Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:02

Deputatların ev qalmaqalı


Azərbaycan parlamenti, Ombudsman Elmira Süleymanova hesabat verir, 4 mart 2011
Azərbaycan parlamenti, Ombudsman Elmira Süleymanova hesabat verir, 4 mart 2011

“Milli Məclisin sədri Oqtay Əsədova, eləcə də Əmək və sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbliyə ev verilməsi haqda deyilənlər doğru deyil”.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzadlıqRadiosuna belə deyir. Ancaq o, Milli Məclis Aparatının Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini, keçmiş deputat Rifət Ağalarovun mətbuatda adıçəkilən binada, AMAY ticarət mərkəzinin yaxınlığındakı binadan mənzil aldığını təsdiqləyir.

“Gununsesi.info” saytı 54 sabiq və indiki deputata mənzil verildiyini yazıb. Onların arasında indiki spiker Oqtay Əsədovun, komitə sədri Hadı Rəcəblinin, deputat Bəxtiyar Əliyevin,keçmiş deputat Əliməmməd Nuriyevin də adları çəkilir.

Parlamentin Komitə sədri Hadı Rəcəbli də AzadlıqRadiosuna məlumatı təkzib edib, “mətbuatın onu hədəfə götürdüyünü” bildirib.

Buna da bax: Deputat «Mənim də yerimə səs ver!» deyərsə...

Akif Təvəkküloğlu: “Bəxtiyar Əliyevi deyə bilmərəm”

Parlamentin sözçüsü Akif Təvəkküloğlu isə bunları deyib:

Hadı Rəcəbli, 13 sentyabr 2012
Hadı Rəcəbli, 13 sentyabr 2012

– Hadı müəllimin özüylə əlaqə saxladım, elə bir şey yoxdur, yalandır. Spikerlə bağlı söhbət də yalandır. Amma orda keçmiş deputatlar təxminən 15 il qabaq tikinti şirkətinə (adı yadımdan çıxıb) özləri pul ödəyiblər. Məsələn, Rifət Ağalarov var, keçmiş deputat, indi MM-də şöbə müdirinin müavinidir. Onun da adı orda hallanır. Mən onunla əlaqə saxladım, dedi: “Bəli ev almışam, ancaq öz puluma. 15 il qabaq pul köçürmüşük. Sadəcə o şirkətin problemləri oldu, məsələ uzandı”. Qalanları haqda məlumatım yoxdur.

– Bəs deputat Bəxtiyar Əliyev? Ona da mənzil verildiyi deyilir.

– Onunla hələlik, əlaqə saxlamamışam, deyə bilmərəm.

– Bəs necə olur ki, Milli Məclisin bir sıra keçmiş və indiki üzvləri eyni binadan mənzil alırlar?

– Bu suala cavab vermək hər kəsin qəlbinə nüfuz etmək olardı. Tutalım, mənim ürəyim hər hansı yerdən ev istəsə, kimsə mənə desə ki, ola bilməz, bu, bir az anlaşılmaz olar. Kimin ürəyi hardan istəyir, ordan ala bilər. Bu haqda, açığı, məlumatım da yoxdur.

“Məndən başqa daha iki keçmiş deputat ordan mənzil alıb”

Rifət Ağalarov AzadlıqRadiosuna deyib ki, o mənzili öz puluna alıb, dövlət ona ev bağışlamayıb:

“Məndən başqa keçmiş deputatlar Oqtay Səmədov və Famil Məmmədov AMAY ticarət mərkəzinin yanında tikilən həmin binadan ev alıblar. Bu ev üçün 14 il gözləmişik. Mənim 65 yaşım var, öz halal pulumla ordan mənzil almışam. Bu niyə səs-küyə səbəb olmalıdır, anlamıram”.

