Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:57

Dayə, repetitor, tərcüməçi... vergiyə cəlb olunacaq


►Vergilər Nazirliyi büdcəni doldurmağa çalışır

Vergilər Nazirliyi fərdi peşə sahiblərini vergiyə cəlb etmək istəyir. Nazirlik hesab edir ki, dərzilər, sənətkarlar, repetitorluqla məşğul olan müəllimlər, tərcüməçilərlə bağlı vergiqoyma problemləri var.

28 yaşlı Həsən Ibadov ev təmiriylə məşğuldur. Təxminən 20 yaşından çörəyini ustalıqdan çıxarır. Peşəsini də peşə məktəbindən yox, təcrübəli ustalardan öyrənib:

“Divar boyası vururam, divar kağızı çəkirəm, suvaq vururam, amma “ilin 12 ayı işim var” deyə bilmərəm. Sifarişə bağlıyıq. İşi də gündəlik çalışmamıza görə yox, kvadrat metrinə görə danışırıq”.

“Bəs işim olmayanda?..”

2 uşaq atası olan Həsən İbadov aya orta hesabla 450-500 manat qazana bilir. O, sadələşdirilmiş vergiyə cəlb olunsa, regionda qeydiyyatda olduğu üçün gəlirinin 2 faizini, təxminən 10 manatını vergi kimi ödəyəcək. Ancaq vergiödəyicisi olaraq Həsən İbadov həm də el arasında “pensiya fondu” kimi tanınan dövlət sosial müdafiə fondunda qeydiyyata düşüb hər ay bəlli məbləğ ödəməlidir:

“Bəs işim olmayanda nə edəcəm? Axı elə olur ki, 2-3 ay işləmirsən, əvvəlki ayın qazancından yeyirsən. Ağdamda kənddə qeydiyyatdayam, amma iş üçün Bakida kirayədə qalıram. Gündən- günə Bakıda belə iş tapmaq çətinləşir”.

Buna da bax: Suriya türkmanları: "Raketlər yağış kimi yağır"

“Bəzi sahələrdə vergiqoyma zəifdir”

Vergilər nazirinin 1-ci müavini Natiq Əmirov bu yaxınlarda keçirilən mətbuat konfransında bildirib ki, onlar müxtəlif xidmət sahələrində və fəaliyyət növlərində vergiqoymaya fərdi yanaşmanın tətbiqi ilə bağlı layihə üzərində 3 ildir işləyirlər:

“Araşdırmalar göstərir ki, bəzi sahələrdə vergiqoyma zəifdir, çoxlu vergidən yayınma halları var. Dayələr, repetitorlar, şou-biznes nümayəndələri və digər sahələrdə gəlir və xərclərin uçotundan yaranan vergiqoyma problemləri mövcuddur”.

“Taksilər kimi olması gözlənir”

Vergilər Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı AzadlıqRadiosuna deyir ki, hələlik ortada konkret hər hansı təklif və ya konkret mexanizm yoxdur, ancaq patent sisteminə oxşar bir sistem olmalıdır:

“Yəni kiminsə qapısına düşmək lazım deyil. Taksilərdə indi necədir? 20 manat verib fərqlənmə nişanı alır və işini görür. Belə bir rahat sistem olmalıdır”, - müsahibimiz deyir.

Taksi fəaliyyəti göz qabağındadır. Bəs daha qapalı şəraitdə çalışan fərdi peşə sahibləri necə müəyyənləşdiriləcək? Vergilər Nazirliyindən deyirlər ki, hazırda bunun mexanizmləri üzərində iş gedir:

“Əvvəla yaddan çıxarmayaq ki, vergi orqanlarının nəzarət mexanizmləri var, cərimələr var. Kim böyük həcmdə cərimə ödəmək istəyər? Sadə və çox da böyük olmayan vergini isə hamı ödəyər. Bütün dünyada fərdi əməklə məşğul olanlar vergi ödəyir və çox sadə nəzarət mexanizmlərinə malikdirlər”.

Buna da bax: Bakıda çoxmərtəbəli bina yanır

“Ödədiyi vergi səmərəli xərclənəcək”

Vergilər Nazirliyində hesab edirlər ki, əsas başlamaqdır, sonra hər fərdi peşə sahibi buna qoşulacaq.

İqtisadçı Nazim Məmmədov nazirliyin vergi bazasını genişləndirməklə bağlı təşəbbüsünü alqışlayır, ancaq bu sistemin işləyəcəyinə şübhəsi var. Çünki, iqtisadçının fikrincə, əhalinin vergivermə mədəniyyəti yüksək deyil. O, hesab edir ki, əhalinin və üstəlik, müvəqqəti işləyənlərin və ya işsizlərin ləyaqətli həyat yaşaması üçün dövlətin sosial müavinətləri yetərli deyil. Bundan savayı, insanlar ödədikləri verginin doğru-dürüst xərclənməməsindən şübhəlidirlər, bundan başqa azmaaşlı məmurların həyat tərzinə baxaraq vergi ödəməkdən imtina edirlər. Müsahibimiz deyir, əhali görsə ki, ödədiyi vergi həqiqətən də səmərəli xərclənir, bu prosesdə könüllü iştirak edər.

Patent yolu ilə vergiyə cəlbetmə

“Əgər böyük holdinqlər qohum-əqraba prinsipi ilə nəhəng rəqəmli dövlət sifarişlərini yerinə yetirməyə davam edəcəksə, məmurların gəlir bəyannaməsi açıqlanmayacaqsa, vergi ödəmək mədəniyyətində irəliləyiş gözləmək olmaz,” - Nazim Məmmədov əlavə edir.

O, deyir ki, müxtəlif xidmət sahələrində çalışanları patent yoluyla, yəni birdəfəlik ödəmə ilə vergiyə cəlb etmək daha optimal yoldur. Belə ki, hər bir vergiödəyicisinin yanına bir vergi müfəttişi qoymaq çətindir.

“İri şirkətlər tam vergiyə cəlb olunsunlar”

Ancaq iqtisadçı fərdi peşə sahiblərinin vergiyə bir o qədər də böyük töhfə gətirməyəcəyini də hesablayır:

“Bununla belə yenə də fərdi işləyən adamlar dövlət büdcəsinin formalaşmasında iştirak etməlidirlər. Ancaq həm də onun tərəfdarıyam ki, iri şirkətlər tam vergiyə cəlb olunsunlar, məmur biznesi şəffaflaşdırılsın, arxasında oliqarx durmayan orta və kiçik sahibkarlığa imkan yaradılsın”.

Azərbaycanda, ümumilikdə, 360 mindən çox vergiödəyicisi var. Onların bir çoxu sadələşdirilmiş vergi ödəyicisidir.

XS
SM
MD
LG