Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:33

Deputat: '3 ay kredit ödənilməsində güzəştlər edilsin'


V.Bayramov
V.Bayramov

Deputat Vüqar Bayramov AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Vüqar bəy, bugünlərdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edilir. Siz də maaşınızın bir hissəsini ora keçirmisiniz. Fonda ianələr edilməsi mütəxəssislər arasında, cəmiyyətdə sual yaradır: Dövlətin COVID-19-la mübarizəyə ayıracaq yetərincə maliyyəsi yoxdurmu? Fonda yığılan milyonlar bu problemlə mübarizədə nə qədər dərdə dərman olacaq?

- Yeni formalaşdırılmış Fondun əsas məqsədi koronavirusla mübarizənin gücləndirilməsi və, eyni zamanda, infeksiyanın yayılma coğrafiyasını məhdudlaşdırmaqdan ibarətdir. O Fondun gəlir mənbələri yalnız dövlət büdcəsi deyil, büdcədənkənar fondlar hesabına formalaşdırılır. Eləcə də həm sahibkarların, həm də vətəndaşların ianəsi hesabına Fondun gəlirlərinin artırılması həyata keçirilir. Bu cür hallarda, məsələn, koronovirusla mübarizədə həmrəylik də çox önəmlidir. Təbii ki, Fonda ianələrin yığılması könüllü şəkildə həyata keçirilir və imkanı olan vətəndaş və ya sahibkarların bura vəsait köçürməsi məqbuldur. Sahibkar koronavirusla mübarizəyə dəstək olmaq istəyirsə, bu normaldır. Bu, korporativ sosial məsuliyyət prinsiplərinə uyğundur. Bu baxımdan, yalnız büdcədən deyil, büdcədənkənar mənbələr hesabına, o cümlədən ianələr hesabına Fondun gəlirlərinin artırılması koronavirusla mübarizənin daha səmərəli şəkildə həyata keçirilməsinə zəmin yaradır.

- ABŞ koronavirusla mübarizəyə 2 trilyon, Avropa dövlətləri on, bəzən yüz milyardlar ayırır. Sizcə, Azərbaycanın koronavirusla mübarizə üçün ayırdığı bir milyard yetərlidirmi?

- Amerika Birləşmiş Ştatları və eləcə də Avropa Birliyinə üzv ölkələr yetərincə böyük iqtisadiyyata malikdir. ABŞ dünya iqtisadiyyatının beşdə birini təşkil edir, ona görə də bu ölkədə koronavirusla mübarizəyə daha çox vəsaitin ayrılması başadüşülən və izahediləndir. O cümlədən də, inkişaf etmiş Avropa ölkələrində... Region ölkələri və ya inkişaf etməkdə olan ölkələrlə (bu ölkələrin iqtisadiyyatı həcmcə ya Azərbaycan iqtisadiyyatına yaxındır, ya da bərabərdir) müqayisə etsək, ayrılan vəsaitin həcmi heç də az deyil. Amma vəsaitin həcmi növbəti mərhələdə koronavirusun həm qlobal olaraq, həm regionda, həm də ölkəmizdə hansı tezliklə aradan qaldırılmasından asılı olacaq. Burda sosial təcrid tədbirlərinin tezliyi və müddəti çox önəmlidir. Nəzərə alsaq ki, bu qlobal problemdir və sosial təcrid tədbirləri daha uzun müddəti əhatə edəcək, o zaman bu yöndə əlavə vəsait ayrılmasının müzakirəsi mümkündür. Ancaq bu, bütünlükdə vəsaitin həcmi, biznesə dəyən ziyan qiymətləndirildikdən sonra müqayisə edilə bilər. Yaradılmış dörd İşçi Qrup iqtisadiyyatın fərqli sektorlarına, o cümlədən məşğulluğa koronavirusun vurduğu ziyanları qiymətləndirir. Onun 12 fəaliyyət sahəsinə daha çox ziyan vurduğu müəyyənləşib. İqtisadi baxımdan dəymiş ziyan müəyyənləşdirildikdən sonra bu istiqamətə nə qədər vəsaitin ayrılmasının zəruriliyi və, eyni zamanda, hazırda ayrılmış vəsaitin həcmi müqayisə edilə bilər. İndiki mərhələdə ziyan hesablanır. Ancaq bu mərhələdə bir milyard manat vəsait koronavirusun iqtisadiyyata və eləcə də sahibkarlara vurduğu ziyanın təsirinin minimumlaşdırılması üçün yetərli hesab oluna bilər. Təbii ki, az vəsait deyil. Biznesə dəyən ziyan qiymətləndirildikdən sonra fərqli sektorlarda, xüsusən də 12 sektorda fəaliyyət göstərən sahibkarlara birbaşa və dolayı yardımlar göstəriləcək.

