Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:05

Milan prokurorluğunun ‘Azərbaycan mənşəli pulları’ araşdırdığı xəbər verilir


Danske Bankın Estoniya filialı
Danske Bankın Estoniya filialı

İtaliya mətbuatının yazdığına görə, Milan şəhərinin prokurorluğu Danimarkanın Danske Bank-ının araşdırılmasına başlayıb.

Beləliklə, İtaliya Avropanın ən iri maliyyə təsisatlarından olan bu bankın fəaliyyətinin araşdırıldığı ölkələrin sırasına qoşulub.

Danske Bank-ın dünya mediasında tarixin ən böyük çirkli pul yuyulması qalmaqalı adlandırılan bəzi fəaliyyətləri indiyədək Danimarkada, Estoniyada, Birləşmiş Krallıqda və ABŞ-da təhqiq olunur.

İtaliyada çıxan “Il Sole 24 Ore” qəzeti xəbər verir ki, Milan prokurorluğu Danimarka hakimiyyət orqanlarından mənşəyi Azərbaycan olan vəsaitlərə aid məlumatları istəyib.

Qəzet yazır ki, Milan prokurorunun müavinləri Adriano Scudieri və Elio Ramondini Danske Bank-ın Tallinn filialında açılmış 4 Britaniya qeydiyyatlı şirkətə aid hesabların arxasında duran şəxslərin aşkara çıxarılmasına çalışırlar.

Məqalədə deyilir ki, bu təhqiqat İtaliya siyasətçisi Luca Volontè-yə qarşı ittihamla nəticələnmiş başqa bir istintaqla paralel aparılır. Volontè ofşor şirkətlər və bank hesabları vasitəsilə mənşəyi Azərbaycan olan iri məbləğləri almaqda ittiham olunur.

Volontè-yə qarşı çirkli pulların yuyulması ittihamı üzrə işə xitam verilib, lakin prokurorlar bu məhkəmə qərarından apellyasiya şikayəti veriblər.

İtaliya siyasətçisinin Avropa Şurası Parlament Assambleyasının üzvü olduğu vaxtlarda Danske Bank vasitəsilə pullar aldığı iddia edilir. Bu da iddia olunur ki, Volonte bu pulların müqabilində Avropa Şurasında Azərbaycana dəstək təşkil etməli idi.

Məqalədə deyilir ki, Azərbaycanın AŞPA-dakı imicini yaxşılaşdırmaq səylərinə dair iddialara aid təhqiqat yazılarının ardınca AŞPA-nın 13 üzvü Azərbaycan hökumətindən hədiyyələr və rüşvət aldığına görə qurumdan xaric edilib.

Belə təhqiqat yazıları AzadlıqRadiosunda da dərc olunub.

Danske Bankın Estoniya filialının keçmiş rəsmilərinə qarşı bu əməliyyatda iddia edilən iştiraklarına görə cinayət işi qaldırılıb. Bu bankda açılmış hesablar Azərbaycandan və ofşor şirkətlərdən milyardlarla dolların Estoniya filialı vasitəsilə sərbəst axınına imkan verirdi. Estoniya filialı vasitəsilə sözü gedən vəsaitlər başqa ofşor şirkətlərə, Azərbaycan rejimini tərifləyən yüksək vəzifəli rəsmilərə və Avropa siyasətçilərinə ötürülürdü.

Milan prokurorları 5 şirkəti araşdırırlar

Hazırda Milan prokurorlarının araşdırdıqları şirkətlərin bir neçə bank və şirkətlərin mürəkkəb şəbəkəsi vasitəsilə 3 milyard dollar qəbul etdiyi iddia olunur. Bu bankların arasında Latviyanın ABLV bankının da olduğu bildirlir.

ABLV bankının habelə 17 Black şirkətinə pul tranşları edilməsində iştirakı iddia olunur. 17 Black şirkətinin Maltanın turizm naziri Konrad Mizzi-yə və baş nazir administrasiyasının rəhbəri Keith Schembri-yə aybaay haqq ödənməsi üçün açılmış iki şirkətdən biri olduğu iddia edilir.

“Il Sole 24 Ore” qəzeti hüquqi sənədlərə əsasən yazır ki, Milan prokurorlarının təhqiqatı altında olan 5 şirkət Azərbaycan, Estoniya, Latviya, Hollandiya və Lüksemburqdakı banklar vasitəsilə 24 şirkətdən 3 milyard dollar pul qəbul ediblər.

Qəzet yazır ki, şübhəli pullar Danske Bank, Ablv Bank və Baltikums Bankdan keçəndən sonra Çindən Dubaya, Almaniyadan Birləşmiş Ştatlara və İtaliyayadək müxtəlif ölkələrin 36 bankındakı hesablardan 94 şirkətə axıb.

Məqalədə qeyd edilir ki, sözügedən bankların bu pulların təbiətindən xəbərdar olduqlarını sübutsuz söyləmək mümkün deyil.

Həbslər davam edəcək

Bu da qeyd olunur ki, Danske Banka qarşı Danimarka məhkəməsi tərəfindən ittiham irəli sürülüb və dekabrın 19-da Estoniyada ilk həbslər həyata keçirilib.

Qəzetin yazdığına görə, Danimarka bankının Estoniya filialının 10 keçmiş rəsmisi spesifik olaraq Azərbaycandan, qismən də Gürcüstandan gələn pullarla bağlı həbs edilib. Estoniya hakimiyyət orqanları həbslərin davam edəcəyini bildirib.

Danske Bank ötən ilin sentyabrında bildirmişdi ki, Tallinndəki kiçik filialdan keçən nəhəng pullarla bağlı bankın şübhə doğuran 42 keçmiş əməkdaşı barədə məlumatı hüquq-mühafizə orqanlarına təqdim edib.

Qəzet yazır ki, həbs olunanların hamısı Estoniya vətəndaşlarıdır və Hermitage Capital şirkətinin təsisçisi və sahibi Bill Browder-in hakimiyyət orqanlarına verdiyi 26 nəfərlik siyahıda olanlardır.

“IlSole 24 Ore” yazır ki, The Danske Bank Danimarka, Estoniya, Britaniya və ABŞ-da araşdırılsa da, əslində bu bankla bağlı ilk təhqiqatlar bir neçə il əvvəl İtaliyada başlanıb.

Söhbət Luca Volontè, habelə Avropa Şurasının bir sıra başqa üzvlərinin Azərbaycanla iddia edilən maliyyə əlaqələrinin Milan prokurorluğu tərəfindən araşdırılmasından gedir.

Azərbaycan tərəf indiyədək ölkədən böyük məbləğdə vəsaitin çıxarılaraq xaricdə lobbiçiliyə xərclənməsi iddialarını təkzib edib, deyilənləri ölkəni istəməyən xarici "qara qüvvələrin şantaj kampaniyası" adlandırıb.

XS
SM
MD
LG