Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:20

Elçin Sadıqovun vəkillik fəaliyyəti dayandırılıb


Lawyer Elcin (Elchin) Sadigov
Lawyer Elcin (Elchin) Sadigov

Elçin Sadıqov AzadlıqRadiosu-na bildirib ki, onunla bağlı qərar verilən iclasda özü iştirak etməyib. Bu qərardan media vasitəsilə xəbər tutub. O, vəkillik fəaliyyətinin dayandırılmasını siyasi qərar adlandırıb.

İctimai-siyasi fəalların, tənqidçi jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqovun fəaliyyəti dayandırılıb. Buna iyulun 6-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar verilib. Qərara əsasən, Elçin Sadıqovun Vəkillər Kollegiyası üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət olunacaq.

Elçin Sadıqov AzadlıqRadiosu-na bildirib ki, onunla bağlı qərar verilən iclasda özü iştirak etməyib. Bu qərardan media vasitəsilə xəbər tutub. O, vəkillik fəaliyyətinin dayandırılmasını siyasi qərar adlandırıb.
Sadıqov ümid edir ki, onun iştirakıyla yenidən iclas keçiriləcək və bir daha bu məsələyə baxılacaq.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti “haqqın.az” saytının rəhbəri Eynulla Fətullayevin şikayəti əsasında bu qərarı çıxarıb. Fətullayevin şikayəti isə “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının keçmiş rəhbəri, 2 il yarımdır həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alınıb, “Xural.com” saytının təsisçisi Əvəz Zeynallıya verilməsi iddiasıyla bağlıdır. Fətullayev iş adamının vəkili olmuş Sadıqovun bu işdə vasitəçilik etdiyini vurğulayıb və məsələnin araşdırılmasını tələb edib.

Fətullayevin şikayəti Vəkillər Kollegiyasına 2022-ci ilin sentyabrında daxil olub. Elçin Sadıqov hesab edir ki, həmin şikayətə indi baxılıb qərar verilməsi təsadüf deyil.

“Bu qərarı siyasi hesab edirəm. Son vaxtlar insanları işgəncədən qurtardığıma görədir”, - Elçin Sadıqov Azadlıq Radiosu-na belə deyib.
Sadıqov iyunun 12-də sosial media hesabında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hüquqlarını müdafiə etdiyi şəxsə qarşı qanunsuz rəftar barədə status paylaşıb:

“Müdafiə etdiyim şəxs 6 saatdan çoxdur ki, qeyri qanuni BMCMİ-də saxlanılır və məni yanına buraxmırlar. Dövlət orqanlarına şikayətlərim də bir fayda vermir. Zənglərimə də cavab vermirlər. Vəkili buraxmamaq və həbs edilmiş şəxslə belə davranmaq olmaz”.



Bundan 10 gün sonra – iyunun 22-də Sadıqov onun barəsində Fətullayevin aylar öncə verdiyi şikayət üzrə başlanmış intizam icraatı ilə bağlı Vəkillərin İntizam Komissiyasının iclasına dəvət olunub.

Vəkillər Kollegiyasının iyulun 6-da yaydığı məlumatda bildirilir ki, Rəyasət Heyətinin iclasında 1 vəkilin fəaliyyətinin 1 illik, 3 vəkilin fəaliyyətinin isə tamamilə dayandırılmasına qərar verilib.

2015-ci ildən bu yana Azərbaycanda ictimai-siyasi fəalları müdafiə edən bir sıra vəkillərin fəaliyyəti dayandırılıb. Onların arasında Xalid Bağırov, Yalçın İmanov, Əlayif Həsənov və başqaları var. Bu vəkillərin prinsipial fəaliyyətlərinə görə cəzalandırıldığı iddia olunur.

Vəkillər Kollegiyasının rəhbərliyi isə siyasi işlərə çıxan vəkillərin cəzalandırılması barədə fikirlərlə razılaşmır. Kollegiya rəhbərliyi bəyan edib ki, cəzalandırılan vəkillər qanun pozuntularına yol veriblər.
“Təəssüflər olsun ki, vəkillər bir çox hallarda qanunu pozurlar. Biz buna göz yuma bilmərik”, - Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov AzadlıqRadiosu-nun bu haqda sualına belə cavab vermişdi.

XS
SM
MD
LG