Buna da bax: Deputat: 'Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb'​

“Evi mənə 1800 manata satmaq istəyirlər”

Keçmiş deputat Əliməmməd Nuriyev də ona “su qiymətinə” mənzil verilməsi haqda deyilənləri yalanlayıb. Ancaq şirkətin ona mənzil verməli olduğunu təsdiqləyib. O deyib ki, 13 il öncə KAT LTD MMC-yə mənzil almaq üçün müəyyən ödəniş edib. Həmin vaxt mənzilin kvadratmetri 152 dollardan hesablandığı halda indi şirkət ona mənzili kvadratmetri 1800 manata təklif edib. Nuriyev indiki qiymətin baha olduğunu deyir. Keçmiş deputat 14 il öncə inşa edilməli olan 88 mənzilli binada qeyri-yaşayış sahələri də yerləşəcəyi üçün mənzilin onlara bazar qiymətindən ucuz təklif edildiyini bildirir.

Əliməmməd Nuriyev, 24 sentyabr 2009
Əliməmməd Nuriyev, 24 sentyabr 2009

Bəs necə oldu ki, həmin mənzil sahiblərinə 14 il sonra, özü də yeni qiymətlə satılası oldu?

Əliməmməd Nuriyev danışır:

“2003-cü ildə kooperativ mənzil növbəsinə durduq. 20 nömrəli məktəbin yanında Milli Məclisin üzvləri üçün kooperativ ev tikilirdi, ancaq sonradan o yer dövlət ehtiyatları üçün alındı. Onun əvəzinə KAT LTD MMC-yə başqa yerdə bina tikmək üçün torpaq sahəsi ayrıldı. Mən şirkətə ilkin ödənişlər də etmişdim. Amma sonradan ödənişlər yarımçıq qaldı. Şirkət indi evin bir hissəsini tiksə də, orda mübahisəli məsələlər çoxdur”.

Əliməmməd Nuriyevin sözlərinə görə, həmin şirkət bir çox deputatlara ödədikləri vəsaitə uyğun olaraq mənzil təklif edib.

“Amma mənə təklif etməmişdilər. İndi yeni bazar qiymətləri ilə mənzil satılır. Mənim 1800 manata mənzil almaq imkanım yoxdur. 13-14 il gözləmişəm, müəyyən ödəniş də etmişəm. Şirkət bunu nəzərə almalıdır. O vəsaiti mənə qaytarsalar belə, ona mənzil ala bilmərəm”.

Keçmiş deputat indilik şirkətlə danışıqlar getdiyini deyir və əlavə edir ki, mənzil ala bilməsə, məsələnin hüquqi çərçivədə həllinə çalışacaq.

Rifət Ağalarov: “Qiymətdə artım yoxdur”

Rifət Ağalarovsa mənzili ilkin qiymətə aldığını söyləyir: “Müqavilədə 152 dollar yazılmışdı. O zaman Bakıda kvadratmetri 200 dollar idi, şirkət bizə, sadəcə, hörmət etdi. Sonradan da qiymətdə artım edilməyib”.

Pənah Hüseyn, 4 fevral 2012
Pənah Hüseyn, 4 fevral 2012

Parlamentin şöbə müdirinin müavini ikinci çağırışdan sonra dövlətin Pənah Hüseyndən başqa yerdə qalan bütün deputatlara mənzil bağışladığını söyləyir.

“Pənah özü mənzil götürmədi. Amma yerdə qalan hamıya iqtidarlı-müxalifətli mənzil verilib”.

Deyilənlərə aydınlıq gətirəcək ünvan KAT LTD MMC ola bilərdi. MMC indi KAT Holdinq kimi fəaliyyət göstərir. Bu haqda qurumun saytında yazılır. Ancaq AzadlıqRadiosunun əməkdaşı saytda qoyulan nömrəyə günboyu zəng edib məsələyə aydınlıq gətirmək istəsə də, bu, mümkün olmayıb. Həmin nömrə daim məşğuldur. Yerli mətbuat holdinqin iflas ərəfəsində olduğunu yazır.

XS
SM
MD
LG