Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:05

Hökumət dövlət şirkətlərindən gözlədiyinin yarısı qədər də gəlir götürməyib


Borcu gəlirindən çox SOCAR
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Borcu gəlirindən çox SOCAR (2022)

Dövlət Azərbaycan iqtisadiyyatında yetərli sayılacaq qədər böyük paya sahibdir. Təkcə bunu demək yetər ki, indi ölkədə əmək müqaviləsi ilə çalışan 1 milyon 748 min nəfərin 900 min nəfəri - 51 faizdən çoxu iqtisadiyyatın dövlət sektorunda çalışır. Başqa sözlə, ölkədə dövlətdən maaş alanların sayı özəl sektordan maaş alanların sayından daha çoxdur. Bir çox ölkədə özəl sektorun əsas paya sahib olduğu sahələrdə Azərbaycanda dövlət şirkətləri əsas oyunçular sayılır. Buna baxmayaraq, səhmlərində dövlətin payı olan müəssisələrin büdcəyə qatqısı o qədər yüksək deyil. Müstəqillik dövründə hökumət bir neçə dəfə dövlət müəssisələrinin maliyyə effektivliyini artırmaq üçün bəlli layihələr gerçəkləşdirsə də, bu sahədə uğur qazana bilməyib.

Hesablama Palatasının ötənilki dövlət büdcəsinə rəyində əksini tapan göstəricilər 2023-cü ildə də dövlət müəssisələrinin gözləntilərdən geri qaldığını təsdiqləyir. Ötənilki büdcə hazırlanarkən, səhmlərində dövlətin payının olduğu müəssisələrdən büdcəyə toplam 321 milyon manatın dividend şəklində daxil olması proqnozlaşdırılmışdı. Ancaq yekun göstəricilərdən aydın olur ki, ötən il dövlət müəssisələri büdcəyə dividend şəklində cəmi 151 milyon manat - proqnozla müqayisədə 170 milyon manat və ya 53 faiz daha az dividend ödəyib.

Mənfəəti olub dividend ödəməyən qurumlar

Büdcəyə ödənilən dividendlərdə bir məqam da diqqət çəkir. Bu vəsaitlərin, demək olar, hamısını sadəcə Azərbaycan Beynəlxalq Bankı (ABB) ödəyib. Ötənilki dövlət büdcəsi hazırlanarkən, ABB-nin büdcəyə 100 milyon manat dividend ödəməsi proqnozlaşdırılmışdı. Bank ilboyu büdcəyə proqnozdan daha çox – 150.9 milyon manat – gözləniləndən 50.9 faiz çox vəsait ödəyib. Başqa sözlə, səhmlərində dövlətin payı olan şirkətlərin 2023-cü ildə Azərbaycanın dövlət büdcəsinə ödədiyi vəsaitin 99.9 faizi Azərbaycan Beynəlxalq Bankının payına düşüb.

Sözügedən şirkətlərin ödədiyi qalan vəsaiti "Aqrarkredit" QSC verib. Bu qurum dövlət büdcəsinə cəmi 190 min manatlıq dividend ödənişi edib. Bu, proqnozlaşdırılan göstəricidən təxminən 10 min manat az məbləğ deməkdir. Ötən il dövlətə məxsus digər bankın – "Azər-Türk Bank"ın da büdcəyə divident ödəməsi nəzərdə tutulsa da, rəsmi rəqəmlərdən görünür ki, həmin bank 2023-cü ildə büdcəyə heç bir divident ödənişi həyata keçirməyib. Hərçənd, maliyyə hesabatından aydın olur ki, bu bank həmin il 14 milyon manatlıq xalis mənfəət əldə edib. Deməli, mənfəət əldə etməsinə və büdcəyə cəmi 1 milyon manat dividend ödənilməsinin nəzərdə tutulmasına baxmayaraq, bu bank büdcəyə ödəniş etməyib.

Büdcəyə 10 qat yük AZAL və s...
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Ötən il maliyyə təşkilatları ilə yanaşı, bəzi qeyri-maliyyə qurumlarının da büdcəyə dividend ödənişi etməsi planlaşdırılırdı. Proqnoza görə, bu məbləğ toplam 220 milyon manat olmalı idi. Di gəl, yekun büdcə rəqəmləri göstərir ki, nəzərdə tutulan 220 milyon manat da büdcəyə köçürülməyib. Həmin 220 milyon manatın 200 milyon manatının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), 15 milyon manatının "Azərbaycan Respublikası Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC, 5 milyon manatınınsa "Azər Gold" QSC tərəfindən ödənilməsi nəzərdə tutulurdu. Ancaq bu qurumların heç biri dövlət büdcəsinə hər hansı bir dividend ödənişi etməyib. Maraqlıdır ki, nəzərdə tutulsa da, büdcəyə dividend ödəməyən hər üç qurum 2023-cü ili mənfəətlə başa vurub. Dövlət Neft Şirkəti 2022-ci ili 9.4 milyard manat, "Azərbaycan Respublikası Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC 65.4 milyon manat, "Azər Gold" QSC isə 51.3 milyon manat mənfəətlə başa vurmuşdu və bu qurumlar həmin mənfəətdən 2023-cü ildə dividend ödənişi etməliydi.

Dövlət müəssisələrinin büdcəyə qatqısı niyə azdır?

Azərbaycan iqtisadiyyatında hegemon mövqeyi olsa da, dövlət şirkətlərinin büdcəyə qatqısı yüksək deyil. Əsas səbəblərdən biri bir çox iri dövlət müəssisəsinin daim zərərlə işləməsidir. Bu zərərin əsas səbəbi isə həmin qurumların fəaliyyətlərinin səmərəsiz təşkili ilə yanaşı, şəffaflıq və hesabatlılıqla da bağlı problemdir. Bir çox dövlət qurumu hesabatlılıqla bağlı tələbləri tam icra etmədiyindən uzun illər ərzində onların resursları korrupsiyanın yeminə çevrilib. Elə bu üzdən müstəqil iqtisadçılar Azərbaycanda iri dövlət müəssisələrinin özəlləşdirilməsinin vacibliyindən tez-tez söz açırlar. Özəlliklə böhran dönəmlərində hökumət də bu yöndə bəlli açıqlamalar versə də, sonradan ciddi addımlar atmayıb. Deməli, dövlət qurumları ilə bağlı şəffaflıq və hesabatlılıq problemləri aradan qalxmadan, həmin müəssisələr korporativ idarəetmə standartları ilə yönəldilmədən bir çox dövlət qurumundan effektiv fəaliyyət gözləmək əbəsdir.

Dövlətə məxsus müəssisələrdə diqqət çəkən daha bir məqam büdcəyə dividend ödəmək potensialı olan bir çox azsaylı müəssisənin də bunu etməməsidir. Həmin qurumlar mənfəət götürdükləri hallarda da dividend ödənişi etməkdən yayınır. Bu məqam Azərbaycanda dövlət maliyyəsi ilə bağlı tənzimləmələrdə ciddi boşluqlar olduğunu üzə çıxarır. Hökumət belə yayınmaların önünü kəsməkdən ötrü tənzimləyici qaydaları sərtləşdirə bilər. Üstəlik, dövlət müəssisələrindən gözlənilən dividendlərlə bağlı proqnozların da yaxşılaşdırılmasına ehtiyac var. Axı bu proqnozlar özünü doğrultmasa, büdcə ilə bağlı risklər ortaya çıxa bilər.

XS
SM
MD
LG