Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:52

Hökumət: Ay alan, filiz saflaşdıran kombinatın səhmlərini satıram


«Daşkəsən Filizsaflaşdırma» ASC
«Daşkəsən Filizsaflaşdırma» ASC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 17-də «Daşkəsən Filizsaflaşdırma» ASC-nin dövlətdə olan bütün səhm zərfini (99.22 faiz) investisiya müsabiqəsinə çıxarıb.

TƏLƏB - 600 MİLYON MANAT SƏRMAYƏ

Elanda göstərilir ki, ƏMDK-ya xammaldan son məhsuladək istehsal zəncirini əks etdirən üçillik investisiya proqramı təqdim olunmalıdır. Söhbət ikitavr, künclük, şveller, pəstah, dəmir lövhə və poladdan hazırlanan digər məhsul istehsalından gedir. İnvestisiyanın həcmi, ən azı, 600 milyon manat olmalıdır.

Səhmləri alacaq şirkət dövlət büdcəsinə, azı, 110 milyon manat bonus ödəməyi öhdəsinə götürməlidir. Müsabiqə baş tutarsa, bu, Azərbaycanda özəlləşdirmə tarixində bir müəssisənin özəlləşdirməsindən əldə olunacaq ən yüksək pul vəsaiti sayılacaq. Məsələ bundadır ki, özəlləşdirmənin başlandığı 20 ildən bəri dövlət büdcəsinə daxil olan vəsait 600 milyon manatı keçmir.

Səhmdar cəmiyyətini özəlləşdirməyə «KPMG Azerbaijan Limited» şirkəti hazırlayıb. Göstərdiyi məsləhət xidmətlərinə görə qalib şirkət ona 160 min manat ödəyəcək.

PREZİDENT «QORDI DÜYÜNÜ»NÜ ÇÖZDÜ?

İki dəfə uğursuz özəlləşdirmə təcrübəsi yaşayan Daşkəsən filizsaflaşdırma kombinatına ilk iddianı 2013-cü ildə«Baku Steel Company» MMC (BSC) ortaya qoymuşdu. Müəssisə o zaman xarici sərmayəli «Det.Al Holding» şirkətindən hələ alınmamışdı. Kombinat holdinqin ixtiyarında ola-ola, BSC Avropa şirkətləri ilə müqavilə bağlamışdı. Müqaviləyə görə, Daşkəsən dəmir filizi xammalı əsasında polad məhsulları buraxan zavodlar kompleksi tikiləcəkdi.

Həmin ilin aprelində kombinat uğrunda gedən pərdəarxası savaşa prezident qeyri-adi çözüm tapdı. Əvvəlcə «Det.Al Holding» şirkətinin qalibi olduğu investisiya müsabiqəsinin nəticəsi tez-tələsik ləğv olundu. Ardınca - 2013-cü ilin aprelində özəyi «Daşkəsən Filizsaflaşdırma» ASC olan «Azərbaycan Polad İstehsal Kompleksi» QSC yaradıldı. QSC Daşkəsən və Gəncədə yeni qara metal emalı müəssisələrinin layihələndirilməsi və qurulması üçün xarici şirkətlərlə danışıqlar apardı. İki ildən çox vaxt ötsə də, danışıqlar nəticəsiz qaldı.

Bu ilin yayında prezidentin qəfil qərarı ilə «Daşkəsən Filizsaflaşdırma» ASC üçüncü dəfə özəlləşdirməyə çıxarıldı.

EKSPERT: «VERGİ GÜZƏŞTLƏRİ OLMALIDIR»

İqtisadçı Natiq Cəfərli deyir ki, metallurgiya sektorunda çalışan nüfuzlu xarici sərmayədarların bu müsabiqəyə qatılması üçün onlara bəlli preferensiyaların (ayrıca güzəştli şərtlərin – red.) vəd olunması tələb olunur:

«Beynəlxalq reytinq cədvəllərində heç də yaxşı mövqelərə sahib olmayan Azərbaycanın strateji sənaye müəssisələrinin özəlləşdirilməsinə xarici investorların cəlbi üçün onlara müddətli vergi güzəştləri verilməsi doğru addım olardı. İrihəcmli sərmayə yatırımları, idxalı əvəzləyən məhsulların istehsalı və yeni iş yerlərinin açılması hökumətin özəlləşdirmə siyasətində öncəlikli məsələ olmalıdır».

İNVESTORU BELƏ AXTARMAZLAR

İqtisadçı Nazim Bəydəmirlinin fikrincə, xarici investorlar ölkədə indən belə aparılacaq özəlləşdirmə prosesi haqda daha çox məlumatlandırılmalıdırlar. O, AzadlıqRadiosuna deyib ki, yerli mediada, yalnız Azərbaycan dilində yerləşdirilən elanlarla beynəlxalq metallurgiya nəhənglərini Azərbaycana gətirmək mümkün olmayacaq.

«2012-ci ildə Bakıda fəaliyyət göstərən qara metal emalı zavodlarının fəaliyyətinə qanunazidd müdaxilələr ölkədə bu sektorun inhisarlaşmasnı daha da dərinləşdirdi. Belə bir şəraitdə yerli xammal əsasında iri metallurgiya kompleksini qurmaq məqsədilə elan edilən investisiya müsabiqəsinin nəticəsi haqda bədbin fikirdəyəm. İndibu müsabiqədə qalib gələcək tək şirkət görürəm. O da «Baku Steel Company» MMC-dir»,- vaxtilə özünün də metallurgiya zavodu olmuş və BSC-nın təzyiqi ilə üzləşmiş N.Bəydəmirli belə düşünür.

Sonluqəvəzi: Bakıda 1.1 milyon ton qara metal məmulatı istehsal gücünə sahib 4 zavodu olan «Baku Steel Company» MMC-nin Daşkəsəndəki kombinatın özəlləşdirilməsinə qatılıb-qatılmayacağını direktor Süleyman Məmmədovun müşavirədə olması səbəbindən öyrənmək mümkün olmadı.

XS
SM
MD
LG