Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:57

“Hərəkətsizlik bank sistemini çökdürə bilər”


Karikatura
Karikatura

►Ekspertlər Mərkəzi Bankdan təcili addımlar gözləyirlər

ABŞ Mərkəzi Bankı – Federal Ehtiyatlar Sisteminin (FES-in) pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin üzvləri iyunun 14-15-də Vaşinqtonda toplaşacaqlar.

Mediada daha öncə verilən xəbərlərə görə, yaxın həftələrdə ABŞ iqtisadiyyatına dair məlumatlar müsbət çıxarsa, iyun toplantısında dolların faiz artımı dəstəklənəcək.

Təkcə belə məlumatların yayılması əksər xarici valyutalara nisbətdə dolları möhkəmləndirib. Məsələn, “Deutsche Bank” öz hesabatında bildirib ki, dollar məzənnəcə sıçrayışının başlanğıc mərhələsindədir.

George Saravelos-un rəhbərlik etdiyi analitik qrupun fikrincə, FES-in son iclasından - iyunda uçot dərəcəsini yüksəldəcəyinə işarədən bəri ABŞ milli valyutasının məzənnəsini xeyli möhkəmlənib.

Bankın Nyu-York ofisinin analitiki Sebastien Galy də dolların kəskin bahalaşma potensialından söz açıb.

Ehtimallar doğrularsa…

Azərbaycan manatı, hələ ki, dollara nisbətdə dəyərini artırır. Analitiklərin ehtimalları doğrularsa, iyunda durum dəyişəcək, çünki FES-in faiz artırması manatı zəiflədəcək. Bu isə devalvasiyasonrası ciddi problemə çevrilmiş dollar kreditləri problemini bir az da qabardacaq. Mərkəzi Bank (MB) və hökumətdən problemləri çözəcək və ya yumşaldacaq önəmli addımlar gözləyənlərsə artıq ümidsizləşməkdədir.

“İndiki məzənnə reallığı əks etdirmir”

Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, FES-in faiz dərəcəsini artırma ehtimalı yüksəkdir:

“Bu da, öz növbəsində, bütün dünyada dolları bahalaşdıracaq. Azərbaycanda isə xüsusən, çünki bizdəki mövcud məzənnə, əslində, sünidir və reallığı əks etdirmir. Sadəcə, manat kütləsinin sıxılması və nəticə etibarilə, iqtisadiyyatın boğulması hesabına əldə edilən nailiyyət var. Bizdə 2-ci devalvasiya məhz FES-in faiz dərəcəsini qaldırmasından sonra qaçılmaz oldu. İstisna deyil ki, bu dəfə də belə olacaq”.

Ekspertin fikrincə, dolların bahalaşması dollar kreditləri problemini daha da kəskinləşdirəcək:

“Təəssüf ki, nə MB, nə də hökumət, hələlik, bu problemin həlli üçün heç bir addım atmır. Bu hərəkətsizlik bank sistemini çökdürə bilər, axı borcların qaytarılmaması bank sisteminə ölümcül zərbədir. Belə getsə, problemli borcların həddi kredit portfelinin yarısını da aşa bilər. Hərçənd, bəlkə də aşıb, çünki banklar, statistikanı, əsasən, gizlədir və ya bəzəyir”.

____________________________________________________________

Bunlara da bax:
Ekspertlər pambıqçılığın inkişafında siyasi məqsəd görür
70 akula balinanı belə yedi- [Video]

____________________________________________________________

“MB yenə tərəddüd edir”

İqtisadçı ekspert Vüqar Bayramov Maliyyə Bazarlarına Nəzarət Palatasının “10 min dollaradək kreditlərə kompensasiyanın ödənilməsi müzakirə edilə bilər” açıqlamasını yada salır:

“Kompensasiyanın verilə bilməsi ilə bağlı nikbin açıqlamalara baxmayaraq, hələlik, MB bu istiqamətdə real addımlar atmayıb. İkinci devalvasiya bir yana, elə ilk devalvasiyasonrası, Qazaxıstanın, hətta ABŞ-ın təcrübəsini nəzərə alaraq, kreditlərə kompensasiyanın verilməsini hər an gündəmə gətirsəm də, təəssüf ki, MB bu məsələdə yenə də tərəddüd edir”.

Ekspertin fikrincə, MB-nin bu tərəddüdü bank sektoruna ciddi çətinlik yaradır:

“Uzun müddət yüksək faizlərdən bəhrələnən banklarsa faizləri endirmək əvəzinə daha çox inzibati metodlardan istifadə etməyə çalışır, əslində, problemi daha da dərinləşdirirlər. Nəticədə, borcluların kreditlərini banka ödəməməsi adiləşir. Devalvasiyadan sonra manatla xərcləri artan vətəndaşlara nə MB, nə də yüksək fazilərdən hələ də imtina etməyən banklar güzəşt etdiyindən əksər borcluların ödəmə qabiliyyəti pisləşib. Deməli, MB kreditlərə kompensasiya ödəməklə deyil, ödəməməklə maliyyə intizamının pozulmasına imkan yaratdı. Zamanında kompensasiya mexanizmi tətbiq olunsaydı, problemli kreditlərin həcmi bu qədər artmaz və ödənişləri yubatmaq adiləşməzdi”.

MB maliyyə intizamının daha da pisləşməsini arzulamırsa...

V. Bayramovun sözlərinə görə, MB bank sektorunda maliyyə intizamının daha da pisləşməsini arzulamırsa, o zaman tezliklə kreditlərə kompensasiya verməlidir: “Əks halda, iqtisadiyyatın mühərriki sayılan bankları gözləyən problemləri proqnozlaşdırmaq çətin olmayacaq”.

XS
SM
MD
LG