Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:20

Dövlət Neft Fondu ötən ili necə başa vurdu?


Dövlət Neft Fondu
Dövlət Neft Fondu

Gəlirlər proqnozu təxminən iki dəfə üstələyib

Dövlət Neft Fondu 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabatını yayımlayıb. Açıqlanan bilgilərdən aydın olur ki, ötən il fondun gəlirləri 15 milyard 986 milyon manat, xərcləri 11 milyard 383 milyon manat olub. Xatırlamağa dəyər ki, 2020-ci ilin sonunda fondun 2021-ci ildəki büdcəsi ilə bağlı qanun təsdiqlənərkən orada 2021-ci ildə Neft Fondunun gəlirlərinin 8 milyard manat, xərclərininsə 12 milyard 250 milyon manata yaxın olacağı proqnozlaşdırılmışdı. Ötən il dünya bazarında neft qiymətlərinin yüksəkliyi fondun gəlirlərinin proqnozla müqayisədə təxminən iki dəfə çox olmasına şərait yaradıb.

2021-ci ilin dövlət büdcəsi hesablanarkən neftin 1 barelinin qiyməti 40 dollardan hesablanmışdı. Ancaq ötən il ərzində "AzeriLight" markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 72 dollara yaxın idi. 2020-ci ildə Dövlət Neft Fondunun gəlirləri 9 milyard 361 milyon manat, xərcləri 12 milyard 425 milyon manat olmuşdu. Bu o deməkdir ki, fondun gəlirləri 2020-ci illə müqayisədə 70 faizə yaxın artıb, xərcləri isə, əksinə, 10 faizə yaxın azalıb.

Aktivlərin yönəldilməsindən əldə edilən gəlir çoxalıb

Fondun ötən il əldə etdiyi 16 milyard dollara yaxın gəlirin 12 milyard 700 milyon manatı, yəni 79.4 faizi neft və qaz sazişlərinin gerçəkləşdirilməsi ilə bağlı gəlirlərdən ibarət olub. Bu vəsaitin 11 milyard 900 milyon manata yaxın hissəsi neft və qazın satışından əldə edilib. Fond gəlirlərinin daha 777 milyonunu bonus ödənişi şəklində qazanıb.

Fondun gəlirlərinin daha bir istiqaməti Neft Fondu aktivlərinin idarə edilməsindən əldə olunan gəlirlərdir. Ötən il ərzində fond bu istiqamət üzrə 3 milyard 300 milyon manata yaxın gəlir əldə edib. Bu isə fondun toplam gəlirlərinin 20.6 faizi deməkdir. Neft Fondunun gəlir strukturunda aktivlərin yönəldilməsindən qazanılan vəsait ilk dəfədir ki, bu qədər çox yer tutur.

Xərclərə gəlincə, onların mütləq əksəriyyəti yenə də dövlət büdcəsinə transfertlə bağlıdır. Fond ötən il dövlət büdcəsinə toplam 11 milyard 350 milyon manat köçürüb. Bu, Neft Fondu xərclərinin 99.7 faizi anlamına gəlir. İl ərzində xaricdə təhsil üzrə dövlət proqramının maliyyələşdirilməsinə 10 milyon manat ayrılıb. Daha 22.5 milyon manat fondun yönəldilmə xərclərinə sərf edilib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar xərci 2 milyard 120 milyon manata yaxın olub.

Ötən ilin yekunlarına görə, Azərbaycanın dövlət büdcəsinin gəlirləri toplam 26 milyard 419 milyon manatdır. Bu o deməkdir ki, büdcə gəlirlərinin 43 faizi birbaşa Neft Fondundan köçürülən vəsait hesabına təmin edilib.

Beləliklə, yekunda fondun sahib olduğu aktivlərin dəyəri 2021-ci ilin sonunda 45 milyard 25 milyon ABŞ dolları olub. Bu, 2020-ci illə müqayisədə 1 milyard 500 milyon dollar və ya 3.5 faiz artım deməkdir.

Fondun investisiya fəaliyyəti, əsasən, inkişaf etmiş ölkələrlə bağlıdır

Hesabatdan aydın olur ki, Dövlət Neft Fondunun investisiya fəaliyyətində əsas yeri inkişaf etmiş ölkələr tutur. İnvestisiya portfelində irəliləmiş ölkələrin 60.6 faiz, inkişaf etməkdə olan ölkələrinsə 20.3 faiz payı var. Beynəlxalq maliyyə qurumlarının investisiya portfelindəki payı 6 faiz civarındadır. Fondun yatırımlarının yerdə qalan 13 faizlik hissəsi qızılın payına düşür.

Coğrafi regionlar üzrə baxanda aydın olur ki, fondun ən çox yatırımları Şimali Amerikadadır (29.3 faiz). Dövlət Neft Fondunun ən çox yatırım etdiyi regionsa Avropadadır. Fondun bütün yatırımlarının 28.2 faizi məhz bu regionda yerləşir. Üçüncü yerdə qərarlaşan Asiya və Sakit Okean regionunda fond investisiyalarının payı 21.6 faizdir. Sonrakı yerlərdə Avstraliya və Yeni Zelandiya (1 faiz), Yaxın Şərq (0.7 faiz) və Afrika (0.1 faiz) qərarlaşıb.

Fond yatırımlarını ən çox "AAA" reytinqli investisiya alətlərinə yatırıb. Ən yüksək reytinqli investisiya alətlərinin fondun toplam portfelindəki payı 62.5 faizdir. Hesabat dövründə fond investisiyalarının 14.3 faizi "AA" reytinqli, 14.5 faizi "A" reytinqli, 7.8 faizi "BBB" reytinqli, 0.9 faizi qeyri-investisiya dərəcəli alətlərə yatırılıb.

Neft Fondu dollara daha çox güvənir

Dövlət Neft Fondunun hesabatında investisiya portfelinin valyuta strukturu da açıqlanıb. Məlum olub ki, fond öz vəsaitlərini ən çox ABŞ dollarında saxlayır. Ötən ilin nəticələrinə görə, Neft Fondunun investisiya portfelinin 69 faizi məhz dollarladır. Fondun ən çox yatırım etdiyi ikinci valyuta avrodur. Bütün investisiyaların 19.5 faizi məhz avroyladır. Fondun investisiya portfelinə daxil olan digər valyutalar funt-sterlinq (5.1 faiz), Yaponiya yeni (1.4 faiz), Çin yuanı (1.3 faiz), Avstraliya dolları (0.6 faiz), Rusiya rublu (0.6 faiz), Türkiyə lirəsidir (0.4 faiz).

İnvestisiya portfelinin valyuta strukturunda ən diqqətçəkən məqamlardan biri türk lirəsi ilə bağlıdır. Türkiyə iqtisadiyyatının ağır günlər keçirdiyi 2021-ci ildə Azərbaycan Neft Fondunun türk lirəsindəki investisiyalarında da azalma baş verib. Əgər 2020-ci ildə fondun investisiya portfelində türk lirəsinin payı 0.7 faiz idisə, ötən il bu göstərici 0.4 faiz olub.

XS
SM
MD
LG