- Azərbaycanda COVID-19-la mübarizə aparmaq üçün yetərincə vəsait varmı?

- Azərbaycan neft ölkəsidir. Koronovirusun Azərbaycan iqtisadiyyatına mənfi təsirləri ilə yanaşı, neftin qiymətinin düşməsi də həlledici faktorlardan biridir. Sözsüz, neftin qiymətinin aşağı düşməsi neft ölkələrinin gəlirlərinə mənfi təsirini göstərir. Amma Azərbaycan üçün indiki məqamda koronavirusun iqtisadiyyata mənfi təsirinin minimumlaşdırmaq, koronavirusla mübarizəni davam etdirmək üçün resurs problemi yoxdur.


Bir yandan Azərbaycanın dövlət rezervinin həcmi 52 milyard dollara yaxındır. Faktiki olaraq 2016-cı ildən dövlət rezervinin həcmində ciddi artımlar müşahidə edirik. Valyuta ehtiyatlarımızın, dövlət rezervimizin həcminin artırılması 2016-cı ildən həyata keçirilən fiskal konsolidasiya siyasətinin nəticəsidir. Eləcə də, 2020-ci ilin dövlət büdcəsinin 44 faizi qeyri-neft sektorunun payına düşür, onun 56 faizi neft gəlirlərinin hesabına formalaşacaq. Bununla yanaşı, Dövlət Neft Fondunun büdcə transfertləri ümumi büdcə gəlirlərinin 48 faizini təşkil edəcək. Hazırda DNF-nin aktivlərinin həcmi 40 milyard dollardan artıqdır. 2020-ci ildə bu Fondun təsdiqlənmiş büdcəsinə əsasən, bu qurum büdcəyə 6.5 milyard dollar vəsait transfert edəcək. Həmin vəsaitin transfertində çətinlik yoxdur. Mövcud aktivlər həmin transfertləri həyata keçirməyə imkan verir. O baxımdan, indiki məqamda həm dövlət rezervləri, həm də büdcə gəlirləri koronavirusla mübarizəni maliyyələşdirməyə imkan verəcək.

- O zaman bu gün çökməkdə olan, dövlətdən dəstək gözləyən özəl sektorun Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr etməsi nə dərəcədə düzgündür?

- Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorun payına düşür. Ona görə indiki məqamda özəl sektorun çökməsindən yox, koronavirusun mənfi təsirlərindən danışa bilərik. Koronavirusla mübarizədə tətbiq edilən məhdudlaşdırıcı addımlar özəl sektorun fəaliyyətinə də təsir göstərir. Əslində, o Fondun yaradılmasında məqsəd özəl sektorun dəstəklənməsidir. Bütünlükdə özəl sektorun Fonda dəstəyi korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq həyata keçirilir. Özəl bir şirkət koronavirusa qarşı mübarizəyə vəsait ayırmaq istəyirsə, burda qeyri-adi heç nə yoxdur. Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi kimi, koronavirusa qarşı mübarizənin effektivliyi eyni zamanda həmrəyliyin səviyyəsindən asılıdır. Ona görə sahibkarlar həmrəylik göstərib ianə edirsə, bu, özəl sektorun, sahibkarların qərarıdır, bu addım təqdirəlayiqdir. Bu onu göstərir ki, özəl sektor, şirkətlər COVID-19 ilə mübarizədə dəstək vermək niyyətindədirlər.

- Sizcə, hökumət ilk növbədə hansı sahibkarlara yardım göstərməlidir? Kriterilər necə müəyyənləşdirilməlidir?

