Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:03

Dünya Meteorologiya Təşkilatı: Buzlaqlar əriyir, çaylar quruyur, içməli su azalır


Po çayının qurumuş yatağı (2022-ci il)
Po çayının qurumuş yatağı (2022-ci il)

2022-ci ildə dünya çaylarının üçdə birində çayların dayazlaşması baş verib, Tibet, Alp və And dağlarında buzlaqların azalması davam edib.

Bu barədə Dünya Meteorologiya Təşkilatının qlobal su resurslarının vəziyyətinə dair hesabatında deyilir.

Təşkilat bu nəticəyə gəlib ki, insanın fəaliyyəti nəticəsində pisləşən qlobal istiləşmə planetdə hidroloji dövriyyənin pozulmasına səbəb olub.

Ötən il dünya çaylarının yarısından çoxunda su axını rejimi normadan kənar olub. Çayların 34 faizi dayazlaşıb, 21 faizində suyun artımı baş verib.

DMT bildirir ki, bu məlumatlar 2021-ci ildən bəri dəyişməyib.

Hesabatda qeyd olunur ki, iri su anbarlarının 60 faizinə su axını normadan az və ya normada olub.

Bütün bunlar əhali artımı və iqlim dəyişikliyi şəraitində bütün istehlakçıların su ilə təchiz olunmasında problem yaradır.

“Üçüncü qütb” adlandırılan Asiya dağ massivləri – Tibet, Himalay, Pamir və Tyan Şan 2000-ci ildən bəri buzlaqlarının 4 faizini itirib, qar örtüyü azalıb və buzlaq göllərində suyun həcmi artıb.

Bu da qeyd olunur ki, bu dağlar az qala iki milyard insanı içməli su ilə təmin edir.

Buzlaqların "misilsiz" itkisi

Hesabatda deyilir ki, Reyn, Dunay və Po çaylarını qidalandıran Alp dağlarında qar örtüyü orta səviyyədən aşağı olub.

Sənəddə qeyd olunur ki, Alp dağlarında buzlaqların “misilsiz” itkisi müşahidə olunur.

Subtropik qursaqdakı And dağlarında 2009-cu ilin qışından bəri qar yağıntıları azalmağa başlayıb. Bu isə Çilinin və Argentinanın qərb hissəsinin su ilə təchizatına təsir göstərir.

BMT-nin məlumatına görə hazırda dünyanın 8 milyardlıq əhalisinin 3.6 milyard nəfəri ildə azı bir ay içməli su çatışmazlığı ilə üzləşir.

Təxminlərə görə 2050-ci ilədək bu rəqəm 5 milyarda çata bilər.

Çayların dayazlaşması və buzlaqların itirilməsi insanlardan, heyvan və bitkilərdən başqa həm də gəmiçiliyi, kənd təsərrüfatını və hidroenergetikanı mənfi təsirləndirir.

XS
SM
MD
LG