Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:24

Ukraynadakı çeçen komandir: 'Mənim əsas düşmənim Putindir'


Muslim Çeberloyevski və batalyonu
Muslim Çeberloyevski və batalyonu

Çeçen könüllülərdən ibarət Şeyx Mənsur və Covxar Dudayev adına batalyonlar Ukrayna ordusunun tərəfində döyüşdüklərini bəyan ediblər

Ukryanada Rusiya təcavüzünə qarşı döyüşmək üçün çeçenlərdən ibarət batalyon təşkil edilir.

Çeçen könüllülərdən ibarət Şeyx Mənsur və Covxar Dudayev adına batalyonlar Ukrayna ordusunun tərəfində döyüşdüklərini bəyan ediblər.

Bəzi xəbərlərə görə Çeçenistanın moskvayönlü başçısı Ramzan Kadırov soydaşlarını silahı yerə qoymağa çağırıb və sözü gedən batalyonların komandirlərinin başı üçün 500 min dollar mükafat elan edib.

Lakin AzadlıqRadiosuna müsahibəsində Şeyx Mənsur batalyonunun komandiri Muslim Çeberloyevski deyib ki, Kadırovu ciddi qəbul etmir və onun əsas düşməni Vladimir Putindir:

“Onun belə nağıllarını çox eşitmişik. O uşaqları bura göndərir, özü isə kiminsə başı üçün qəpik-quruş mükafat qoyur. O həmişə deyib ki, Putinin piyadasıdır, Putinin quludur, Putinin əsgəridir və Putin üçün dünyanın istənilən nöqtəsinə getməyə hazırdır. Odur ki, qoy üstümüzə uşaq-muşağı göndərməsin, yaxınlarını dəstəyə yığıb özü gəlsin...”

Qarabağda silah səsləri- Bakının Rusiya sülhməramlılarına etirazları nə nəticə verə bilər?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

“Bizim o vaxtdan bəri Rusiya ilə problemimiz var...”

Muslim Çeberloyevski deyib ki, onun batalyonuna könüllülər gəlməkdə davam edir. O bildirib ki, hazırda yeni qruplar yaradılır və çeçenlər “Putinlə, Kadırovla, Hitlerlə, Lukaşenka” ilə üzbəüz görüşə hazırdırlar:

“Bizə bu müharibə lazım deyil. Bu müharibəni bizə qarşı başlayıblar. İçkeriya çeçen respublikası da başqa respublikalar kimi Sovet İttifaqı dağılarkən ondan ayrılmış, müstəqillik və suverenliyini elan etmişdi. Bizim o vaxtdan bəri Rusiya ilə problemimiz var...Biz birinci müharibəni udmuşduq. Amma 1999-cu ildə onlar səhvlərini düzəltdilər, çatışmazlıqları aradan qaldırdılar...”

“Biz ən müxtəlif səbəblərlə Çeçenistanı tərk etməli olduq. Bizim dörd prezidentimiz həlak olub. Sağ qalan bütün komandanlıq xaricə köçüb”.

Çeçen komandir bildirib ki, uzun illər onların üzərində olan məhdudiyyətlər qaldırılıb və onlar Ukraynanı və Kiyevi müdafiə etməyə tam hazırdırlar. “Əsəs düşməniniz kimdir” sualına Muslim Çeberloyevski belə cavab verib:

“Bu saat Yer üzündə mənim əsas düşmənim Putin, onun rejimi və ətrafındakılardır. Kadırov kimdir axı? Siz jurnalistlər onun əhəmiyyətini şişirtmsiniz. Guya o müstəqil şəxsdir. Kadırov Putinin nökəri və şestyorkasıdır. Əlbətə deyəndə ki, çeçenlər Ukraynaya hücum ediblər, bizim xətrimizə dəyir. Bu özünü çeçen adlandıran alçaqların çeçenlərlə heç bir əlaqəsi yoxdur. Bizim Ukrayna ilə heç vaxt düşmənçiliyimiz olmayıb və olmayacaq. Çeçenistan Rusiya ilə iki müharibədə 1 milyonluq əhalisinin 300 minini itirib. Baxın, əsl çeçenlər belə olur. Amma bu əclaflar Putinin nökərləridir”.

