Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:15

Ekspert: Naxçıvana dəhliz sülh üçün fürsətdir


Naxçıvan dəhlizi hardan keçəcək?
Gözlə

No media source currently available

0:00 0:06:03 0:00

Naxçıvan dəhlizi hardan keçəcək?

Arzu Abbasov Naxçıvandakı yaxınları ilə Naxçıvana dəhliz açılması planlarını müzakirə edir. Özü əslən Şahbuz rayonunun Badamlı kəndindəndir, bir neçə ildir Bakıda yaşayır.

O deyir ki, pandemiyadan əvvələ qədər tez-tez Naxçıvana, qohum-əqrəbasının yanına gedib-gəlirdi. O 12, 13 saatlıq yolun əziyyətlərindən danışır:

“Ən böyük əziyyətimiz İran gömrük keçid məntəqələrini keçmək idi. Uzun növbələr olurdu, keçid məntəqələrində olanlar bilər. Sıxlıq, bəzən saatlarla növbədə gözləyirdik. İki avtobus ard-arda düşdüsə, növbələr lap çox olur. Çox əziyyət çəkirik, çox. Heç bir sivil qayda-qanunlar yoxdur”.

Naxçıvan Muxtar Respublikasının Azərbaacanla birbaşa quru yolu ilə əlaqəsi yoxdur. Muxtar Respublika Türkiyə, Ermənistan və İranla həmsərhəddir.

Azərbaycan, Ermənistan və Rusiya dövlət rəhbərlərinin imzaladıqları bəyanatda Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin açılması da nəzərdə tutulur.

Bəyanatda qeyd olunur ki, nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirəcək.

Arzu Abbasov deyir ki, Naxçıvan dəhlizi nəinki gediş-gəlişi asanlaşdıracaq, həm də yerli əhalinin dolanşığına, sosial və iqtisadi həyatına təsir edəcək.

“Blokadadır da elə bil. Biz çox əziyyət çəkirik. Məsələn, Bakıdan Qazaxa qədər təxminən eyni yol edir Naxçıvana gedib, gəlmək. Amma yasımız, xeyir işimiz olanda gedə bilmirdik. İran bizə çox məhdudiyyətlər qoyurdu. Məsələn, axşam saat 6-dan sonra gömrük keçid məntəqəsi bağlı olurdu. İndi bu dəhliz açılsa, bu problemlərin həllindən başqa, həm də biz naxçıvanlılara iqtisadi təsirləri də olacaq. İrandan keçən yük maşınları hamısı öz yolumuzla gedəcək. Çox böyük təsirləri olacaq”.

"Laçın dəhlizində" azərbaycanlılar yaşaya biləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:12:00 0:00

"Ermənistan üçün də böyük prespektivlər açılır"

Millət vəkili, əslən naxçıvanlı olan Fazil Mustafa deyir ki, bu dəhlizin açılması bütövlükdə regiona təsir edəcək. Regionun iqtisadi önəmi daha da artacaq, Mərkəzi Asiyaya çıxış imkanı yaranacaq:

“Bölgədə yeni bir kommunikasiya dizaynı gerçəkləşir. Bu dizaynda da aparıcı rolu Azərbaycan, Türkiyə, Rusiya oyanayır. Ermənistan üçün də böyük prespektivlər açılır. İranla, Rusiya ilə, ən əsası Türkiyə ilə əlaqəsini qura bilir. Ermənistanın baş naziri də çıxışlarında bildirmişdi ki, Ermənistan yüklərinin Naxçıvan üzərindən İrana rahatlıqla keçməsini çox istəyirlər”.

Fazil Mustafa deyir ki, hələlik bu dəhlizin detalları haqda məlumat yoxdur. Lakin o hesab edir ki, əvvəllər Naxçıvana 41 kilometrlik dəmir yolu xətti olub. Onun fikrincə, Naxçıvanın reylefi əsasən dağlıq ərazi olduğundan avtomibil yolunun haradan keçəcəyi və digər məsələlər üzərində müətəxisslər işləməlidir. Mütəxəssis rəylərindən sonra detallar müəyyənləşdirilə bilər.

Belə ehtimallar səslənir ki, Ermənistan ərazisindən keçəcək dəhliz Zəngilan – Ordubad, Laçın-Şahbuz və ya Kəlbəcər - Sədərək arasında ola bilər. Amma hələlik bu haqda hər hansı rəsmi açıqlama yoxdur.

Prezident İlham Əliyev dünən dekabrın 1-də xalqa müraciətində Naxçıvan dəhlizindən də danışıb. O bildirib ki, bir yox, iki dəhliz də ola bilər:

“Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni, bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər”.

Prezident Laçın şəhərinin taleyinə aydınlıq gətirdi
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Tez-tez xəritəyə baxır

Avropa Xarici Münasibətlər Şurası analitik mərkəzindən Asli Aydıntaşbaş düşünür ki, Azərbaycan və Ermənistan arasında belə bir dəhlizin açılması hər iki ölkə üçün bir fürsətdir:

“Yəni, Naxçıvan və Laçın koridorunu vurğulamaq istəyirəm. Bu koridorların varlığı bölgədə tərəflərin yenidən bir-birləri ilə danışıqlar masasına keçməsi üçün bir fürsətdir. Türkiyənin də Azərbaycanın bir başa çıxış imkanı olacaq. Amma bu çıxış Ermənistan torpağından keçəcək. Bu da mənim fikrimcə, Ermənistanla Türkiyə münasibətlərinin də normallaşması üçün bir fürsətdir. Bölgədə iqtisadi maraqlar, bölgə ölkələrinin iqtisadi faydalarla sülhə apara bilər. Artıq bu barədə danışmağın zamanıdır”.

Arzu Abbasov isə deyir ki, noyabrın 10-dan bəri tez-tez xəritəyə baxır, dəhlizin haradan və necə keçəcəyini ehtimal etməyə çalışır.

Azərbaycandan Naxçıvana birbaşa təyyarə reysi də var. Quru yolla getmək üçün isə iki dəfə gömrük məntəqəsi keçməlisən, bir dəfə İran ərazisinə girmək üçün Biləsuvar gömrük məntəqəsini, ikinci dəfə isə İrandan çıxmaq üçün Culfa gömrük məntəqəsini.

Arzu Abbasov deyir ki, tezliklə bu əziyyətli günlərin geridə qalacağı, Naxçıvana rahatlıqla gedib-gələcəyi günü gözləyir.

XS
SM
MD
LG