Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:01

Qərbdən Əliyevanın təyinatına nə üçün müsbət reaksiyalar gəlmir? [müsahibə]


Mehriban Əliyeva Rusiya kanalına müsahibə verir. 26fev2017
Mehriban Əliyeva Rusiya kanalına müsahibə verir. 26fev2017

Milli Məclisin üzvü Elman Nəsirov AzadlıqRadiosu-na müsahibə verib.

– Elman müəllim, Mehriban Əliyeva birinci vitse-prezident təyin ediləndən sonra bu xəbər beynəlxalq mətbuatda, o cümlədən Türkiyə mediasında ikibaşlı eyham və tənqidlə qarşılandı. Belə münasibəti necə qarşıladınız?

Elman Nəsirov
Elman Nəsirov

– Mehriban xanım birinci vitse-prezident təyin olunmazdan öncə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun, İSESKO-nun səlahiyyətli səfiri kimi həm ölkə daxilində, həm də ölkə xaricində müsbət imic qazanıb. O, ölkənin mədəni, idman, təhsil həyatında böyük layihələrə imza atıb. Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasını obyektiv deyil, subyektiv hadisə sayanlara üzümü tutub deyirəm, bəs onda niyə maraqlanmırlar ki, YUNESKO, İSESKO kimi çox nüfuzlu, hörmətli təşkilatlar Mehriban xanımı xoşməramlı səfir təyin edib? Bu fakt onu göstərir ki, Mehriban xanımın fəaliyyəti, sözün həqiqi mənasında, Azərbaycan sərhədlərini çoxdan aşıb və o, artıq dünya miqyasında tanınmış şəxsiyyətdir. Biz xarici ölkələrə səfərlərimiz zamanı şahidi oluruq ki, Azərbaycan cəmiyyətində Mehriban xanıma necə yüksək dəyər verirlərsə, xarici ölkələrdə də oxşar yanaşma baş verir. Sözün həqiqi mənasında obyektiv düşüncə sahibi olan insan Mehriban Əliyevanın timsalında haqqın, ədalətin, mərhəmətin, şəfqətin müdafiəçisini görür. Bu mənada ona böyük dəyər verilməsi, ona sevgiylə yanaşılması anlaşılandır, təbiidir. Mehriban xanım həm də Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Bu, cənubi Qafqazın ən böyük partiyasıdır. Mehriban xanım 700 min üzvü olan partiyanı idarə edənlərdən biridir. Bu mənada onun həm də böyük idarəçilik təcrübəsi var. Mehriban xanım Əliyevanın təyinatı tamamilə reallığı əks etdirir. Bu gün insanlarımızda inam yaranıb ki, Mehriban xanım təkcə ölkə prezidentinin həyat yoldaşı deyil, həm də ən yaxın silahdaşıdır. Bircə faktı söyləyim. Cənab prezident bu yaxınlarda düşmənlə təmas xəttinin təxminən 200 metrlik məsafəsinə getmişdi. Bu, çox təhlükəli səfər idi. Belə vəziyyətdə Mehriban xanım prezidentin yanında idi. Əsl silahdaşlıq da budur! Belə nümunələr çoxdur. Cəmiyyətimizin də mövqeyi budur ki, Mehriban xanımın təyinatı yerində, vaxtında atılmış addımdır. Bundan sonra biz Mehriban xanımın Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmətinin yeni səhifələri ilə tanış olacağıq.

Buna da bax:​ Mehriban Əliyeva: 'Biz çox götür-qoy etdik...'

– Türkiyə mediasında, siyasi çevrələrində, hətta elə apreldəki referendumla bağlı kampaniyalarda açıq-aşkar deyirlər ki, “Azərbaycan Türkiyənin başına gələcəkləri, bir ailənin hakimiyyət başına necə gəldiyini göstərdiyi üçün ona bir təşəkkür düşür”. Onların sözü ilə deyilsə, Azərbaycan qonşusuna “pis örnək” olaraq göstərilir. Sizcə, niyə?

