Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:52

Dövlət İmtahan Mərkəzi hansı işləri görəcək


Keçmiş TQDK-nın keçmiş binası (arxiv fotosu)
Keçmiş TQDK-nın keçmiş binası (arxiv fotosu)

Prezidentin aprelin 11-də verdiyi fərmanla yaradılan Dövlət İmtahan Mərkəzi publik şəxsinin nizamnaməsi də təsdiqlənib. Sənəd yeni qurumun səlahiyyət, vəzifə və hüquqlarının çərçivəsini müəyyən edir.

Yeni qurumu Direktorlar Şurası idarə edəcək


Prezidentin yenidən təşkil yaxud ləğv edə biləcəyi mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə yaradılır. Habelə, bu qurum müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanların təşkil edilməsi işini həyata keçirəcək.

Mərkəzi Direktorlar Şurası idarə edəcək. Şura prezident tərəfindən təyin edilən sədrdən, onun iki müavinindən və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət olacaq.

Təhsil nazirliyi ilə nələr razılaşdırılacaq?

Ümumi təhsil pilləsində yekun qiymətləndirmə, orta, ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələrinə imtahanlarının keçirilməsi yeni qurumun fəaliyyət sferasına aid olacaq.

Habelə, Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu, 5-11-ci sinif şagirdləri arasında monitorinq imtahanlarının keçirilməsi də onun funksiyasına daxildir.

Mərkəz həmçinin, orta ixtisas, ali təhsil müəssisələrində qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyənləşdirəcək. Azərbaycan vətəndaşlarının xarici dövlətlərin, əcnəbilərinsə Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulunu da mərkəz həyata keçirəcək.

Test bankı...

İmtahan (arxiv fotosu)
İmtahan (arxiv fotosu)

Mərkəz dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını tələb edə, ekspert, mütəxəssisləri müqavilə ilə öz fəaliyyətinə cəlb edə bilər. Bundan başqa, imtahanların keçirilməsi ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq səlahiyyətində olacaq.

Test bankının formalaşdırılması, elmi-metodik təminatın yaradılması, ödənişli əsaslarla sınaq imtahanları keçirmək və hazırlıq kursları təşkil etmək işi də mərkəzin səlahiyyətlərinə aid olacaq.

Şəffaflıq...

Şəffaflıq - mərkəz sayt yaradıb publik bilgiləri topluma açıqlamalıdır.

Nizamnamə kapitalı 1 milyon manat olan yeni qurum dövlət, eləcə də imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsaitlər hesabına maliyyələşəcək. Mərkəz həmçinin qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar da ala bilər.

Yeni qurum həm də şəffaflığı təmin etməlidir. Bunun üçün öz fəaliyyəti haqqında ictimaiyyəti bilgiləndirmək üçün internet saytı yaratmalıdır. İnformasiya azadlığı qanunvericiliyi ilə açıq sayılan bilgiləri öz saytına daxil etməlidir.

XS
SM
MD
LG