Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:53

Sovetdən qalma elektrik xətləri. Milyonlar hara xərclənir...


Elektrik xətləri
Elektrik xətləri

"Lerikdəki elektrik xətləri qarda donur, küləkdə aşır". Bu, Lerikin dağlıq kənd sakinlərinin, öz sözləri ilə desək, dağ boyda problemidir. Orand, Pirəsora, Nuravud, Kekonu, Sorsçay və digər yaxın kəndlərdə yaşayanlar hər il qeyri-sabit havada elektrik xətlərinin sıradan çıxdığını deyirlər.

Taleh Tağızadə yarım əsrdən çoxdur ki, Lerikdə yaşayır. "Ömrümün hər qışında bir gündən digərinə şam işığının başında adlayıram" deyən Tağızadə AzadlıqRadiosuna ucqar kəndlərdə elektrik xətlərinin sakinlərə yaratdığı risklərdən danışır: "Cənub zonasının qarından, kəskin havasından şikayətçi deyilik, hava Allahındır. İllərdir küləyin qoparıb başımıza atdığı elektrik xətlərindən şikayətçiyik. Dirək ki Allahın deyil. Özüm də müəlliməm, uşaqlar qarda-qışda məktəbə gedir. Qopub uşağa zərər versə, kim cavabdeh olacaq? Allah üzümüzə baxıb bugünə kimi heç nə olmayıb. Hər dəfə bir fağır işçi gəlib qırılan, aşan xətti düzəldib gedir. Normal təmir olunsa, belə tez-tez işıqsız qalmarıq".

53 yaşlı kişi 2020-ci ildə COVID-19 pandemiyası səbəbi ilə dərslərin distant keçildiyi dövrü xatırlayır, "onlayn dərslər vaxtı xətt qırıldımı, bütün təhsil dayanırdı" deyir.

Ağacın belinə dolanan naqil

Hava şəraiti Lerik ilə müqayisədə daha mülayim Cəlilabadda, Masallıda, eləcə də Azərbaycanın dörd bir yanında elektrik xətlərinin, dirəklərinin kəskin havada təhlükə mənbəyinə çevrildiyini deyən vətəndaşlar var.

Göyçay sakini Şəms Hüseynzadə əyilən elektrik dirəklərinə dəstək kimi qoyulan dayaqların belə çürüdüyünü söyləyir. Deyir, Ləkçılpaq, Alpout, Bəydövül, İnçə, Şəkər, Veysəlli kimi ucqar kəndlər başda olmaqla, rayonun müxtəlif yerlərində sovet dövründə qoyulan ağac elektrik dirəklərin, köhnəlmiş transformatorların və yamaqlı elektrik xətlərin istismar müddəti bitib: "Ona görə bir az külək əsəndə, yağış yağanda yüksəkgərginlikli xətlərdə qırılma, dolanma yaranır. Qısaqapanma yanğına səbəb olur. Yamaq olunan xətt var idi, küləkdən sonra düşdü həyətə, itimizin ürəyi partlayıb ölmüşdü. Yanan ərazidə əkin-biçin pis günə qaldı".

Rayonun 69 yaşlı ağsaqqalı da eyni problemdən gileylidir. O, kustar üsulla düzəldilən naqillərin ağac belinə dolandığını, həm qızmar yay günlərində, həm də soyuqda problemlərə yol açdığını deyir: "Küləkdə aşıb dağılır. Yayda da naqillərdə qısaqapanma olur, yanğın çıxır. Dolu yağanda ayrı kino. Di gəl, dərdimizə müvəqqəti çarə tapılır, növbəti pis havada yenə eyni mənzərə. Elə yer var ağac yoxdur, özümüz ora şalban basdırıb naqili bağlamalı oluruq. Keçən qış qonşunun inəyi də o pis bağlanan naqilin sallanması, qısa qapanmadan öldü. Günahkar da havanı çıxarırlar".