– Siz Türkiyədə böyük söz sahibi olmayan, xalqın böyük etibarını qazanmayan, müəyyən siyasi dairələrin fikirlərindən misal gətirdiniz. Amma bu ölkənin 80 milyon əhalisi var, Yaxın Şərqdə nəhəng bir dövlətdir. Belə bir halda, bir partiyanın, məhdud çevrənin fikirləri əsasında 80 milyonluq ölkə haqda mövqe bildirmək düzgün olmazdı. Mən özüm orda tez-tez oluram, bu hadisədən çox sevindiklərini bildirirlər. Prezident Erdoğan da Mehriban xanımı bu münasibətlə təbrik edib. Onun arxasında milyonlar dayanır. Kiçik dairələrin dedikləri əsas olmamalıdır. Mehriban xanım özü də deyir ki, tənqidlərə normal yanaşır, təki tənqid sağlam, konstruktiv olsun. Bizim üçün əsas olan xalqın iradəsidir, mütləq əksəriyyət buna sevinir.

– Tənqidə dözümdən danışılırsa, o zaman Mehriban Əliyevanın təyinatını tənqid edən FOX TV-nin kabel televiziyalarında yayımı Azərbaycanda niyə dayandırıldı?

– Siz hesab edirsiniz ki, bu məhz həmin hadisəylə bağlıdır?

Buna da bax: MTRŞ FOX TV-nin dayandırılmasından danışdı

– Hər halda, Fatih Portakalın Mehriban xanım haqda tikanlı təqdimatından sonra kanalın yayımı dayandırıldı...

– Hesab edirəm ki, bu hadisələr arasında bağlantı tapmaq düzgün deyil. Həmin telekanalın bağlanması fərqli zamanda da baş verə bilərdi. Burda siyasi motiv axtarmaq lazım deyil.

– Siz birinci vitse-prezidentin “müsbət imicindən”, “yaxşı silahdaş olmasından” danışdınız. Ancaq tənqidlər Mehriban Əliyevanın şəxsiyyətinə yönəlik deyil, irad onadır ki, eyni ailənin fərdləri ölkənin başına gəlir, birinci və ikinci şəxsə - həlledici fiqurlara çevrilir, ancaq idarəçilikdə iştirak haqqı başqalarına verilmir. Niyə ölkəni uzun illər ancaq Əliyevlər idarə etməlidir?

– Məsələ ondadır ki, tənqidi mövqedə duranlar məhz qohumluq amilini önə çəkirlər. Sizə tam əminliklə söyləyirəm, “Birinci vitse-prezident postuna kim layiqdir?” deyə geniş sorğu aparsanız, Mehriban xanım Əliyevanın adı birinci yerdə olacaq. Bu da onun fəaliyyəti ilə bağlıdır. Siz burda soyadını qeyd etdiniz. Ancaq soyadı əsas götürüb xalqın arzuladığı bir adamı bu cür yüksək dövlət postundan kənarda qoymaq düzgün olmazdı. Mehriban xanım müsahibəsində qeyd edib ki, sosial məsələlərin həlliylə məşğul olacaq. Hesab edirəm ki, Mehriban xanım kimi ədalətli, mərhəmətli insanın belə böyük vəzifəni daşıması cəmiyyətimizdə çox böyük ruh yüksəkliyinə səbəb olacaq. İnsanlar inanırlar ki, onun təyinatı problemlərinin həllində daha çox operativliyin, dinamizmin təminatına gətirəcək. Bəli, ayrı-ayrı məmurlardan narazılıq var. Cənab prezident də çıxışında hər zaman söyləyib ki, məmurlar xalqın xidmətçisi olmalıdır və özünün də “ən böyük xidmətçi” olduğunu bildirib. Birinci vitse-prezident də xalqın xidmətçisidir və artıq birinci vitse-prezidentliyə qədər Mehriban xanım “xalqın xidmətçisi” olduğunu ən yüksək səviyyədə sübut edib. Yəni bu vəziyyətdə xalq bir soyad məsələsinə görə öz istəyindən imtina etməlidir? Prezident xalqın Mehriban xanıma çox yüksək dəyər verdiyini nəzərə alaraq, belə bir addım atıb. Bu gün də Rusiya-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 25 illiyi ilə bağlı beynəlxalq tədbir keçirildi. Rusiya Dövlət Dumasından gələn deputatların böyük əksəriyyətinin yanaşması beləydi ki, Mehriban xanımın bu posta təyinatı onları qətiyyən təəccübləndirməyib, onun bu vəzifəyə layiq olduğunu bildirdilər.

