Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:05

'Coca-Cola' Özbəkistana necə kömək etdi


"Coca-Cola" şirkəti Özbəkistana SSRİ-nin dağılmasından cəmi iki il sonra gəlib.
"Coca-Cola" şirkəti Özbəkistana SSRİ-nin dağılmasından cəmi iki il sonra gəlib.

Təqribən 20 il bundan əvvəl Özbəkistan hökuməti "The Coca-Cola Company"nin yerli müəssisəsini ABŞ vətəndaşlarından alıb. AzadlıqRadiosunun (RFE/RL) apardığı araşdırma şirkətin bu proseslə bağlı yaranacaq hüquqi problemlərdən xəbəri olduğunu üzə çıxarıb. Hazırda Özbəkistan şirkət üzərindəki nəzarətini satmaq qərarına gəlib. Özbəkistan bunun ən iri və cəlbedici sərmayə hərracı olacağına ümid edirdi. Ancaq araşdırma nəticəsində üzə çıxan, əvvəllər heç vaxt açıqlanmamış sənədlər məsələyə çoxlu qeyri-müəyyənlik gətirib.

Prezidentin kürəkəninin şirkəti

"Coca-Cola"nın dəyəri on, bəlkə də yüz milyonlarla dollar olan bu müəssisəsi 34 milyon əhalisi olan ölkədə spirtsiz içki bazarının yarıya qədərinə nəzarət edir. Dövlətin öz payını satması ona təkcə pul gətirməyəcək. Bu addım həm də Özbəkistanın korrupsiya girdabında üzən sərmayə bataqlığından çıxıb gəlirli yeni bazara çevrildiyi təsəvvürünü yaratmalıdır. Ən azı, hökumətin gözləntisi budur.

Bu qərar artıq bəzi şübhələrə yol açıb: hökumətin açıq şəkildə potensial alıcıları dəvət etməsindən cəmi bir neçə həftə sonra-ötən ilin dekabrında ölkənin antikorrupsiya agentliyi prosesin qüsurlu olduğunu bildirib və onun ləğvini tələb edib. Ancaq sonra dərhal bu bəyanatı geri götürüb. Hərracda iştirak edənlərin qısa siyahısına prezident Şövkət Mirziyoyevin kürəkəni ilə bağlı olan bir şirkət də daxildir.

"Coca-Cola"
"Coca-Cola"

Radionun araşdırması şirkətin Özbəkistandakı fəaliyyətinin 20 illik tarixinə yenidən işıq salır. Bu tarixin içində mərhum diktator İslam Kərimovun hazırda həbsdə olan qızı Gülnarə Kərimova da, Vaşinqtonda yerləşən güclü bir lobbi şirkəti də, ABŞ konqresmenləri də var.

Şirkətin hər şeydən xəbəri olub

2000-ci illərin əvvəllərində Özbəkistan hökuməti Nyu-Cersidə yaşayan Maqsudi ailəsinin payını əldə edib. Araşdırma zamanı tapılmış e-mail-lər və digər sənədlər şirkət rəhbərlərinin bu addımdan və onun doğura biləcəyi hüquqi məsuliyyətdən xəbərdar olduğunu üzə çıxarıb.

Sonradan hökumət həmin payı tanınmayan bir ABŞ şirkətinə dəyər-dəyməzinə satanda "Coca-Cola" rəsmiləri hər şeyi bilsələr də, bundan narahat olmayıblar. Sonradan həmin ABŞ şirkətinin Kərimovun böyük qızı Gülnarə ilə bağlı olduğu üzə çıxıb. Kərimova hazırda Daşkənd həbsxanasında saxlanılır. Ona qarşı irəli sürülən çoxsaylı ittihamlardan biri də "Coca-Cola"ya nəzarəti qanunsuz yollarla ələ keçirməsidir.

ABŞ-da Kərimova rüşvətxorluq və korrupsiyada ittiham olunur. Ancaq bu ittihamlar, əsasən, telekommunikasiya şirkətləri ilə bağlıdır. Bundan başqa, ABŞ-ın Xəzinədarlıq Departamenti ona qarşı sanksiyalar tətbiq edib.

Gülnarə Kərimova
Gülnarə Kərimova

Maqsudi ailəsi

Özbək əsilli amerikalı Maqsudi ailəsi məhkəmə şikayətini ya ABŞ-da, ya da başqa bir yerdə təqdim etməyi planlaşdırdığını deyib.

