Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:06

Çeçenistanda 'Əl-Əzhar' Kadyrov-un nəyinə lazımdır?


Qahirədə Əl-Əzhar məscidi
Qahirədə Əl-Əzhar məscidi

Qahirədəki Əl-Əzhar Universiteti Çeçenistanda filial açacağı barədə xəbəri təsdiqləyib.

Çeçenistan müftisi Salah Mezhiyev və Misirin ali imamı şeyx Ahmed al-Tayeb Əl-Əzhar İslam Universitetinin Çeçenistanda filialının açılması barədə razılığa gəliblər.

İslam dünyasında böyük nüfuza malik bu universitetin Çeçenistanda filialının açılmasında məqsəd Misirdə oxumaq istəyən rusiyalı tələbələri Qroznıya, yerli hökumətin nəzarəti altına göndərməkdir. Çünki hökumət Qahirədə oxuyanların, az qala, radikal sələfilər kimi geri dönməsindən qorxur.

3 İSLAM UNİVERSİTETİ

Şimali Qafqazda üç İslam universiteti fəaliyyət göstərir: Mahaçqalada imam əş-Şafii adına Universitet, Nalçikdə Əbu Hənifə adına İslam İnstitutu və Qroznıda Kunta-Hacı Kişiyev adına Universitet.

90-cı illərin əvvəllərində regionda onlarla İslam institutu yaradılmışdı. Onlar nəinki Rusiyanın, ümumiyyətlə, heç bir dövlətin ali məktəb qaydalarına cavab vermirdilər. 2000-ci illərdə, çeçen müharibəsi zamanı onlardan yaxa qurtarmaq qərara alındı. Yalnız iki institut saxlanıldı və onlara federal status verildi.

Müsəlman regionlarının dini baxımdan yekcins olmamasını anlayaraq, Şimali Qafqazın şimal-qərbi və mərkəzi regionları (Adıgey, Qaraçay-Çərkəz, Qabardin-Balkar və Şimali Osetiya) üçün Əbu Hənifə adına İnstitutu yaratdılar. Bu məktəb hənəfi məzhəbini tədris etməli idi. Şimal-şərq (Çeçenistan, İnquşetiya və Dağıstan) üçünsə şafii məzhəbini tədris edən əş-Şafii adına Universitet yaradıldı. Ancaq Çeçenistan hökuməti istəyirdi ki, öz institutu olsun. Çox çək-çevirdən sonra 2009-cu ildə Qroznıda Kunta-Hacı Kişiyev adına universitet təsis edildi. Rusiya prezidenti Vladimir Putin universiteti ziyarət edərək Moskvanın ona dəstəyini göstərdi.

Çeçenistanda məscid
Çeçenistanda məscid

HÖKUMƏTƏ YAXIN MÜFTİLƏR

Hökumətin planına görə, bu federal ali məktəblər Moskvanın müəyyənləşdirdiyi proqram əsasında yerli müsəlman ruhani idarələri üçün kadrlar hazırlamalıdır.

Şimali Qafqazın İslam məktəblərində «ənənəvi İslam»ın tədrisi nəzərdə tutulurdu. Dövlət bu ifadə ilə özünə tabe olan, özünün təyin etdiyi şəxslər vasitəsilə fəaliyyət göstərən İslamı nəzərdə tutur. Məscidlərin müfti və imamları çox zaman hökumətə yaxınlıqlarına görə cəmiyyətin özündə hörməti olmayan şəxslərdir. Məvaciblərini hökumətdən aldıqlarından onlar Moskvanın siyasətini yürütməyə məcburdurlar. Hökumətin görmək istədiyi İslam da elə budur.

Əl-Əzhar Universitetinin Çeçenistandakı filialı xaricdə dini təhsil almaq istəyənləri özünə cəlb etməlidir. Moskva və Qroznı anlayır ki, onlar xarici ali İslam məktəblərində oxuyanlara nəzarət edə bilmirlər. Bu kateqoriyadan olan tələbələr 2013-cü ildə Suriyada cihadçıların sıralarına qoşulmuş ilk könüllülərdən idi. Suriyada müharibə başlayanda artıq yüzlərlə çeçenistanlı və dağıstanlı tələbə Dəməşq və Hələbin dini məktəblərində təhsil alırdı. Sonradan Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Tunis və Liviyadan tələbələr də cihadçılara qoşuldular.

Əl-Əzhar Universitetində mühazirə.
Əl-Əzhar Universitetində mühazirə.

MOSKVANIN SİYASƏTİ

Filialın açılmasının dini təhsili xaricdə, Rusiya təsirindən kənarda almaq istəyənləri dayandıra bilməyəcəyi isə başqa məsələdir.

Xaricdə oxuyanların hamısının radikal sələfi olması haqda tezis tamamilə yanlışdır. Bu gün Rusiyada ruhani elitasında çalışanların, demək olar, hamısı Qahirə, Mədinə və Dəməşqdə təhsil alıblar.

İslam ali məktəblərində tələbənin öz müəlliminin - şeyxinin olması vacibdir. Şeyx adətən, öz biliklərini Qahirə və Mədinənin dəyərli kitabxanalarında gücləndirmiş alimdir. Ona görə də, Çeçenistandakı filial Qahirədəki universiteti layiqincə əvəzləyə bilməz.

Çeçenistan hökuməti bu yeni filialın dünyada tanınmış İslam alimləri və məktəbləri ilə eyni səviyyədə olduğunu düşünür. Əslində isə bu, Moskvanın siyasətidir. Moskva Rusiya müsəlmanlarının üzlərini Qroznı, Moskva, Kazan və Mahaçqalaya çevirməsini istəyir.

XS
SM
MD
LG