Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:45

Əli Kərimliyə cinayət işi, Şoyqunun səfəri...


Əli Kərimli Bakı şəhər Baş Polis İdarəsində
Əli Kərimli Bakı şəhər Baş Polis İdarəsində

Budəfəki icmal Rusiya rəsmisinin həftənin əvvəlində Tehrandan birbaşa Bakıya gəlməsi ilə başlayacaqdı. Ancaq cümə günü – avqustun 9-da ictimailəşən bir xəbər bizi həftənin sonundan başlamağa vadar etdi.

AXCP sədri Əli Kərimlicinayət işi açılıb, bir keçmiş partiya üzvünün şikayəti əsasında böhtan və təhqir maddələri irəli sürülüb, amma özü bunu "repressiya maşınının növbəti saxtakarlığı" adlandırıb. Məhkəmə avqustun 13-nə təyin olunub.

Ə.Kərimli 18 ildir xarici pasport verilməyən müxalifət lideridir. AXCP son illər seçkilərdə boykot taktikasını seçib, sentyabrın 1-nə təyin olunmuş parlament seçkilərinə getməyən yeganə siyasi partiyadır. Partiya bunu ölkədə azad və demokratik seçkilər üçün şəraitin olmaması ilə əsaslandırır. Ə.Kərimli AzadlıqRadiosuna müsahibəsində heç kəsin ünvanına təhqir səsləndirmədiyini, yalnız Azərbaycan hakimiyyətini sərt tənqid etdiyini deyib: "Onların korrupsiyasından danışıram, seçkini saxtalaşdırmağından danışıram, Azərbaycandakı repressiyalardan danışıram, Azərbaycandan oğurlanan sərvətlərin ofşorlara daşınmağından danışıram, amma konkret heç kimi təhqir eləmirəm".

Ermənistanlı şərhçi: 'Əliyevin 'Zəngəzur çıxışı' Ermənistanda qorxu yaratdı'
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

"Zəngəzur dəhlizi" saziş layihəsindən çıxarıldı, sonra...

Ə.Kərimliyə cinayət işi açılması xəbərindən iki gün öncə isə Azərbaycanın illərdir israr etdiyi "Zəngəzur dəhlizi" ilə bağlı maddənin Ermənistanla sülh sazişinin layihəsindən çıxarılması xəbəri yayıldı. Söhbət Azərbaycanın əsas hissəsini onun Naxçıvan eksklavı ilə birləşdirəcək, Ermənistanın Sünik vilayətindən keçməsi nəzərdə tutulan marşrutdan gedir.

Rusiya bu marşrutun açılması tərəfdarı olsa da, İran ona qarşı çıxırdı. Prezident İlham Əliyevin köməkçisinin AzadlıqRadiosuna həmin paraqrafın layihədən çıxarıldığını deməsi Qərbin sülh sazişini imzalamağı sürətləndirmək çağırışları ilə səsləşir. Amma sülh sazişinin tezliklə bağlanacağı ümidlər də böyük deyil.

Siyasi şərhçi Rauf Mirqədirov sosial şəbəkədə yazır ki, əslində "Zəngəzur dəhlizi"nin açılması məsələsi böyük sülh sazişinin predmeti deyil. Sazişdə göstərmək olar ki, tərəflər bütün kommunikasiyaların açılmasının vacibliyini razılaşdırıblar. Bu kommunikasiyaların açılmasını, onların işləməsi qaydalarını isə sonradan ayrıca saziş, yaxud bir neçə sazişlə müəyyənləşdirmək olar. Təhlilçi burada əsas məqamın Ermənistan Konstitusiyasına dəyişikliklər olduğunu deyir ki, bunlarsız sülh sazişinin imzalanması mümkün deyil. Elə AzadlıqRadiosunun əməkdaşı Coşua Kuçeranın bu həftə dərc olunan məqaləsində də konstitusiya dəyişikliklərinin sülh sazişi yolunda böyük əngələ çevrilməsindən söz açılırdı.

Sual yaranır ki, bir yandan sülh sazişini imzalamaq niyyətini göstərən Azərbaycan hakimiyyəti digər yandan sonuncu tənqidçiləri də susdurmağamı çalışır? Hazırda ölkədə azı 10 jurnalist, onlarla ictimai-siyasi fəal siyasi motivli sayılan ittihamlarla həbsdədir. Hakimiyyət ölkədə fundamental azadlıqların qorunduğunu, heç kəsin siyasi baxışlarına, peşə fəaliyyətinə görə təqib olunmadığını desə də, reallıq fərqli görünür.

S.Şoyqu və İ.Əliyev
S.Şoyqu və İ.Əliyev

Şoyqu niyə gəlmişdi

İndi isə həftənin əvvəlinə qayıdaq. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrandan birbaşa Bakıya niyə gəlmişdi? Bu sual həftə boyu ölkə gündəmini açıq-gizli məşğul edib. İctimaiyyətə açıqlanan informasiyada Şoyqunun Azərbaycan prezidenti İlham Əliyevlə regional əməkdaşlıq məsələlərini müzakirə etdiyi bildirildi. Rusiya mediasının yaydığı məlumatda isə Qərbin regiona müdaxilə cəhdləri vurğulandı.