'Zəng edirsən ki, o işığı ayır, millət qırıldı...' - Bu kənddəki elektrik xətləri təhlükə mənbəyidir
Gözlə

No media source currently available

0:00 0:03:03 0:00

Biləsuvardan gələn şikayətdə isə deyilir ki, "yararsız hala düşmüş, yıxılmaq üzrə olan şalbanlar dəyişilmir. Basdırılan dirəklərin isə dibləri lazımi qaydada bərkidilmir, aşmaq təhlükəsi var".

Problem rayonlarla bitmir, Bakıda da..

Elektrik xətlərinin yaratdığı problem rayonlarla yekunlaşmır. Bakı kəndlərində də sabahını elektrik xəttinin yaratdığı fəsad ilə açan ailələr var. Yeganə Tağızadə danışır ki, elektrik xətləri evlərin çox yaxınında dirəyə bərkidildiyindən bu payız ildırım çaxanda yanğına da səbəb olub: "Naqillər möhkəm bərkidilməyib. Tez-tez problem yaranır. Uzunmüddətli işıq fasiləsi olmur. Amma, məsələn, o gün naqillər gecə ilə sayğacın üstünə düşüb. Qonşular oyatmasaydı, yanğın bütün evi bürüyərdi".

Tağızadə naqillərin qırılmasının tək insanlara yox, küçədə yaşayan sahibsiz heyvanlara, qəsəbədə təsərrüfat üçün saxlanılan inək, qoyun-quzuya da təsir etdiyini bildirir.

"Azərişıq"da qaranlıq tenderlər

"Azərişıq" ASC-dən vətəndaşların giley-güzarına reaksiya almaq mümkün olmayıb. Təxminən dörd ay əvvəl AzadlıqRadiosuna danışan qurum sözçüsü Vaqif Aydınoğlu bəzi ərazilərdə elektrik dirəklərinin yenisi ilə əvəz edildiyini, müasir naqillərin quraşdırıldığını deyib. Aydınoğlu müxtəlif vaxtlarda yerli mediaya kəndlərdə elektrik enerjisi ilə bağlı problemin mövcudluğunu da etiraf edib: "Düzdür, əksər rayonlarda sovet dövründən qalma, 50-60-cı illərdə çəkilmiş elektrik dirəkləri, xətləri, transformatorlar var. Bunu danmırıq, ancaq mərhələli şəkildə həll olunur".

Elə qurumun ötənilki hesabatında da ölkə üzrə bu xətlərdə yenilənmə işləri aparıldığı qeyd olunub. Məlumata görə, Bakıda və regionlarda müxtəlif gücdə 893 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, kabel xətləri, hava xətləri çəkilib.

2022-ci ili 56 milyon manatdan çox xalis mənfəət ilə başa vuran "Azərişıq" məhsul almaq üçün keçirdiyi tenderlər və onların nəticələrinə həmişə işıq salmayıb. Qurum həmin ildə satınalma planlarına dəyəri 3 milyon ABŞ dollarından çox 2 min 910 açıq tender daxil edib. Dövlət satınalmalarının vahid internet portalında isə ötən il sözügedən ASC-nin keçirdiyi 27 tender var. Digər tenderlərin niyə keçirilmədiyi, keçirilibsə, nəticələri bəlli deyil.

Elektrik xətlərinin altında yaşayanlar: 'Xəstəlik tapmışıq'
Gözlə

No media source currently available

0:00 0:06:09 0:00

İnternet portalında yer alan tenderlərin 11-ni isə eyni şirkət udub. Bu, nizamnamə kapitalı 10 manat olan və 2020-ci ildə qeydiyyata alınmış "Smart Energy Services" olub. 11.6 milyon manatlıq tenderi udan zaman "Smart Energy Services" MMC-nin dövlət büdcəsinə 4 min manatdan artıq vergi borcu da var imiş. Belə olduqda isə bu şirkətin tenderi udması "Dövlət satınalmaları haqqında" Qanunun tələblərinə ziddiyyət təşkil edirdi. Hazırda isə şirkətin hər hansı vergi borcu olmadığı göstərilir.

