Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:39

Əliyevdən Qərbə 'siyasi riyakarlıq' ittihamı. 'Nadir hallarda COP-da açılış nitqlərində...'


İlham Əliyev COP29 sammitində
İlham Əliyev COP29 sammitində

Bu həftə Bakıda başlanan COP29 BMT iqlim konfransında baş verənlərdən, ölkə prezidentinin ittihamdolu açılış nitqindən, tədbirə gələnlərdən və gəlməyənlərdən danışırıq.

Noyabrın 11-də Bakıda təxminən bir ildir ölkə gündəmini məşğul edən COP29 BMT iqlim dəyişikliyi konfransı başladı. Ötən ilin dekabrında Azərbaycan bu tədbirə ev sahibliyini əldə edənədək "COP" sözü bir çoxlarına tanış deyildi. Hakimiyyət təmsilçiləri isə hələ COP29-dan aylar öncə Qərb mediasının ölkəyə qarşı feyk-xəbər, dezinformasiya yaydığını iddia edirdi. Elə prezident Əliyev COP29-un açılışında da oxşar fikirləri dilə gətirərək deyib ki, Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra "biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik".

Prezident bəzi Qərb ölkələrinin siyasətçilərini, dövlətin nəzarətindəki QHT-ləri, yalan xəbər mediasını siyasi riyakarlıqda ittiham edib.

Bu həftə Qərb mediasında Azərbaycanla bağlı məqalələrin başlıqlarından bəzilərinə nəzər salaq: "Neft ölkəsi niyə bu il iqlim dəyişiklikləri konfransına ev sahibliyi edir?" (The New York Times), "Müxalifət deyir ki, Azərbaycan COP29-dan korrupsiyanı yumaq üçün yararlanır" (The Times), "Kim düşünür ki, neft ölkəsi Azərbaycan COP keçirməyə tam uyğun gəlir? Azərbaycan" (SkyNews). Yaxud "Politico" yazır ki, "COP iqlim konfranslarının açılış nitqlərində nadir hallarda belə açıq və amansız hücumlar, ev sahibi ölkənin mədən yanacağını belə açıq müdafiə etməsi baş verir".

Bu siyahını uzatmaq olar. COP29 öncəsi bəzi insan haqları təşkilatları bu tədbiri boykota da çağırırdılar, amma prezident Əliyev onlara "pis xəbər" çatdırdı - 196 ölkədən 72 min qonağın qeydiyyata alındığını, onların içində 80 ölkə liderinin olduğunu dedi. Ancaq ABŞ, Fransa, Almaniya, Çin, Hindistan və bir sıra digər ölkələrin rəhbərləri Bakıya gəlmədi.

Cavid Qara
Cavid Qara

İqlim öhdəlikləri və 1 trilyon dollar...

COP29-da iştirak edən ekofəal Cavid Qara AzadlıqRadiosuna deyib ki, bu çağırışlar nə qədər əsaslı olsa da, nəyəsə nail olmaq niyyəti güdmür, bəzi ölkələrin öz öhdəliklərindən yayınmaq üçün bəhanə axtarmasına bənzəyir: "Bu onlara əsas verir ki, tədbirə qatılmamağı əsaslandırsınlar. Nəticədə öhdəliklərdən bir il də yayınmış olurlar. Növbəti tədbirlərdə başqa bəhanələr çıxa bilər, çünki bu ölkələrdən toplam 1 trilyon dollar gözlənilir. Bu rəqəm az deyil, böləndə belə onlara çox düşür. Bundan yayınmaq üçün istənilən fürsətdən yararlanırlar".

Builki iqlim konfransında atmosfer tullantılarını sıfırlamaq üçün yeni maliyyə hədəfi qoyulmalıdır. Bu niyyətə 0.9-1.2 trilyon dollar gərəkə biləcəyi bildirilir. 2009-cu ildə müəyyən edilmiş 100 milyard dollarlıq hədəfə yalnız 2022-ci ildə çatılıb. 2015-ci ildə imzalanmış Paris Sazişi 2030-cu ilədək qlobal istiləşməni 1.5-2 dərəcə həddinə endirməyi nəzərdə tutub. Ancaq bu il planetin havası 1.3 dərəcə istiləşib.

Prezident Əliyev COP29-da açılış nitqində deyib ki, Azərbaycan qlobal neft hasilatında 0.7 faiz, qlobal qaz hasilatında isə 0.9 faiz paya malikdir. O, ölkənin qlobal qaz atılmalarındakı payının cəmi 0.1 faiz olduğunu vurğulayıb.

Bəs, gerçək durum necədir? Ekoaktivist C.Qara Azərbaycanın götürdüyü iqlim öhdəlikləri ilə bağlı heç bir proqres hesabatları vermədiyini deyir: "Hazırda Azərbaycan hələ də sıfır emissiya hədəfini açıqlamayıb, qarşıdakı günlərdə açıqlayacağı gözlənilir. İndən sonrakı emissiyalar sırf iqtisadi səbəblərdən aşağı düşə bilər. Çox ambisiyaları, sürətli keçid gözləmək sadəlövhlük olardı. Elektrik enerjisi istehsalı, sənayenin bəzi sahələrində, nəqliyyatda emissiyalar müəyyən qədər azala bilər. Amma Azərbaycandan indiki mərhələdə çox detallı, incə elektrikləşmə, dekarbonizasiya gözləmək sadəlövhlük olardı".

