Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:35

Qızlar üçün gizli məktəb açıb


Kabildə evdə dərs, arxiv fotosu
Kabildə evdə dərs, arxiv fotosu

Əfqanıstanın 34 vilayətindən səkkizində bəzi məktəblər yenidən açılıb

Əfqanıstanda gənc bir qadın Kabildəki evində qızlar üçün gizli məktəb açıb. Universitet bitirmiş Mursal AzadAvropa/AzadlıqRadiosu-nun Əfqanıstan xidmətinə – RadioAzadi-yə deyib ki, 50-dək qıza öz hesabına təhsil verir. Qızların çoxunun yaşı 12 və yuxarıdır.

Taliban bu ilin avqustunda ölkəni tutandan 7-12-ci sinif şagirdi olan qızların çoxunun məktəblərə qaytıması yasaqlanıb. İslamçı qruplaşma yalnız 1-6-cı siniflərdə oxuyan qızlara təhsili davam etdirməyə icazə verib.

Ömürlük həbs cəzası

Əsl adının çəkilməsini istəməyən Mursal deyir ki, məqsədi qızların təhsildən geri qalmamasına kömək etməkdir. 20 yaşlarında olan Mursal qızları məktəb ləvazimatları ilə təmin edir.

Onun şagirdlərindən biri Sürəyya deyib ki, Taliban hakimiyyəti ömürlük həbs cəzasına bənzəyir.

“Qızların çoxu ümidsizdi, depressiya, stress içindəydi. Bu məktəbin bizə çox köməyi dəydi”, – Sürəyya vurğulayıb.

“Talibandan xahiş edirəm ki, məktəbləri açsınlar, qızlar savadsız, gələcəksiz qalmasınlar”, – bu gizli məktəbə gedən 11-ci sinif şagirdi Gül Mina deyib.

Talibanın vədi və reallıq

Taliban qızların orta təhsilinə qadağanın müvəqqəti olduğunu, yeni rejimin qızların hamısının məktəbə getməsi üçün “təhlükəsiz mühit” yaratmağa çalışdığını deyir.

Tənqidçilərsə silahlıların 1996-2001-ci illərdə hakimiyyətdə olanda da oxşar vədlər verdiyini yada salır. Ancaq altı illik hakimiyyətləri dövründə qızların təhsili yasaqlandı.

Xüsusilə kənd yerlərində milyonlarla qız 2001-ci ildə, ABŞ Taliban rejimini devirəndən sonra məktəbə getdi.

Talibanın Təhsil Nazirliyinin sözçüsü Nazar Məhəmməd İrfan Radio Azadi-yə deyib ki, mühafizəkar qruplaşma qızlar üçün özəl, yaxud qeyri-rəsmi məktəblərə qarşı deyil.

“Biz onlarla mümkün qədər işləyərək ölkədə savadlılığı, təhsil səviyyəsini qaldırmağa, nöqsanları aradan qaldırmağa hazırıq”, – İrfan vurğulayıb.

Gender ayrıseçkiliyi

Amma çoxları buna inanmır.

“Məncə, onların göstərdiyi səbəblərdən çox aydın görünən odur ki, bir faktı gizlətməyə çalışırlar, onlar qızların məktəbə getməsini istəmirlər”, – “Human Rights Watch” insan haqları təşkilatından Hezer Barr radioya deyib.

Onun sözlərinə görə, Talibanın məsələni yubatmasının əsl niyyəti gender ayrıseçkiliyidir ki, artıq bunu universitetlərdə və hökumət idarələrində tətbiq edib.

“Hökumətin orta məktəbləri onsuz da genderə görə bölünüb, onların nə etmək istədiyini bilmək çətindir”, – Barr sözlərinə əlavə edib.

O, Əfqanıstanın 34 vilayətindən səkkizində bəzi məktəblərin yenidən açıldığını vurğulayır. Bir çox hallarda isə məktəblər yerli müəllimlərlə yerli Taliban rəsmiləri ilə danışıqlardan sonra açılıb.

Qaranlıq gələcək

Qeyri-hökumət təşkilatlarının idarə etdiyi özəl məktəblər nəzəri baxımından işləyə bilər. Amma ölkədəki ağır iqtisadi və humanitar böhran onların da bağlanması ilə sonuclanıb.

Taliban hakimiyyəti ələ keçirəndən bir sıra repressiv qanunları bərpa edib. Sentyabrda yalnız kişilərdən, üstəlik qruplaşmanın aparıcı üzvlərindən ibarət hökumət formalaşdırılıb. Silahlılar Qadın Məsələləri Nazirliyini ləğv edib.

Qruplaşma qadınların öz təhlükəsizliyi üçün əsasən evdə qalmasını tövsiyə edir. Onminlərlə qadın hökumət işçisinə də işə çıxmamaq göstərişi verilib.

Mursalın şagirdlərindən biri Neda deyir ki, Taliban hakimiyyəti dövründə qızların və qadınların taleyinin necə olacağı ağlından çıxmır.

“Gələcəyimiz nəyə bənzəyəcək?” – o sual edir.

XS
SM
MD
LG