S.Şoyqunun Bakıya Tehrandan, İran-İsrail münasibətlərində potensial münaqişə yarandığı bir dönəmdə gəlməsi səfərin məhz mümkün eskalasiya ilə bağlı olması ehtimallarına yol açıb. Rusiyalı hərbi ekspert Oleq Kuznetsov AZƏRTAC-a müsahibəsində deyir ki, Şoyqunun İrana səfərinin yeganə real məqsədi HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qətli, bundan sonra İranın "qisas zərbəsi" endirmək niyyətlərinin ciddiliyini yerindəcə anlamaq və qiymətləndirmək ola bilər. Kuznetsovun sözlərinə görə, S.Şoyqunun Tehrana səfəri ərəfəsində Rusiya prezidenti İranın ali rəhbərliyi ilə birbaşa əlaqə saxlayıb və ondan Haniyənin ölümünə ekstremal reaksiyalardan çəkinməyi xahiş edib. O deyir ki, Şoyqunun Bakıda verdiyi bəyanatların iqtisadi alt mətni yetərincə şəffaf və aydındır, "siyasi və ideoloji qarşıdurma fonunda regionda nə baş verməsindən asılı olmayaraq, "Şimal-Cənub" nəqliyyat dəhlizi davam etdirilməli və zərər görməməlidir". Prezident İlham Əliyev Kremlin elçisinin mövqeyi ilə tam razılaşdı, çünki "bu, regional hərbi-siyasi qarışıqlıq şəraitində Azərbaycanın milli maraqlarına tam uyğundur".

Müstəqil təhlilçi Şücaət Əhmədzadə AzadlıqRadiosuna deyir ki, hal-hazırda müxtəlif paytaxtlarda Yaxın Şərqdə eskalasiyanın artımı perspektivləri müzakirə edilir və çox güman ki, Şoyqunun səfəri də məhz bu yöndə olub. Ş.Əhmədzadənin fikrincə, İsrailin Qəzzadakı hərbi əməliyyatları özlüyündə Yaxın Şərqdə adətən rəqib mövqeyində olan dövlətlər arasında taktiki əməkdaşlığı daha da dərinləşdirib: “Bu da əlbəttə ki, Azərbaycanın ənənəvi balanslaşdırma siyasətini çətinliyə salan elementlərdəndir”.

İsrailə görə SOCAR-a hücum edən gənclər: 'İranla bağlılığımız yoxdur'
Gözlə

No media source currently available

0:00 0:09:32 0:00

Azərbaycan indiyədək həm İsrail, həm də Fələstinlə balans siyasəti saxlayıb. Oktyabrın 7-də ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşmasının İsrailə hücumundan sonra Qəzza zolağından münaqişə başlayıb. Rəsmi Bakı bu münaqişədə tərəfini açıq bəlli etməyib. Prezident Əliyev Yaxın Şərqdə sülh üçün "iki dövlətli" həlli yeganə çıxış yolu kimi gördüyünü söyləyib, münaqişənin həllində Ərəb Liqasını fəal olmağa çağırıb.

Ölkənin İsraillə dost münasibətləri isə heç kəsə sirr deyil. İsrail Bakının silah idxalında birinci yerdədir. Azərbaycan isə İsrailin neft tələbatının təqribən 40 faizini təmin edir.

Bəs, İranla İsrail arasında münaqişə qızışarsa, Bakı bunun tərkib hissəsinə çevrilə bilərmi? Nəzərə alaq ki, Azərbaycanın qonşusu və müttəfiqi Türkiyə HƏMAS lideri İ.Haniyənin ölümünə görə matəm elan edib. Amerikalı təhlilçi Pol Qobl bir müddət öncə yazırdı ki, Ankara və Tehranın davamlı qarşıdurması, həmçinin İranın İsrailə düşmən münasibəti Bakının iki müttəfiqi ilə sıx münasibətlərində əngəl yarada bilər.

Müstəqil təhlilçi Şücaət Əhmədzadənin mövqeyincə, bu ilin aprelində İranın birbaşa öz ərazisindən İsrailə zərbələr endirməsi onu göstərir ki, təhlilçilərin bir çoxlarının dediyinin əksinə, Tehran bu cür aqressiv xarici siyasi addımlar atmaq potensialındadır. Bu isə İranla bağlı xarici siyasət addımlarını daha ehtiyatlı atmağa vadar edir:

“Ancaq Azərbaycan-İran münasibətlərini təhlil edərkən unutmamalı olduğumuz məqamlardan da biri budur ki, digər bütün dövlətlərlərdən fərqli olaraq İran üçün Azərbaycan təkcə xarici “məsələ” deyil, həmçinin daxili məsələdir – burada xüsusilə İranın etno-mədəni bünövrəsini və azərbaycanlıların sayını unutmaq lazım deyil. ‘Bu bəlkə də indiki dövrdə İran-Azərbaycan münasibətlərində mümkün eskalasiyanın qarşısını alan ən böyük amillərdən biridir’ demək səhv olmaz”.

Beynəlxalq Böhran Qrupunda İran layihəsinin direktoru Əli Vaez isə AzadlıqRadiosuna deyir ki, İran məhz İsrailə qarşı müqavimətə fokuslanmaq istəyir deyə, yeni cəbhələrin açılmasında maraqlı olmaya bilər: "Azərbaycan neytral qaldıqca, ərazisindən İrana qarşı əməliyyatlar üçün platsdarm kimi istifadəyə icazə vermədikcə, Bakı və Tehran möhkəm əlaqələrini qoruyub saxlaya biləcəklər".

Gələn həftə AXCP sədrinin məhkəməsi keçiriləcək, cinayət işinin detalları bilinəcək. Daha bir qalmaqallı iş, hazırda həbsdə aclıq etdiyi bildirilən iqtisadçı alim Fazil Qasımovun işi üzrə də proses başlamalıdır. O, saxta pul hazırlamaqda, dini ekstremist materiallar hazırlamaqda ittiham olunsa da, özü ittihamların heç birini qəbul etmir.

XS
SM
MD
LG