C.Qara Azərbaycanın neft-qaz ölkəsi olaraq bu sahəyə yatırım cəlbində çətinliklərin fərqində olduğunu, COP29-da məqsədin də Azərbaycanın enerji keçidində mövqeyini ortaya qoymaq, bərpaolunan enerji sahəsinə yatırımlar cəlb etmək olduğunu vurğulayır.

Yeri gəlmişkən, rəsmilər qeyri-neft sektorunda artımdan danışsalar da, ölkə iqtisadiyyatı, əsasən, neft və qaz hasilatından asılıdır. 2022-ci ildə ölkə ÜDM-sinin təxminən yarısı, ixrac gəlirlərinin 92.5 faizini təşkil edib.

COP29 sammitinin iştirakçıları
COP29 sammitinin iştirakçıları

Kimlər gəldi, kimlər getdi

COP29 hələ noyabrın 22-dək davam edəcək, bir sıra ölkələrin təmsilçiləri ölkəyə gəlməkdədir. Fransanın ətraf mühit naziri gələn həftə tədbirə qatılmaqdan imtina edib. Buna Azərbaycan prezidentinin "qəbuledilməz" hücumları səbəb olub. Əliyev noyabrın 13-də COP29-dakı çıxışında Fransanı Yeni Kaledoniya daxil, dənizaşırı ərazilərdə cinayətlər və insan haqları pozuntularında ittiham edib.

AzadlıqRadiosu COP29 konfransının keçirildiyi vaxtda ekoloji problemlərlə bağlı silsilə yazılar və reportajlar hazırlayır. COP29-a qonaqların gəlişindən ən çox elə hakim ailəyə məxsus otellərin və prezidentin keçmiş kürəkəninin qazanması (Həftəsi 18 minlik otel: COP29-da Bakıya gələn qonaqlardan ən çox kimlər qazanacaq?), 50-dən çox ölkənin imtina etdiyi şifer örtüklərin xərçəng yaratması (Xərçəng yarada bilən şiferlər: 50 ölkə imtina edib, bəs Azərbaycan?), Bakıda göydələnlərin tikintisi zamanı yaşıllıqların qırılması ('Rüşvəti ver, istədiyin qədər kəs' - Bakıda göydələnlərə qurban edilən ağaclar) haqda videoreportajları həm vebsaytımızdan, həm də sosial media səhifələrimizdən izləyə bilərsiniz.

Bu arada Bakı və Yerevanın transsərhəd çaylardan istifadə sxemini hazırlaması barədə xəbər yayılıb. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi noyabrın 12-də öz X hesabında yazıb. Azərbaycan adətən bir sıra transsərhəd çayların qonşu ölkələr tərəfindən çirkləndirildiyini bildirir.

Media azadlığı qorunurmuş...

Və sonda. Prezidentin köməkçisi Hikmət Hacıyev COP29 konfransı çərçivəsində AzadlıqRadiosu müxbirinin suallarını da cavablandırıb, ölkədə media azadlığının qorunduğunu, jurnalistlərin peşə fəaliyyətinə görə təqib olunmadığını deyib.

Təkcə H.Hacıyev deyil, iqlim konfransına qatılan bir sıra hakim partiya təmsilçiləri AzadlıqRadiosu müxbirlərinə deyiblər ki, ölkədə siyasi motivli həbslər yoxdur, konkret cinayətlər məhkəmələrdə araşdırılır. Ancaq yerli və beynəlxalq insan haqları qurumları ölkədə azı 300 nəfərin siyasi motivlərlə həbsdə olduğunu deyirlər. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də son bir ildə saxlanılan azı 10 həmkarı ilə birlikdə pul qaçaqmalçılığında və digər iqtisadi cinayətlərdə ittiham olunur. Jurnalistlər və oxşar ittihamlarla həbsə atılmış siyasi fəallar bunları qurama sayır.

Kim kimə master-klas keçdi...

H.Hacıyevdən söz düşmüşkən, o, müxbirin tədbirin adını düzgün səsləndirmədiyini deyərək ona irad tutub. Bir sıra hakimiyyətyönlü media isə bunu prezidentin müşavirinin jurnalistə master-klas keçməsi kimi təqdim etdi. O media ki dövlət qurumlarının göndərdiyi pres-relizləri elə olduğu kimi dərc edir, xəbərin məğzi anlaşılmır. Axı, yığcam və anlaşıqlı bir xəbərin yazılmasına həm bəlli vaxt, həm də peşəkar jurnalistika bacarıqları tələb olunur. Bakıda milli musiqi sədaları altında keçirilən tədbirə gəlincə, nəinki dünyanın bir sıra aparıcı media orqanları, elə BMT-nin özü də COP29-u qısaca belə adlandırır: "BMT-nin iqlim konfransı"... Görünür, jurnalistikada peşəkarlıq həm də "Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası"nı "COP29 iqlim konfransı" formasında yazmaqdır.

XS
SM
MD
LG