlət proqramını qəbul edirlər, amma su ilə təmin etmirlər, keyfiyyətli gübrəni ölkəyə gətirmirlər. Bu kimi ciddi səbəblər var…".

XS
SM
MD
LG