Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:28

'Vüsal Ələkbərov işi': Zərərçəkənlər daha bir generalın həbsini istəyir


"MTN işi". İllüstrasiya. Gündüz Ağayev.
"MTN işi". İllüstrasiya. Gündüz Ağayev.

Şikayətçilər MTN-nin İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin keçmiş rəisi, hazırda həbsdə olan polkovnik Vüsal Ələkbərovun işi üzrə zərərçəkən kimi tanınsalar da, MTN-in İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevin də həbsini tələb edirlər.

Ləğv olunmuş MTN generallarının təzyiqiylə üzləşdiyini, pullarını əllərindən almaqdan ötrü qanunsuz həbs olunduğunu söyləyən bir qrup adam Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. Şikayətçilər MTN-nin İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin keçmiş rəisi, hazırda həbsdə olan polkovnik Vüsal Ələkbərovun işi üzrə zərərçəkən kimi tanınıblar. Amma MTN-in İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevin də həbsini tələb edirlər. Vaxtilə “Texnikabank”da böyük məbləğdə əmanət saxlayan bu zərərçəkənlər MTN-də bankla bağlı istintaq araşdırmalarının hədəfinə çevrilib. Zərərçəkənlər iddia edirlər ki, bankda əmanətləri üzə çıxandan sonra Mövlan Şıxəliyev də pulları əllərindən almaq üçün onları hədələyib, qanunsuz həbs edənlər arasında olub.

Buna da bax:​ General zərərçəkənləri 'leşyeyən qarğa' adlandırdı

“Günahımız nə idi ki, Vüsal Ələkbərov və Mövlam Şıxəliyev həm son qəpiyə qədər pullarımızı aldı, həm də bankdakı əmanətlərimiz batdi?

Bizə dəymiş maddi ziyanın Vüsal Ələkbərov və Mövlam Şıxəliyev tərəfindən ödənilməsinə, eləcə də istintaqdan yayınan Mövlam Şıxəliyevin cinayət məsuliyyətinə cəlb edilməsinə qəti göstəriş verməyinizi ailələrimiz və doğmalarımız adından xahiş edirik”, - MTN zərərçəkənləri birinci vitse-prezidentə belə yazırlar.

Şikayətçilər məktubda onların hansından nə qədər pul alındığını da açıqlayırlar.

Buna da bax: 'Vüsal Ələkbərov işi': 'Qürurunuz olsun, pulumuzu qaytarın!'

Xatırlatma

2015-ci ilin oktyabrında MTN ətrafındakı olaylardan sonra nazirliyin 21 keçmiş əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Hazırda 19 nəfər həbsdədir. Cinayət məsuliyyətinə cəlb olunanlardan birinin – general-mayor Natəvan Mürvətova barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. O öz evindən məhkəməyə gedib-gəlir. Daha bir nəfər - polkovnik İlqar Əliyev həbsindən təxminən iki ay sonra Bakı istintaq təcridxanasında intihar edib.

Generallar da daxil, keçmiş MTN-çilərə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax:​ MTN-in ev dustağı olan qadın generalı: 'Rədd olun buradan!'

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG