Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:45

Dövlətdən pul alıb vətəndaşı aldadan vəkil


Məhkəmə
Məhkəmə

Bir il öncə Bakının Qaradağ rayonu ərazisində, Xocasən-Lökbatan yolunda «Mercedes» markalı minik avtomobiliylə yük maşını toqquşmuş, beş nəfər ölmüşdü. Ölənlər bir ailənin üzvləri idi, aralarında 6 aylıq körpə də vardı. İndi həmin hadisəyə görə yük maşınının sürücüsü Heydər Quliyev məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

H.Quliyev and-aman edir ki, qəzanın baş verməsində onun günahı olmayıb. Deyir, bunu işi araşdıran hüquq-mühafizə orqanlarının əməkdaşları da yaxşı bilirdi. Bildirir ki, dəfələrlə müstəntiqlə də bu barədə söhbəti, telefon danışığı olub. Uzun müddət istintaqa gedib-gələndən sonra bilib ki, neçə vaxt imiş onu hadisəni törətməkdə suçlayırlar, təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bu zaman işi araşdıran hakimlər ona xatırladıb ki, axı, cinayət işinin materiallarında onun vəkilin iştirakıyla verdiyi ifadə, başqa istintaq hərəkətlərini sübut edən protokollar, sənədlər var. Sənədlərə vəkil kimi imza atan isə Şükür Şıxıyev olub.

Təqsirləndirilən sürücü deyib ki, nə o, belə bir ifadə verib, nə də dindirmələrdə həmin vəkil iştirak edib. H.Quliyevin sözlərinə görə, müstəntiq ona təqsirinin olmadığı və bu üzdən faktla bağlı cinayət işinə xitam verildiyini söyləyib və sənədi imzalamasını istəyib. O da imzalayıb. Sonradan bilib ki, onu aldadıblar.

«Yenə çağıracaqdılar, ona görə bütün sənədləri imzaladım»

H.Quliyev həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib. İndi onun hüquqlarını vəkil Əli Hüseynov müdafiə edir. İstintaq zamanı müvəkkilinin müdafiə hüququnun pozulduğunu deyən vəkil bildirib ki, ona dövlət hesabına təyin edilən müdafiəçi formal olub, sənədlərə imza atsa da, əslində, istintaq hərəkətlərində iştirak etməyib. Yəni H.Quliyev, faktiki, müdafiəçisiz qalıb. Nəticə də budur ki, onu aldadıb iradəsi əleyhinə sənədlərə imza atdırıblar. Müdafiə hüququnun pozuntusuyla əldə olunmuş həmin sənədlər sübut kimi qəbul oluna bilməz.

Ə.Hüseynov israr edib ki, dövlət hesabına işə qoşulub sənədləri imzalamış vəkil məhkəmədə dindirilsin. Novruz Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin edib, noyabrın 21-də Ş.Şıxıyev məhkəmədə dindirilib.

Təqsirləndirilən H.Quliyev bir daha təkrarlayıb ki, bu adam ona vəkillik etməyib. Vəkil Ş.Şıxıyev hadisə yerinə baxışda iştirak etdiyini söyləsə də, H.Quliyev bildirib ki, yalandır, orada özü tək olub. Digər məsələlərdə isə o da dolayısıyla sürücünün dediklərini təsdiqləyib. Etiraf edib ki, H.Quliyevin dindirilməsi və başqa istintaq hərəkətlərində iştirak etmədiyi halda sənədləri imzalayıb. Hərəkətini də belə əsaslandırıb: «Ekspertiza rəyinə baxanda gördüm ki, Heydər Quliyev günahkardır. Bu adam beş nəfərin ölümünə səbəb olmuşdu. Özü orada yox idi. Bildim ki, buna görə məni yenə idarəyə çağıracaqlar. Ona görə elə bütün sənədlərə qol çəkdim...».

«Ona görə «paykovoy» adı qoyublar...»

Hakimlər ona xatırladıb ki, müdafiəçinin belə hərəkəti təkcə etik yox, həm də qanun pozuntusudur: «Elə belə hərəkətlərə görə dustaqlar gəlib burada vəkillərdən şikayətlənirlər, «paykovoy» adı qoyublar. Bunu necə qəbul edirsiz? Eləməyin belə şeylər...».

Ş.Şıxıyev günahkar olduğunu təsdiqləyib: «Bəli, buna görə günahkaram və məsuliyyət daşıyıram».

Təqsirləndirilən şəxsin hazırkı vəkili Ə.Hüseynov isə ən azı, məhkəməyə ifadəsində düz danışıb günahını etiraf etdiyinə görə həmkarına təşəkkür edib.

Bu işin istintaqını Qaradağ Rayon Polis İdarəsində müstəntiq Tural Alıyev aparıb. Dövlət hesabına müdafiəçi onun təqdim etdiyi sənədlərə imza atdırıb.

Dövlət hesabına təyin olunan vəkillərin istintaq dövründə müvəkkillərinin hüquqlarını qorumaq əvəzinə, istintaq orqanının maraqlarına xidmət etməsi barədə şikayətlər tez-tez olur. Hətta Nardaran hadisələrinə görə həbs olunan şəxslər, o cümlədən ilahiyyatçı Taleh Bağırov istintaq dövründə dövlət hesabına təyin edilib onların sənədlərinə imza atmış vəkilləri məhkəmə zalından qovmuşdu.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov da belə problemin olduğunu etiraf edib.

Azərbaycanda vətəndaşa göstərilən ödənişsiz hüquqi yardımın hər saatına görə dövlət əvvəl 2 manat ödəyirdi. 2018-ci ilin fevralında prezidentin sərəncamıyla bu məbləğ artırıldı. İndi ödənişsiz hüquqi yardımın hər saatına görə dövlət hesabına təyin edilən vəkilə 6 manat ödənilir.

XS
SM
MD
LG