Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:57

'Gender aparteidi'ni cinayət kimi tanımaq istəyi


Əfqan qadınlar Qəndəharda xarici ərzaq yardımını gözləyirlər.
Əfqan qadınlar Qəndəharda xarici ərzaq yardımını gözləyirlər.

Dünya çoxdan bəri aparteid- ayrıseçkilik bəlasından xəbərdardır. Aparteid insanların irqi mənsubiyyətlərinə görə sistematik seqreqasiya və ayrıseçkiliyə məruz qalmasıdır ("seqreqasiya" deyərkən, hər hansı dini, irqi və ya etnik qrupun məcburi şəkildə ayrı saxlanması və ya təcrid edilməsi siyasəti nəzərdə tutulur – red.). Bəs insanların cinsi mənsubiyyəti baxımından ayrıseçkiliyə və pis davranışa məruz qoyulması ilə bağlı institusionalmış hansı təcrübə var?

AzadlıqRadiosunun əməkdaşı Maykl Skollonun "Radio Azadi" xidmətinin materialları əsasında hazırladığı yazıda deyilir ki, gender aparteidinin – cinsiyyət ayırımçılığının beynəlxalq hüquq çərçivəsində tanınması istiqamətində səylər artır. Əfqanıstan və İranda qadın və qızların zülmə məruz qalması dərhal tədbir görülməsinə dair çağırışların güclənməsinə səbəb olur. Ancaq bu yolda nəhəng maneələr qalmaqdadır.

Hələlik, yalnız gender zəminində "təqib" insanlıq əleyhinə cinayət sayılır

Hüquq fəalları gender aparteidinin beynəlxalq hüquq çərçivəsində cinayət kimi aydın təsbit edilməsini istəyirlər. Hazırda, sadəcə, gender zəminində "təqib" insanlıq əleyhinə cinayət kimi tanınır. Ancaq insan haqları qrupları və fəalları təqib konseptinin institusionallaşdırılmış gender aparteidində törədilən cinayətlərin spektrini tam əhatə etmədiyini deyir.

Məqsəd BMT-nin qadın və qızları sistematik zorakılıqdan qorumaqla bu boşluğu doldurmasına nail olmaqdır.

Gender aparteidi anlayışını ilk dəfə 1990-cı illərdə, Taliban rejimi dövründə əfqan qadınların haqlarının müdafiəçiləri ortaya qoyublar.

Taliban 2021-ci ildə hakimiyyətə qayıdandan bəri qadın və qızlara qarşı zülm siyasətini yenidən bərpa edib, onların geyim-keciminə, hərəkət azadlığına, çalışmaq və təhsil almaq haqlarına sərt məhdudiyyətlər qoyub.

Əfqan qadın haqları fəalı Hoda Xamoş deyir ki, gender aparteidinin tanınması ölkədə qadın haqlarına çox böyük fayda verərdi.

Qəndəharda taksinin arxasında qadın və uşaq
Qəndəharda taksinin arxasında qadın və uşaq

"Hesabat tələb edə bilərdik"

"Biz hökumət qurumlarından, gender zəminində zorakılıq törədən və qadınları ayrıseçkiliyə məruz qoyanlardan hesabat tələb edə bilərdik", - Xamoş AzadlıqRadiosunun "Radio Azadi" xidmətinə belə deyib.

İranlı qadın haqları fəalları da islam respublikasında qadınlara qarşı institusionallaşdırılmış ayrıseçkiliyin gender aparteidi olduğunu deyirlər.

BMT ekspertlərinin fikrincə, hicab qanununun zorakı icrası və başını örtməyən qadın və qızların cəzalandırılması gender aparteidi adlandırıla bilər.

Martda onlarla insan haqları qrupu və yüzlərlə şəxs gender aparteidinin insanlıq əleyhinə cinayətlər siyahısına daxil edilməsinə çağıran bəyanat imzalayıb.

BMT Baş Assambleyasının sentyabrda keçiriləcək növbəti toplantısında bu sazişə dair danışıqların başlanması üçün prosedurların qəbul olunacağına ümid edilir.

BMT və beynəlxalq qurumlar "gender aparteidi" terminindən get-gedə daha çox yararlansa da, qaçırılmış imkanlar var.

İyulun əvvəlində Dohada Talibanla BMT-nin ev sahibliyi ilə aparılan danışıqlarda masa arxasında qadınlara yer verilməmişdi.

Gender aparteidinin tanınmasına və məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqinə çağıran insan haqları fəalları BMT-ni Taliban hakimiyyətinə legitimlik qazandırmaqda və özünün qadın haqları ilə bağlı öhdəliklərinə xəyanət etməkdə günahlandırıblar.

"Beynəlxalq ictimaiyyət əfqan qadınların haqlarının qorunmasını təmin etmək və Talibanla hər hansı ünsiyyət zamanı ədalət və bərabərlik prinsiplərini əsas tutmaq üçün mənəvi öhdəlik daşıyır", - Əfqan Müstəqil İnsan Haqları Komissiyasının (AIHRC) keçmiş sədri Sima Səmər vətəndaş cəmiyyəti qurumlarının qlobal alyansı CIVICUS-a belə deyib.

"Gender aparteidini elə bu gün bitirin"

İnsan haqları qurumları Taliban kimi İrandakı klerikal rejimi də gender aparteidi rejimi adlandırırlar.

Nobel sülh mükafatı laureatı, mühacirətdə yaşayan iranlı insan haqları fəalı Şirin Ebadi "Gender aparteidini elə bu gün bitirin" adlı qlobal təşəbbüsü imzalayanlar arasındadır.

Beynəlxalq ictimaiyyətin onilliklər öncə Cənubi Afrikada aparteidə son qoyulması istiqamətində uğurlu səylərini önə çəkən hərəkat İranda qadınların bir çox təhsil və idman sahəsində, idman tədbirlərində iştirakına, habelə ərlərinin icazəsi olmadan pasport almalarına və ya ölkə xaricinə çıxmalarına qadağa qoyulub.

Hərəkat özünün dəstək çağırışında bildirir ki, İran hökumətinin məqsədi qanunlar sistemi vasitəsilə qadınların kişilərə və dövlətə itaətini təmin etməkdir. Sənəddə deyilir ki, zorakılıq zorakılığa, həbslərə və ölümlərə yol aça bilər.

"İran İslam Respublikasının və Əfqanıstanda Taliban hakimiyyətinin yaratdığı durum, sadəcə, cinsiyyət ayırımçılığı halları deyil. Bu sistemlər hakimiyyəti zəbt etmək üçün qadınları insan saymamaqla və repressiyaya məruz qoymaqla onlara qarşı daha ifrat, sistematik və struktur savaşları aparır", - hərəkatın dilə gətirdiyi sözlərdir.

XS
SM
MD
LG