Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:51

Depozit faizlərindən tutulan vergiyə dəyişiklik təklif edilir


'İnanmırıq' - Bağlanan bankların əmanətçiləri aksiya keçirdi
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

'İnanmırıq' - Bağlanan bankların əmanətçiləri aksiya keçirdi (Arxiv. 2020)

2016-cı ildə Azərbaycanda vətəndaşların banklarda saxladığı depozitlərə görə qazandıqları faizdən gəlir vergisi tutulması 7 illiyə durdurulmuşdu. Həmin vaxt Azərbaycan bank sektoru ciddi böhran içərisində idi. 2015-ci ildə baş verən iki devalvasiya ölkə banklarının yarısını sıradan çıxarmış, əhalinin banklara güvənini tükətmişdi. Həmin dönəmdə hökumət 7 il vergidən azad etməklə insanların öz vəsaitlərini kütləvi şəkildə banklardan çıxarmasının önünü kəsməyə çalışırdı. Bununla belə, 2015-2017-ci illərdə Azərbaycan banklarında saxlanılan depozitlərin həcmində 3 milyard manata yaxın azalma qeydə alınmışdı.

Bu il fevralın 1-də depozit gəlirlərinə tətbiq edilən vergi güzəştinin müddəti başa çatsa da, hökumət qərarın müddətini uzatmayıb. Bu üzdən, vətəndaşlar fevraldan bəri banklardakı vəsaitlərinə görə qazandıqları faiz gəlirlərindən 10 faiz gəlir vergisi ödəməli olur. Həmin vergi istər vətəndaşların müddətli depozitlərinə, istərsə müştərilərin bank kartlarında saxladığı vəsait üçün bankların ödədiyi faizlərə tətbiq edilir.

Yeni vergi hökumətə nə qədər gəlir gətirib?

2023-cü ilin iyulunda açıqlanmışdı ki, yeni qərarın tətbiqindən sonra - fevral – iyun aylarında 5 ay ərzində vətəndaşların banklarda saxladıqları depozitlərə görə qazandıqları faizlərdən 24 milyon manat vergi tutulub. Deməli, bu qərarın tətbiqi büdcəyə ayda 5 milyon manatdan çox gəlir qazandırıb. Bu, həm də o deməkdir ki, 5 ay ərzində vətəndaşlar banklarda saxladıqları vəsaitlərə görə təxminən 216 milyon manat gəlir götürüblər.

Unutmaq olmaz ki, Azərbaycanda sərvət bərabərsizliyi yüksək olduğundan banklarda saxlanılan depozitlərin də böyük bir bölümü müştərilərin kiçik bir qrupuna məxsusdur. Məsələn, bir müddət öncə lisenziyası ləğv edilmiş "Günay Bank"da bir fiziki şəxsə məxsus 70 milyon manatdan çox depozitin olduğu üzə çıxmışdı. Əmanətlərin sığortalanması haqqında qanuna görə, Azərbaycanda 100 min manatadək əmanətlər sığortalı sayılır.

Verginin tətbiqi depozitlərə necə təsir göstərdi?

Fevraldan bəri bank depozitlərinə görə ödənilən faizdən vergi tutulmasının vətəndaşların banklarda saxladıqları pulun həcminə necə təsir edəcəyi maraq doğurur. Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, qərar qüvvəyə minmədən öncə, 2023-cü ilin yanvarında Azərbaycan banklarında fiziki şəxslərə məxsus müddətli depozitlərin həcmi 6 milyard 204 milyon manat olub. Yeni vergi qüvvəyə mindikdən sonra - fevralın sonunda bu rəqəm 6 milyard 336 milyon manata çatıb. Ancaq müştərilərin faiz gəlirlərinə görə ilk dəfə vergi ödədikdən sonra - 2023-cü ilin martında fiziki şəxslərin müddətli depozitlərinin həcmi 6 milyard 311 milyon manat oldu, yəni 25 milyon manat azaldı. Bu baxımdan, yeni qərarın, az da olsa, depozit həcmini azaltdığını söyləmək olar. Sonrakı aylarda vətəndaşların bu qərara öyrəşdiyi gözə çarpır. 2023-cü ilin ilk 9 ayının sonunda vətəndaşların banklarda saxladıqları müddətli depozitlərin həcmi 6 milyard 745 milyon manata yüksəlib.

Yeni dəyişiklik təklifləri

Fiziki şəxslərin bank depozitlərinə görə əldə etdiyi faiz gəlirlərinə vergi tətbiqi barədə qərarın bir ili dolmamış hökumət bu mexanizmlərə dəyişiklik etməyi düşünür. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bunu dilə gətirib. Nəzərdə tutulan dəyişiklikdə vətəndaşların banklarda saxladıqları depozitlərə görə qazandığı faizin 200 manatadək olan hissəsindən vergi tutulmaması təklif edilir. Digər dəyişiklik təklifində isə pulunu, ən azı, ilyarım müddətinə banklara yerləşdirən və faizi hər ay deyil, müddətin sonunda əldə edən şəxslərə ödənilən faizin vergidən tam azad edilməsi nəzərdə tutulur.

Bu dəyişiklik təklifindən aydın olur ki, hökumət vətəndaşları daha uzunmüddətli depozit yatırmağa sövq edir. Ancaq Azərbaycan iqtisadiyyatı ilə bağlı ənənəvi risk amilləri davam etdikcə vətəndaşların banklara uzunmüddətli depozit yatırmaqda çox maraqlı olacağı inandırıcı deyil. Axı ölkə iqtisadiyyatının durumu enerji gəlirlərindən asılıdır. Enerji gəlirləri də bir anın içində ciddi azala bilər. Azərbaycanın ixrac gəlirlərinin 90 faizdən çoxu neft-qaz gəlirlərindən ibarətdir. Bu gəlirlər hesabına ölkəyə daxil olan xarici valyuta ölkədən çıxan xarici valyutanı üstələyir. Bu səbəbdən hazırda manatın məzənnəsi ilə bağlı risklər yoxdur, amma 2015-ci ilin acı təcrübəsi göstərir ki, mövcud durum çox qısa müddətdə dəyişə bilər. Onu da unutmaq olmaz ki, artıq enerji qiymətləri təkcə iqtisadi amillərə görə formalaşmır. Dünyada baş verən geosiyasi olaylar son illərdə enerji qiymətlərinə daha çox yön verir.

Son dəfə 2020-ci ilin martında – dünyada pandemiya elan edilməsindən sonra neft qiymətlərinin 16 dollaradək ucuzlaşdığı dövrdə ölkənin bank sektorunda ajiotaj yaranmışdı. Həmin dönəmdə vətəndaşlar banklara axın edərək öz yığımlarını dollara çevirməyə çalışmışdı. Unutmaq olmaz ki, həmin vaxtdan bəri Azərbaycanda vətəndaşların xarici valyuta alışına limit təyin edilir. Onlar il ərzində 20 min manat ekvivalentində xarici valyuta ala bilərlər. Belə bir ortamda Azərbaycan iqtisadiyyatının enerji gəlirlərindən kəskin asılılığını aradan qaldırmadan vətəndaşları banklara uzunmüddətli depozit qoymağa həvəsləndirmək inandırıcı görünmür.

XS
SM
MD
LG