Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:23

Keçmiş deputatın məhkəməsi başlanıb


Dünyamin Xəlilov
Dünyamin Xəlilov

Keçmiş deputat, Bakıdakı «Globus Plaza»nın sahibi olan Dünyamin Xəlilovun məhkəməsi başlayıb.

Beynəlxalq Bankdan milyonlarla pulu alıb qaytarmamaqda suçlanan Dünyamin Xəlilova CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb.

2016-ci ilin fevralından həbsdə olan sabiq deputatın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

50 MİLYON MANATLIQ BORC

Dünyamin Xəlilov hakimlər önünə tək çıxarılmayıb. Beynəlxalq Banka böyük məbləğdə kredit borcu olan Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov və Rauf Əliyev də onunla birlikdə mühakimə olunur. Amma keçmiş deputatdan fərqli olaraq, onlar barəsində həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib. Adları çəkilən şəxslərin banka ümumilikdə 50 milyon manat borclu olduğu bildirilir.

Yanvarın 26-da bu iş üzrə məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. O da məlum olub ki, zərərçəkmiş qismində Beynəlxalq Bankla yanaşı, həm də «Aqrarkredit» QSC-nin nümayəndəsi məhkəmədə iştirak edəcək. Çünki prezident fərmanı ilə Beynəlxalq Bankın problemli kreditlərinin həlli məsələsi «Aqrarkredit»ə həvalə olunmuşdu.

Dünyamin Xəlilov və digərlərinin işi məhkəmə baxışına verilib və proses fevralın 2-nə təyin olunub.

XATIRLATMA

2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə əlaqədar bir çox iş adamlarının saxlandığı bildirilirdi.

Dünyamin Xəlilovu Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları həbs edib. Onun adı Beynəlxalq Bankın keçmiş rəhbəri, oktyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin məhkəməsində də tez-tez hallanırdı. C.Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib.

XS
SM
MD
LG