Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:30

Doktor Fauci: ‘Dünyaya bir yox, çox sayda vaksin növü lazımdır’


Anthony Fauci
Anthony Fauci

Koronavirusa üstün gələ bilmək üçün dünyanın bir yox, birdən çox vaksin növünə ehtiyacı var.

ABŞ-ın əsas infeksiyalar eksperti Anthony Fauci-nin bu sözləri bütün dünya boyunca əczaçılıq şirkətlərinin koronavirus vaksini yaratmaq yarışında olduqları bir vaxtda səslənib:

“Mən istərdim ki, finiş xəttinə bir yox, bir neçə vaksin çıxa bilsin. Dünyanın birdən çox vaksinə ehtiyacı var”.

Hazırda Pfizer Inc., AstraZeneca Plc, Moderna Inc. və onlarca başqa məşhur bioəczaçılıq şirkəti və alim qrupları COVID-19-a qarşı təhlükəsiz və effektli vaksini yaratmağa çalışırlar.

Bütün dünyada 10 milyon 500 min yoluxmanın qeydə alındığı bir vaxtda bu şirkətlərin üzərində tələsmələri üçün böyük təzyiqlər var.

ABŞ Milli Allergiya və İnfeksion Xəstəliklər Mərkəzi rəhbərinin fikrincə çox sayda vaksin növünün olması həm də dünya boyunca lazım olacaq milyardlarla dozanın istehsal oluna bilməsi üçün gərəklidir.

Bəzi əczaçılar daha uzun müddətdə immuniteti təmin edən və saxlanması üçün böyük soyuducu anbarlara ehtiyacı olmayan vaksin yaratmaq istəyirlər.

Lakin bu işdə gözlənilməz uğursuzluqlar, məyusluqlar da baş verə bilər.

Vaksin yarışının liderləri

Hazırda vaksin marafonunun önündə gedən Oksford Universitetinin AstraZeneca şirkəti ilə birlikdə hazırlamağa çalışdığı zərdabdır.

Bu vaksindən nə gözlədiyi barədə suala cavab verərkən doktor Fauci deyib:

“Əgər bu yarışda hələki irəlidəsənsə, daha çox ehtiyatlı olmaq lazımdır ki, yaradılan vaksin işə yarasın”.

İyulun 1-də Pfizer və onun almaniyalı partnyoru BioNtech SE şirkəti yaratdıqları eksperimental vaksinin bəzi ilkin uğurları barədə bəyanat veriblər.

Lakin ABŞ Qida və Dərman Administrasiyasının son xəbərdarlığı nikbinliyi bir qədər azaldıb.

Qurum bildirib ki, hər hansı vaksinin kütləvi dövriyyəyə buraxılması üçün onun ən azı 50 faiz effektiv olması tələb ediləcək.

Bloomberg yazır ki, məhz bu xəbərdarlıq ilk vaksin iynəsinin vurulmasını gələn ilin əvvəllərindək ləngidə bilər.

Təkcə Qərbdə yox, həm də Şərqdə

Koronavirusa qarşı vaksin yarışı təkcə Qərbdə yox, həm də Şərqdə gedir.

Hindistanın dərmanlara dövlət nəzarət qurumu Zydus Cadila şirkətinə eksperimental vaksininin I və II fazasına icazə verib. II fazada vaksinlərin insan üzərində təcrübələri başlanır.

Hindistan bundan əvvəl Heydərabadda yerləşən Bharat Biotech şirkətinin COVAXIN preparatının sınaqlarına icazə verib.

Koronavirusa qarşı vaksinin yaradılmasını mürəkkəbləşdirən əsas amil onun yeni virus növü olmasıdır. Buna görə də vaksin yaradılması yarışına bu qədər çox qüvvələr qoşulub.

Təkcə Hindistanda hazırda 17 vaksin sınaqdan keçirilir.

Milyonlarla doza, milyonlarla dollar

Dünya Səhiyyə Təşkilatı (DST) ötən həftə bildirmişdi ki, AstraZeneca şirkətinin vaksini ehtimalən bu yarışın lideridir.

Britaniya şirkəti artıq vaksinin insan üzərində geniş sınaqlarına başlayıb.

İyulun ortalarında ABŞ-ın Moderna şirkətinin hazırladığı vaksinin təcrübələrin III və sonuncu fazasına daxil olacağı gözlənilir.

Çin hərbiyyəsi CanSino Biologics şirkətinin eksperimental vaksininin sınaqdan çıxarılmasına icazə verib.

Ad5-nCoV - Çin şirkətlərinin üzərində işlədiyi 8 vaksindən yalnız biridir.

Ekspertlər bildirirlər ki, sözü gedən şirkətlər bu vaksinlərdən potensial olaraq milyonlarla dollar qazana bilərlər. Lakin milyonlarla insanın xilası üçün nəzərdə tutulan vaksinlər ilkin mərhələdə kifayət həcmlərdə istehsal və təchiz olunmaya bilər.

Ekspertlər deyirlər ki, həm də elə buna görə dünyanın bir yox, çox sayda vaksin növünə ehtiyacı olacaq.

XS
SM
MD
LG