Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:39

Keçmiş deputatın şahidləri məcburi gətiriləcək


Dünyamin Xəlilov
Dünyamin Xəlilov

Bir il iki aydır həbsdə olan keçmiş deputat, Bakıdakı «Globus Plaza»nın sahibi Dünyamin Xəlilovun məhkəməsinə şahidlər gəlmir. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputatın işinə baxan hakim Əhməd Quliyev bildirib.

MEXANİKİN ADINA BÖYÜK MƏBLƏĞDƏ KREDİT AYRILIB

Ona görə də, məhkəmə həmin şahidlərin məcburi gətirilməsi haqda qərar qəbul edib.

Aprelin 13-də keçirilən məhkəmədə «İnter Tekstil» şirkətində mexanik işləmiş Elxan Yaqubov dindirilib. İttihama görə, onun adına Beynəlxalq Bankdan böyük məbləğdə kredit ayrılıb. O, istintaqa ifadəsində deyib ki, rəhbərliyin göstərişi ilə gedib bankda sənədləri imzalasa da, nə ayrılmış krediti alıb, nə də həmin vəsaitin hara getdiyini bilir.

***Buna da bax-Həbsdəki keçmiş deputat: 'Pullar xaricdə torpaq sahələrinə xərclənib'

E.Yaqubov bu ifadəsini məhkəmədə də təsdiqləyib. Deyib ki, orada işləyənlərin əksəriyyətini göndərib, adlarına kredit götürüblər: «Mən də sənədləri imzaladım. Ola bilsin ki, qanunları yaxşı bilmədiyim üçün qol çəkmişəm».

KREDİTLƏR QAYTARILMAYIB

Bu cinayət işinə görə keçmiş deputatla yanaşı, daha altı nəfər təqsirləndirilir. Amma D.Xəlilovdan fərqli olaraq, onlar həbsdə deyil. Sumqayıtda fəaliyyət göstərən «İnter Tekstil» ASC-nin İdarə Heyətinin üzvü olan Şakir Musayev də təqsirləndirilənlər arasındadır.

İttihama görə, D.Xəlilov Ş.Musayev və digərləri ilə birləşib, Beynəlxalq Bankdan müxtəlif işçilərin adlarına ümumilikdə 50 milyondan artıq kredit götürüblər. İllər öncə götürülmüş o kreditlər bu günə qədər qaytarılmayıb.

Digər təqsirləndirilən şəxslər məhkəmədə günahsız olduqlarını, işçilərin banka göndərilməsi göstərişini D.Xəlilovdan aldıqlarını, keçmiş deputatın onlardan bəzilərinin adına şirkətlər açdığını bildiriblər. Onların sözlərinə görə, «İnter Tekstil»ə də faktiki o, rəhbərlik edib.

***Buna da bax-Beynəlxalq Bankın baş direktoru Cahangir Hacıyevi suçladı

«Dünyamin müəllim mənə zəng edib dedi ki, «işçiləri banka göndərin, layihələrlə bağlı kredit müqavilələrinə qol çəkəcəklər, kredit ödəniləcək». Mən də bunu baş mühasibə tapşırdım. Nə mən, nə də işçilər nə qədər kreditə qol çəkdiklərini bilmirdilər. Dünyamin müəllim bizim rəhbərimiz idi, onun tapşırıqlarını icra edirdik. Biz ona hesabat verirdik», – Ş.Musayev məhkəmədə belə deyib.

«CAHANGİR HACIYEV GÖSTƏRİŞ VERİB»

D.Xəlilov isə ayrılan vəsaitlərin mənimsənilmədiyini, Beynəlxalq Bankla birlikdə ölkə daxilində və Türkiyə, Albaniya kimi ölkələrdə həyata keçirilən layihələrə xərcləndiyini bildirib.

Beynəlxalq Bankın rəhbərliyinə daxil olan şəxslər, o cümlədən «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyəti sədrinin müşaviri Emin Mustafayev, bankın baş direktoru Fuad İslamov və digərləri də bu işə görə məhkəmədə dindirilib. Onlardan soruşulub ki, aylıq əməkhaqqı 200-250 manat olan mexanikin, sürücünün adına 200-250 min kreditlər hansı əsasla verilib? Onlar da həmin kreditlərin ayrılmasına Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin göstəriş verdiyini bildiriblər.

D.Xəlilov özü də məhkəmədə bildirib ki, C.Hacıyevi tələbəlik dövründən tanıyır, onunla həm dostluq, həm də işgüzar münasibətləri olub.

D.Xəlilovun məhkəməsi aprelin 20-də davam edəcək.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir neçə maddə üzrə ittiham olunub.

XS
SM
MD
LG