Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:38

"O vəkil məni yox, polisləri müdafiə edirdi"


İllüstrasiya
İllüstrasiya

►Emin Millinin qaynına görə Bakı Baş Polis İdarəsinə sorğu göndəriləcək

Meydan TV-nin direktoru Emin Millinin həbsdə olan qaynı Nazim Ağabəyovun işilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə sorğu göndəriləcək. Bu barədə martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində qərar qəbul olunub.

Hazırda məhkəmədə sənədlərin tədqiqi mərhələsi gedir. Cinayət işinin materiallarındakı sənədlər tədqiq olunarkən bir xeyli ziddiyyətlər ortaya çıxıb. Məlum olub ki, Nazim Ağabəyov barədə materiallar Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinə iyulun 24-də daxil olub və həmin gün də müstəntiq Əflatun Səlimova müvafiq araşdırma aparılması tapşırılıb. Cinayət işinin başlanması barədə qərar isə 23 iyul tarixlidir. Yəni, hələ materiallar gəlib çıxmamış...

CİNAYƏT İŞİ BAŞLAMAMIŞ ŞÜBHƏLİ ŞƏXS KİMİ DİNDİRİLİB

Cinayət işinin başlanması barədə qərar elan olunarkən vəkil bildirib ki, qanun konkret saatın da yazılmasını nəzərdə tutur, amma sənəddə bu göstərilməyib. (Ardı aşağıda)

Emin Milli qaynının həbsinin səbəblərini açır
Gözlə

No media source currently available

0:00 0:09:18 0:00

İş materiallarında Nazim Ağabəyovun imzaladığı ərizə də var. Həmin ərizədə o, maddi vəziyyətilə əlaqədar dövlət hesabına vəkillə təmin olunmasını istəyir. Nazim Ağabəyovun vəkili Adil İsmayılov bildirib ki, həmin ərizəyə o, təzyiq altında imza atıb:

"Mən məhkəməyə Nazim Ağabəyovun aylıq qazancı barədə rəsmi sənəd təqdim etmişəm. Aylıq 5 min-6 min gəliri olan adamın dövlət hesabına vəkil istəməsi absurddur".

Elan olunan daha bir sənəd saxlanılarkən Nazim Ağabəyova dövlət hesabına təqdim olunan vəkillərin siyahısı olub. Bir daha vurğulanıb ki, həmin siyahıdakı vəkillərdən biri - Tofiq Qasımov həmin vaxt 6 ay imiş ki, dünyasını dəyişibmiş.

Başqa bir sənəddən aydın olur ki, Nazim Ağabəyov cinayət işi başlamadan şübhəli şəxs qismində dindirilib.

“VƏKİL GƏLİB, QOL ÇƏKİB GEDİB”

Sənədlərin elanı başa çatandan sonra Nazim Ağabəyov həbs olunarkən ona dövlət hesabına təyin olunmuş vəkil Bilal Bağırovun məhkəməyə çağrılıb dindirilməsi haqda vəsatət qaldırıb:

"Mən əvvəldən vəkil görməmişəm. O adam xeyli sonra gəlib, qol çəkib gedib. O, mənim hüquqlarımı yox, əslində, polislərin hüquqlarını müdafiə edirdi".

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

Vəkil Adil İsmayılov isə sənədlərdəki ziddiyyətləri, yol verilmiş qanun pozuntularını əsas gətirib, Nazim Ağabəyovun işi üzrə təhqiqat və istintaq prosesində iştirak etmiş şəxslərin - Bakı şəhər Baş Polis İdarəsinin təhqiqatçısı Şövqi Əhmədov və müstəntiq Əflatun Səlimovun məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb.

Vəkilin daha bir vəsatəti isə Bakı şəhər Baş Polis İdarəsinin qeydiyyat jurnalına baxış keçirilməsi üçün bu quruma sorğu göndərilməsi haqda olub:

"Sanki istintaq orqanlarında xəstəlikdir, cinayət işlərilə bağlı qərarların və protokolların qeydiyyatını bir jurnalda aparırlar. Əslində isə bunlar ayrı-ayrı şeylərdir və ayrıca nömrələnməlidir. Xahiş edirəm, sorğu verilsin və qeydiyyat jurnallarına baxış keçirilsin, görək ki, Nazim Ağabəyov barədə qərarlar nə vaxt verilib".

MÜSTƏNTİQ VƏ TƏHQİQATÇI DİNDİRİLMƏYƏCƏK

İstintaq zamanı Nazim Ağabəyovun işindən başqa bir cinayət işi ayrılıb. Vəkil ayrılmış cinayət işilə bağlı da sorğu verilməsini istəyib.

Məhkəmə sorğularla bağlı vəsatəti təmin edib. Vəkilin çağrılıb dindirilməsinə gəlincə, hakim Əfqan Hacıyev bildirib ki, qanun işə çıxmış vəkilin çağıılmasına imkan vermir. Müstəntiq və təhqiqatçının dindirilməsi barədə vəsatət də təmin olunmayıb.

Məhkəmə prosesi martın 10-da davam edəcək.

İT mütəxəssisi olan Nazim Ağabəyov 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülüb. Lakin Nazim Ağabəyov ittihamı rədd edir, narkotikin cibinə və maşınına polislər tərəfindən atıldığını bildirir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirir.

Nazim Ağabəyov Xalq rəssamı Mais Ağabəyovun oğludur.

Buna da bax:

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

XS
SM
MD
LG