- Koronavirusun ən çox təsir etdiyi 12 fəaliyyət sahəsi müəyyənləşdirilib. Düşünürəm ki, sözügedən sahələrdə fəaliyyət göstərən sahibkarlara birbaşa dəstəyin verilməsi məqsədəuyğundur. İşçi Qruplar sahibkarlara birbaşa dəstəklə bağlı meyarlar hazırlayırlar. Onlar hazır olduqdan sonra dəstək reallaşacaq. Burda fərqli meyarlar var. İşçi Qrupun açıqlamalarında deyilir ki, şəffaf fəaliyyət göstərən sahibkarlar, büdcə qarşısında öhdəliklərini yerinə yetirən, korporativ sosial məsuliyyət prinsiplərinə əməl edən, indiki həssas dövrdə işçilərini ixtisar etməyən, əməkhaqqı fondunu ciddi şəkildə azaltmayan sahibkarlara daha çox üstünlük veriləcək. Bu tip sahibkarlar daha çox yardım ala biləcəklər.

- Böhran bir neçə ay davam edəcəyi halda bank, ipoteka kreditləri, vergilər məsələsində güzəştlər edilməlidirmi?

- Biz kredit borcu olan sahibkarlara və eləcə də vətəndaşlara 3 ay ərzində güzəşt olunmasını təklif edirik. İndiki halda koronavirus vətəndaşlarımızın gəlirlərinə təsir göstərir. Artıq bəzi vətəndaşlarımızın kreditləri ödəməklə bağlı çətinlikləri var. Səbəb də gəlirlərin azalmasıdır. Məsələn, xidmət və iaşə sektorunda bir sıra məhdudiyyətlər və qadağalar burda işləyənlərin gəlirlərinin kəskin azalmasına gətirib çıxarıb. Həmin vətəndaşların bir qisminin kredit və ya ipoteka borcu var və bizə də müraciət edirlər. Məsələn, Almaniyadan avtomobil gətirib satışı ilə məşğul olan kiçik sahibkar gəlir əldə edə bilmir, koronavirusla mübarizə həm də sərhədlərin bağlanmasını tələb edir. Biz təklif edirik ki, həmin şəxslər üçün 3 ay müddətində kredit ödənilməsində güzəştlər müəyyən edilsin, onlara faiz və cərimələr hesablanmasın, kredit öhdəliyini 3 ay sonra ödəmələrinə şərait yaradılsın. Güman olunur ki, 3 aya virusun təsirləri minimuma enə bilər. Eyni zamanda, bank sektorunda yalnız ikisində dövlətin kapitalı var, yerdə qalanları özəldir. Ona görə bankların likvidliyinin qorunub saxlanılması üçün də Mərkəzi Bankın banklara aşağı faizli, mərkəzləşdirilmiş kreditlər verilməsini təklif edirik. Bu halda banklar güzəştlər tətbiq edə biləcəklər.

- Bəzi mütəxəssislər Azərbaycanın indiki dönəmdə yubandığını düşünürlər. Hökumət yubanırmı?

- Etiraf etmək lazımdır ki, Nazirlər Kabineti prosesə çevik reaksiya verir. Mütəmadi olaraq baş nazirin sədrliyi ilə yığıncaqların keçirilir. Eyni zamanda, təsirlərin minimumlaşdırılması ilə bağlı İşçi Qrupun yaradılması, gündəlik onlayn müzakirə aparması, bu istiqamətdə meyarların hazırlanması ondan xəbər verir ki, məqsəd koronavirusun iqtisadiyyata və sahibkarlara mənfi təsirlərini minimuma endirməkdir.

- Parlament martın 30-da toplanmalıdır. Milli Məclis koronavirusla mübarizə məqsədilə hansısa vacib qərarlar verə bilərmi?

- Plenar iclasda hansı məsələlərin müzakirə ediləcəyi gündəlik millət vəkillərinə təqdim olunduqdan sonra bəlli olacaq. Ondan sonra bu sualınızı daha ətraflı cavablandırmaq mümkün olacaq.

- Yeri gəlmişkən, ATƏT Azərbaycanda koronavirusla bağlı dezinformasiyanı önləmək məqsədilə qanuna edilmiş dəyişiklikdən narahatdır. Qurumun verdiyi bəyanatda deyilir ki, media böhran dövründə saxta xəbərlərlə mübarizədə vacib rol oynayır və qanuna dəyişikliklər KİV-in pandemiya dövründə məlumat vermək imkanını əngəlləməməlidir. Bir deputat kimi, Siz bu mövzuda nə düşünürsünüz?

(Deputat bu sualı cavabsız buraxıb)

XS
SM
MD
LG