Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:51

Dindar fəal məhkəmədə: 'Mən heç siqaret çəkmirəm, məni narkotiklə ləkələməyin...'


Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdəki üzvlərindən Azad Kərimov 3 il 6 ay azadlıqdan məhrum edilib. Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Bir ildən çoxdur həbsdə olan dindar fəal narkotik və dini ekstremist materiallar saxlamaqda ittiham olunur.

Cinayət işinin materiallarında iddia edilir ki, A.Kərimov saxlanılarkən, cibindən 14 qrama yaxın narkotik, evindənsə ekstremist material sayılan kitab tapılıb.

Amma A.Kərimov hər iki ittihamı rədd edərək, MBH İdarə Heyətinin üzvü olduğu üçün cəzalandırıldığını deyir.

O, dini inancına, hərəkatın rəhbəri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovla dostluğuna görə əvvəllər də dəfələrlə işgəncəyə məruz qaldığını söyləyib. Onun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”ə) çağrılıb, orada basqılarla üzləşib.

“Yumşaq desəm, ayıbdır”

A.Kərimov məhkəməyə ifadəsində deyib ki, dindardır və evində dini kitab olması da normal haldır. O vurğulayıb ki, normal olmayan hal adi dini məzmunlu kitabı ektremist material kimi qiymətləndirməkdir.

“Mən heç siqaret çəkmirəm, çünki orqanizmə ziyandır. Allah insanın öz bədənini incitməsinə icazə vermir. Siqaret çəkməyən adamı narkotiklə şərləməyin adı nədir? Yumşaq desəm, ayıbdır. Xahiş edirəm, məni narkotiklə ləkələməyin...” - o fevralın 26-da hökmdən öncə son sözündə belə deyib.

Prokuror A.Kərimova 8 il həbs cəzası verilməsini təklif etmişdi.

Dindar fəalın yaxınları AzadlıqRadiosuna bildiriblər ki, hökmü qanunsuz və əsassız saydıqlarından, apellyasiya şikayəti verəcəklər:

“Onu həbs eləyənlərin, hökm çıxaranların özləri də yaxşı bilir ki, Azad Kərimov günahsızdır”.

Növbəti həbs dalğası başlanıb?

MBH-dən AzadlıqRadiosuna verilən məlumata görə, hazırda təşkilatın 67 nəfər üzvü həbsdədir.

Onların əksəriyyətinə narkotik ittihamı irəli sürülüb:

“Son vaxtlar dini inanclılara qarşı növbəti həbs dalğası başlanıb. Bugünlərdə Müsəlman Birliyi Hərəkatının daha 3 üzvü qondarma narkotik ittihamıyla həbs edilib. Beləliklə, hərəkatın həbsdəki üzvlərinin sayı 67 nəfərə çatıb”.

“Müdafiə Xətti” insan haqları təşkilatının məlumatına görə, ötən ilin yanvarından bəri Azərbaycanda yüzlərlə dindar fəal narkotik ittihamıyla həbs olunub. Onlar məhkəmələrində narkotik ittihamının saxta olduğunu, şərləndiklərini bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu iddiaları təkzib edərək, həmin şəxslərin konkret cinayətlərə görə məsuliyyətə cəlb olunduqlarını bəyan edib.

XS
SM
MD
LG