Ümumiyyətlə, qurumun tenderləri məsələsi zaman-zaman gündəmə gəlib. Hələ dörd il öncə AzadlıqRadiosu yeddi aylıq şirkətdən 1 milyon manatdan çox dəyəri olan məhsul alması ilə bağlı "Azərişıq"a sual ünvanlamış, qurum isə özünü haqlı saymışdı. Tender qalibləri arasında oxşarlıq odur ki, bu şirkətlərin adına, əsasən, tender müsabiqələrində rast gəlmək mümkündür. Açıq internet resurslarda şirkətlərin çoxu haqda məlumat yoxdur. Tenderlərdən savayı, hər bölgənin elektrik təchizatına xərclənən vəsaitlər barədə də məlumatlar dəqiq yayımlanmır.

Ekspert məsləhəti

Enerji məsələləri üzrə mütəxəssis Orxan Əliyev deyir ki, Azərbaycanda satınalma prosedurundakı qeyri-şəffaflıq özünü elektrik təchizatı ilə bağlı tenderlərdə də büruzə verir. Belə ki, "Azərişıq" öz vəsaitləri hesabına gördüyü işlər haqda məlumat dərc etsə də, büdcədən ayrılmış vəsaitlərlə bağlı bilgiləri çox vaxt gizlədir: "Nazirlər Kabineti və digər dövlət qurumları bu vəsaitlərin hara, necə xərclənməsi haqda informasiya dərc etmir. Bu isə istifadə edilən materialların keyfiyyəti sarıdan əsaslı şübhə yaradır. Xüsusən də bölgələrdə. Hər il milyonların ayrılması fonunda rayonlarda, ucqar ərazilərdə elektrik təchizatı bir az külək olanda sıradan çıxırsa, burada maliyyədən qeyri-düzgün istifadə var".

O.Əliyev qeyd edir ki, hazırda daha möhkəm və elastik alüminium kabellərə üstünlük verilir, amma külək, yağış, ildırım və şimşək kimi təbii hadisələr bu materialdan olan xətlərə mənfi təsir göstərir. Üstəlik, artan enerji tələbatı fonunda 20-30 il əvvəl quraşdırılmış naqillər artıq elektrik təhlükəsizliyi tələblərinə də cavab vermir: "Alüminium naqilin istifadəsi illər keçdikcə daha təhlükəli ola bilər. Buna görə də "Azərişıq" 15 il əvvəl verdiyi naqilləri dəyişməli, materialları təkmilləşdirməlidir. Keçirici materiallar misdən olsa, yaxşı olar. Nisbətən bahalı olduğundan əvvəlcə bölgələrdə işlədilə bilər. Yaxud tərkibində polad da olan keçiricilər daha davamlıdır".

'Azərişıq'dan ümidini üzən camaat özü-özünə işıq çəkir
Gözlə

No media source currently available

0:00 0:04:25 0:00

Mütəxəssis yeraltı elektrik xətlərini ən ideal seçim sayır, işğaldan azad olunmuş Qarabağda, əsasən, belə bahalı xətlərin çəkildiyini bildirir. Onun fikrincə, təmir xərclərini də nəzərə alanda bahalı xətt çəkmək daha sərfəlidir.

Prezidentə üzünü tutub...

Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nın hesabatında regionlarda elektrik təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görüldüyü yazılıb.

Lerik sakini Taleh Tağızadə həmin illərdə rayondakı işlərin ala-yarımçıq görüldüyünü xatırlayır: "Üzümüzü prezidentə tuturuq ki, bu elektrik xətlərinə bir yolluq əl atsın, tapşırıq versin və güclü nəzarət etsin. Ümid edirik ki, bu il də olmasa, gələn il həll olunar".

"Azərişıq" ASC-yə nizamnamə kapitalının artırılması üçün 2023-cü ildə dövlət büdcəsindən 170 milyon manat məbləğində vəsait ayrılıb. Bunun da 50 milyon manatı Azərbaycanda elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına xərclənməli idi.

XS
SM
MD
LG