Çeçen komandir daha sonra vətənindəki vəziyyətdən danışıb:

“Əgər Kadırov özünü çeçen sayırsa niyə onu Luqanksdan da balaca olan Çeçenistanda 100 min silahlı Rusiya əsgəri mühafizə edir? O onlarsız heç kimdir. Onu hazırda Çeçenistan ərazisində girova çevirdiyi adi insanlar imkanları olsaydı məhv edərdilər. Amma Kadırovu 100 minlik Rusiya ordusu qoruyur”.

Gürcüstan müharibəsi

Muslim Çeberloyevski deyib ki, 2008-ci ildə Rusiya Gürcüstana hücum edəndə Rusiyanın 56-cı ordusu Sxinvaliyə girə bilmirdi. Sonra ora Yamadayevin başçılığı ilə çeçen dəstəsini buraxıblar və Rusiya Sxinvalini ala bilib.

Çeçen komandir deyib ki, Kadırov hakimiyyətə elə Yamadayev qardaşlarının köməyi ilə gəlib və sonra onlara asi çıxıb.

Çeberloyevskinin sözlərinə görə çeçenlərdən 2014-cü ildə də istifadə etmək isəyiblər. Amma o vaxt çeçenlər döyüşə bilməyiblər. Bundan sonra onları təlim keçmək üçün Suriyaya göndəriblər:

“Putin nəyə görə bütün Rusiyada Kadırovun özbaşınalığına göz yumur? Onlar istədikləri şəhərə gəlirlər, mer, deputat onlardan üzr istəyir. Bütün bunlar bugünə hazırlıq üçün idi. Guya bunlar lotu oğlanlardır, məğlubedilməzdirlər”.

Komadir sözünə belə davam edib:

“Biz razıyıq, goy 70 min öz adamını yığıb bura gəlsin. Adamları bura göndərib özü evdə oturan adam ən aciz qorxaqdır. Mən ki döyüşçülərimi harasa göndərmirəm. Onlarla səngərdə oluram. Əgər o Putinin belə sədaqətli piyadasıdırsa, qoy 70 min öz adamını, 100 min də Rusiya əsgərini yığıb bura gəlsin”.

Ukrayna məğlub olsa...

AzadlıqRadiosunun müxbiri Çeberloyevskiyə deyib ki, son vaxtylar qəzetlər ukraynalıların Çeçen müharibəsində çeçenlərə necə kömək etməsindən yazırlar: “siz indi ona görəmi Ukrayna üçün döyüşürsünüz?”

Çeçen komandir suala belə cavab verib:

“Mən heç kimin borcunu qaytarmıram. Belə bir sözü heç vaxt deməmişəm və demərəm. Ukraynalılar 1994-cü ildə Çeçenistana könüllü gəlmişdilər və bacardıqları köməyi göstərmişdilər. Mərhum Saşko Belıy (Aleksansdr Muzıçko – Rusiyada qadağan olunmuş “Sağ sektor”un keçmiş lideri-red) Çeçenistana gələndə ona demişdilər: “Çeçenlər müsəlmandırlar, siz ukraynalılar isə xristiansınız. Sizi çeçenlərə nə bağlayır?” O belə cavab vermişdi: “Biz ona görə gəlmişik ki, Çeçenistanda müharibə başlamasaydı, ruslar Ukraynaya hücum edəcəkdilər. Çeçenistan bu müharibə ilə Ukraynanı qorudu, müharibəni öz üzərinə çəkdi”. Onlar 1994-1995-ci illərdə belə deyirdilər”.

Çeberloyevski daha sonra deyib:

“Bugün burada çox böyük dönüş anı yaşanır. Əgər Ukrayna məğlub olsa, qalan keçmiş sovet respublikaları da yıxılacaqlar. Rusiyanın ətrafındakı ölkələr azadlıq şansını itirəcəklər. Əgər bugün Ukrayna duruş gətirə bilsdə, bu hamı üçün şans olacaq”.

XS
SM
MD
LG