"Coca-Cola" şirkəti Özbəkistana SSRİ-nin dağılmasından cəmi iki il sonra gəlib. 1993-cü ildə "Coca-Cola" şirkətinə aid "Coca-Cola Export Corporation" Özbəkistanda üçtərəfli müştərək şirkət kimi sərmayə yatırmağa razılıq verir. Onun digər iki tərəfdaşı Özbəkistanın rəsmi qida sənayesi birliyi olan "Uzpişeprom" və vergi cənnəti olan Kayman adalarında qeydiyyatdan keçmiş "Roz Trading" şirkəti idi.

"Roz" Əfqanıstanla tarixi bağları olan etnik özbək Maqsudi ailəsinin üzvlərinə aid idi. Ailənin əsas hissəsi 1970-ci illərdə ABŞ-a köçmüşdü. Uğurlu və nüfuzlu biznesmen olan ata Əbdül Maqsudi isə ta 1979-cu ildə baş vermiş sovet müdaxiləsinə qədər Əfqanıstanda qalmışdı.

Müştərək şirkətin yaradılmasından iki il əvvəl Maqsudinin oğullarından biri, Mənsur Kərimovun böyük qızı Gülnarə Kərimova ilə evlənir.

Mənsur (soldan ikinci) və Fərid (sağda) Maqsudi Daşkənddə "Coca-Cola" zavodunda
Mənsur (soldan ikinci) və Fərid (sağda) Maqsudi Daşkənddə "Coca-Cola" zavodunda

İllik gəlir 100 milyon dollardan çox

"Coca-Cola Bottlers Uzbekistan Ltd." adlandırılan şirkət uğurlu olur. 2000-ci ildə illik satış səviyyəsi 100 milyon dolları aşan şirkət Mərkəzi Asiyada ən iri içki zavodu idi. Ancaq 2001-ci ildə cütlük arasında münasibət pisləşib. Dava-dalaşdan sonra Kərimova onların iki övladını götürüb ABŞ-dan Daşkəndə uçub.

Maqsudilər yaşadıqları Nyu-Cersi ştatında məhkəmə işi qaldıraraq Kərimovanı uşaqları oğurlamaqda ittiham ediblər.

Özbəkistanın daxili təhlükəsizlik idarəsi Maqsudilərin Daşkənddəki qohumlarını, "Coca-Cola" zavodunun işçilərini və ailənin Daşkənddəki ofisinin əməkdaşlarını narahat etməyə başlayıb. Mənsurun əmisi də daxil olmaqla, ailənin üç üzvü həbsə atıldı. Sonradan onların daha bir əməkdaşı həbs olunub. Şirkətin üç yüksəkvəzifəli şəxsi ölkədən qaçmalı olub. "Coca-Cola Bottlers Uzbekistan"ın işi dayandırılıb.

Maqsudilərin 20-dən çox qohumu saxlanıb

2001-ci il dekabrın 24-də özbək təhlükəsizlik qüvvələri Maqsudilərin Daşkənd və ətrafında yaşayan 20-dən artıq qohumunu saxlayıb. Bura qadınlar, uşaqlar və bir yaşlı nənə də daxil idi. Onları maşınla 15 saat ərzində Əfqanıstan sərhədinə aparıb orada buraxaraq geri qayıtmamağı tapşırıblar.

2001-ci il sentyabrın 11-də, yəni, Kərimovanın övladları ilə birlikdə Daşkəndə uçmasından cəmi altı həftə sonra ABŞ-a terror hücumu baş verəndə ABŞ-ın Mərkəzi Asiyadakı prioritetləri qəfildən dəyişir. Prezident Corc Buş administrasiyası Kərimovu bir keçmiş hərbi bazanı və ölkənin hava məkanını Əfqanıstandakı əməliyyatlar üçün ABŞ qüvvələrinin istifadəsinə verməyə razı salır.

Bu illər ərzində şirkət ətrafında çoxsaylı məhkəmə çəkişmələri ilə müşayiət olunan qalmaqal davam edib. Maqsudilər hələ də şirkətin 55 faizinə nəzarətin, qanuna görə, onlara aid olduğunu deyirlər. Ölkəyə xarici investisiyanın axmasında maraqlı olan, islahat vədləri verən, lakin ölkəni hələ də, əsasən, avtoritar və qeyri-şəffaf üsullarla idarə edən Mirziyoyev hökuməti dövründə isə prosesə yeni özəlləşdirmə təşəbbüsləri, tenderlər, yeni oyunçular və maraqlı tərəflər əlavə olunub. Şirkət bu gün də yüksək gəlir gətirməkdədir.

XS
SM
MD
LG