Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:45

Bələdiyyə seçkiləri gecikir, MSK izahat vermir


Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib.
Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib.

Azərbaycanda bu ilin sonunda bələdiyyə seçkiləri keçirilməli olsa da, hələ tarixi açıqlanmayıb. Mövcud qanunvericiliyə görə, seçkilər səsverməyə azı 60 gün qalmış elan edilməlidir. Amma Mərkəzi Seçki Komissiyası (MSK) onun tarixi ilə bağlı, hələlik, heç bir açıqlama verməyib.

Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyəti 5 ildir və bu müddətdən gec olmayaraq seçki keçirilməlidir.

Üstəlik, bu il bəzi bələdiyyələrin birləşdirilməsi ilə bağlı qanun layihəsi də hazırlanıb. Milli Məclisin birinci oxunuşda qəbul etdiyi layihəyə əsasən, Azərbaycanda 1 min 400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində onların ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulub.

Ceyhun Məmmədov
Ceyhun Məmmədov

"Bu gün bütün diqqət tədbirin yüksək səviyyədə keçirilməsinə yönəlib"

MSK-dan növbəti bələdiyyə seçkilərinin tarixinin indiyə kimi açıqlanmamasına münasibət almaq cəhdlərimiz nəticə verməyib. Amma Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov da "Turan"a bildirib ki, bu kimi məsələlər qanunvericiliyə əsasən öz həllini tapmalıdır.

Deputat xatırladır ki, bugünlərdə (11-22 noyabr) Azərbaycanda böyük beynəlxalq tədbir - COP29 keçiriləcək: "Bu gün bütün diqqət tədbirin yüksək səviyyədə keçirilməsinə yönəlib".

Onun dediyinə görə, sözügedən məsələyə yaxın günlərdə tam aydınlıq gətiriləcək: "COP29-a görə parlament seçkiləri önə çəkildi, bələdiyyə seçkiləri ilə bağlı isə bugünlərdə ictimaiyyətə geniş və ətraflı məlumat veriləcək".

Bu il ölkədə parlament seçkiləri də payızda keçirilməli idi. Amma hakimiyyət BMT-nin İqlim Konfransının (COP29) noyabrda Bakıda keçiriləcəyini səbəb göstərərək onun sentyabrın 1-də gerçəkləşməsinə nail oldu.

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

"Bu özü pozuntudur"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı AzadlıqRadiosuna bildirib ki, bələdiyyə seçkilərinin 5 ildən gec keçirilməsi Seçki Məcəlləsinin tələblərinin pozulması deməkdir: "Ötən bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirildiyinə görə bu il həmin tarixdə bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır. Ona görə də seçkilər bu tarixə qədər keçirilməli idi və seçkilərin tarixi oktyabrın 24-dən gec olmayaraq təyin olunmalı idi. Amma bu, baş vermədi və bu özü pozuntudur".

B.Süleymanlı burada təəccüblü heç nə görmədiyini söyləyir: "Mərkəzi Seçki Komissiyası özü bu səlahiyyətləri icra edə bilmir. O, administrasiyadan siyasi qərar gözləyir. Təbii ki, bu qərar olmadığına görə də onlar müvafiq açıqlamalar verə bilmirlər".

Ekspertin fikrincə, burada COP29-un keçirilməsi ciddi rol oynayır: "Necə ki, COP29-a görə parlament seçkilərini tezləşdirdilər, buna görə də COP29 dövrünə düşdüyünə görə bələdiyyə seçkilərini saxlayıblar. Amma ən azından bir açıqlama olmalı idi ki, bu seçkilər nəyə görə keçirilmir".

O vurğulayır ki, qanunvericilikdə seçkilərin hansı səbəblərdən təxirə düşə biləcəyi ilə bağlı konkret hallar göstərilib: "Bugünlərdə bunların heç biri olmadığına görə seçki keçirilməli idi. Amma keçirilmir və bu, siyasi qərardır. Yəqin ki, COP-dan sonra seçkiləri təyin edəcəklər".

Bəzi hüquqşünaslar hesab edir ki, məsələnin hüquqi-siyasi məsuliyyəti Milli Məclislə yanaşı, Konstitusiya Məhkəməsinin də üzərinə düşür. Amma bu məsələ ilə bağlı, hələlik, Konstitusiya Məhkəməsindən şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG