Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:01

27 siyasi məhbusun adı əfv komissiyasına verilib


Arzu Abdullayeva
Arzu Abdullayeva

Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanacağı gözlənir. Əfv Komissiyası artıq toplanmağa, müzakirələrə başlayıb. Hüquq müdafiəçiləri adıçəkilən komissiyaya siyahı təqdim ediblər. Siyahıda 27 siyasi məhbusun adı var. Bu haqda İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Arzu Abdullayeva AzadlıqRadiosuna deyib.

– Biz də əfvlə bağlı müraciət etmişik. Komissiyanın üzvü, deputat Azay Quliyevdən də, komissiyanın başqa üzvlərindən, katibliyindən də aparılan müzakirələrlə maraqlanmışıq. Xəbər budur ki, siyahılar artıq danışılıb, razılaşdırılıb. Ancaq onun nəticəsi necə olacaq, bunu ancaq Novruz bayramı ərəfəsində biləcəyik. Novruz bayramında əfv sərəncamı imzalanmalıdır. Planlar belədir. Amma olacaqmı? Bu, bizim heç birimizdən asılı iş deyil. Biz ancaq müraciət edə bilərik.

Arzu Abdullayeva: "Ancaq kim dəqiq əfv ediləcək, deyə bilmərik"
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00
Direct-ə keçid

– Gözləntiniz nədir?

– Əlbəttə, gözləntilərimiz böyükdür. Əlbəttə, biz istərdik dostlarımız, günahsız adamlar həbsdən çıxsın. İlqar Məmmədovun, Seymur Həzinin, NİDA-çı uşaqların, Qiyas İbrahimovun, Bayram Məmmədovun, Əli İnsanovun azadlığa çıxmasını istəyirik. Ümumiyyətlə, siyasi məhbusların, vicdan məhbuslarının, günahsız həbs edilənlərin çıxmasını istəyirik.

– Bu adlarını sadaladığınız şəxslərin adları siyahıya salınıb?

– Bəli.

– Taleh Bağırzadənin də?

– Onun barəsində dəqiq bilmirəm. Bildiyim odur ki, o, müdafiə olunur, işi araşdırılır. Mənə qalsaydı, əlbəttə, müdafiə edərdim, adını siyahıya da salardım. Bu adama qarşı işgəncələr də olub. Bizim cəmiyyət olaraq onun qarşısında günahımız daha çoxdur, o, hətta cinayət etmiş olsa belə. İqtidar kiməsə, o, hətta cinayətkar olsa belə, kiməsə işgəncə tətbiq edirsə, bu vəziyyətdə rəsmi qurumların günahı daha böyükdür. Taleh Bağırzadənin isə günahı sübuta yetirilməyib. Mənim üçün o, siyasi məhbusdur.

– Arzu xanım, komissiya üzvləri ilə danışdığınızı, siyahıların razılaşdırıldığını deyirsiniz. Təxminləriniz nədir? Kimlərin azadlığa çıxması gözlənir?

– Bu haqda məlumat yoxdur. Siyahı təqdim edilib. Orda siyasi məhbuslardan 27 nəfərin adı var. Adi adamlar da var, ancaq onlar məşhur deyil, kimisi xəstədir, kiməsə qarşı ədalətsiz hökm çıxarılıb. Bəzi hərbçilərin, bəzi islamçıların adı siyahıya salınıb. Ancaq kim dəqiq əfv ediləcək, deyə bilmərik. Bu, axırıncı məqamda prezidentin qərarı ilə həll olunur.

– 27 nəfərlik siyahını kimlər hazırlayıb?

– Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı və mən həmin siyahını hazırlayaraq həm İşçi Qrupa, həm də Əfv Komissiyasına təqdim etmişik. Məşhur siyasi məhbusların da adları siyahıdadır.

– 27 nəfər necə müəyyənləşdirilib?

– Tanınan, şəxsən özümüzün də tanıdığımız, işləri həm jurnalistlər, həm də hüquq müdafiəçiləri tərəfindən araşdırılanları ora daxil etmişik. Siyahı, əlbəttə, çox böyükdür. Siyahı ilə bağlı bizdə yekun qərar da yoxdur. Nə hüquq müdafiəçiləri tərəfindən, nə də beynəlxalq təşkilatlar tərəfindən. Siyahılar müxtəlifdir. O siyahılardakı insanların hamısı müdafiəyə layiqdir və edilirlər də. Ancaq biz komissiyaya 90 nəfərlik və ya 160 nəfərlik siyahı təqdim etsək, onların hamısını azadlığa buraxmayacaqlar, həm də ciddi qəbul edilməyəcək. Ona görə hansı siyasi məhbusla bağlı beynəlxalq dəstək almışıqsa, yəni Avropa Şurası, Beynəlxalq Amnistiya təşkilatı kimin müdafiəsinə qoşulubsa, kimlərin işi artıq yekunlaşıbsa, Avropa İnsan Haqları Məhkəməsi azadlığa çıxmasını tələb edirsə, kimlərin səhhətində problem varsa, onlarla bağlı öz aramızda razılığa gələrək siyahıya salmışıq. Birinci mərhələdə 27 nəfərin adını təqdim etdik. Bu siyahıda adı olan 27 nəfərin hər biri hüquq müdafiəçiləri tərəfindən dəstəklənir, heç kim onların adının ora salınmasına etiraz etməyib.

– Deməli, etirazla qarşılanan adlar siyahıya salınmayıb?

– Kimin üçünsə elə siyasi məhbusların sayı 27 nəfərdir, bundan artıq deyil, kimi də təkid edir ki, 90, ya 160 nəfərdir. Bu da işdə çətinlik yaradır. Belə vəziyyət həm hüquq müdafiəçiləri, həm vətəndaş cəmiyyəti arasında, həm də iqtidarla vətəndaş cəmiyyəti arasında polyarizasiyaya səbəb olur. Eləcə də beynəlxalq təşkilatlarla anlaşmada problemlər yaradır. Belə olmamalıdır və ümumi razılaşma əldə edilməlidir. Buna zəmin də var. Yığışıb ambisiyasız, konsensus əsasında bütün dəlilləri araşdıraraq bir qərara gəlməyə çalışmaq lazımdır.

XS
SM
MD
LG