Buna da bax:​ Əli Həsənov Mehriban Əliyevanın təyinatından danışır

– Elman müəllim, bəs demokratik ölkələrdən, Qərb ölkələrindən niyə Mehriban Əliyevanın təyinatı ilə bağlı belə “müsbət reaksiyalar gəlmir?

– Məsələ ondadır ki, adını demokratik qoyan ölkələrin çoxunun gözü müsəlman ölkəsi kimi böyük uğurlara imza atan Azərbaycanı götürmür, uğurlarını qısqanclıqla qarşılayırlar. Qəbul edə bilmirlər ki, böyük olmayan Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malikdir. Müsəlman ölkəsi deyəndə başıçarşablı bir Azərbaycan qadını obrazı, terrorçu qadın obrazı yaratmaq istəyirlər. Əslində, Azərbaycan kimi sivil bir dövlətdə bütün dünyada əməllərinə görə tanınan bir xanımın birinci vitse-prezident təyin olunması özü Avropa dəyərlərinin təntənəsidir. Avropa ölkələrində buna sevinməlidirlər ki, Azərbaycan kimi müsəlman ölkəsində qadın hansı vəzifəyə qalxır. Amma bu gözlə baxa bilmirlər, bilirlər ki, bu təyinatdan sonra Azərbaycan hədəflərinə daha sürətlə çatacaq, ölkə daha çox inkişaf edəcək. Buna görə də bəzi dairələrin susqun davranışları bizi təəccübləndirmir. Buz buna artıq öyrənmişik. Bu bizi maraqlandırmır. Əsas odur bunu, xalqımız dəstəkləyir və dünyadakı dostlarımız məmnundurlar.

– Bu təyinatdan sonra Azərbaycanın cümhuriyyət dəyərlərindən daha çox geri çəkilməsi və ölkədə monarxiyanın qurulması, “bir ailənin hegemonluğunun qurulması” haqda fikirlər gündəmə gəldi...

– (sualı yarıda kəsir) Əksinə, mən hesab edirəm ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. AXC isə müsəlman Şərqində ilk parlamentli respublikadır. Bu respublika ABŞ kimi demokratik ölkədən bir neçə il öncə qadınların səsvermə hüququnu tanıyıb. Bu baxımdan Xalq Cümhuriyyəti qadına çox böyük önəm verib. Azərbaycan qadını birinci vitse-prezident vəzifəsinə yüksəlirsə, bu, elə cümhuriyyət ənənələrinə sadiqlikdir.

Buna da bax: 'Prezident gəlir, deyir ki, mən arvadımı birinci-vitse prezident təyin etdim'

– Bu o deməkdirmi ki YAP-ın prezidentliyə növbəti namizədi də qadın olacaq? Birinci vitse-prezident prezidentliyə namizədliyini verə bilər?

– Ölkə prezidenti dəfələrlə qeyd edib ki, Azərbaycan xalqı ona etimad göstərəcəksə, yenidən namizədliyini verəcək. Son prezident seçkilərindən sonra da ondan “Yenidən namizədliyinizi verəcəksinizmi” soruşanda cavab vermişdi ki, bu xalqın etimadına bağlıdır, xalq istəyəcəksə, namizədliyini verəcək. O, xalq arasında böyük etimada layiqdir, 26 sentyabr referendumu da bunu göstərdi. 2018-ci ildə İlham Əliyevin prezident seçkilərində iştirakı isə dövlət başçısının səlahiyyətində olan və yenə də xalqa bağlı məsələdir. Bu sualların 2018-ci ildə daha düzgün cavabı olacaq. Ancaq xalqımızın ona böyük etimadı var, Mehriban xanım da cənab prezidentin etimadı ilə vitse-prezident oldu. Bu, həm də ictimai sifariş idi.

XS
SM
MD
LG