Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:32

Erdoğan Ermənistanla sərhədi açmağın mümkünlüyündən danışıb


Türkiyə və Azərbaycan prezidentləri Recep Tayyip Erdoğan (solda) və İlham Əliyev Bakıda imzalama mərasimində
Türkiyə və Azərbaycan prezidentləri Recep Tayyip Erdoğan (solda) və İlham Əliyev Bakıda imzalama mərasimində

Dekabrın 10-da prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Recep Tayyip Erdoğanla təkbətək görüşüb.

Bu görüşdən sonra onların iştirakı ilə iki ölkə arasında bəzi sənədlər imzalanıb.

Bunlar biznesinin inkişafına, media sahəsində strateji əməkdaşlığa, nəqliyat və qarşılıqlı olaraq vizadan azadetməyə aid olub.

Türkiyə prezidenti dünən, dekabrın 9-da Azərbaycana səfər edib. O, dekabrın 10-da Bakıda keçirilən zəfər paradında iştirak edib.

İki ölkənin dövlət başçıları mətbuata birgə bəyanatla da çıxış ediblər.

“Bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır.”

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Recep Tayyip Erdoğanla birlikdə mətbuata bəyanatında səsləndirib.

Dövlət başçısı deyib:

“Bugün əziz qardaşımla söhbət əsnasında, eyni zamanda, bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq. Bizim fikrimiz üst-üstə düşür. Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər”.

Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Türkiyə-Rusiya-İran işbirliyinin olduğunu xatırladan prezident İlham Əliyev qeyd edib ki, bütün bu işbirliyi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim etmək mümkündür.

"Əgər Ermənistan düzgün nəticələr çıxararsa..."

Onun fikrincə, əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər:

“Biz buna açığıq və müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz bu ədavətə son qoymalıyıq”.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan da 44 günlük müharibədən və sonrakı proseslərdən danışıb.

O deyib ki, Rusiya prezidenti Vladimir Putinin məsələyə yanaşması da bir kənara qoyula bilməz:

“Onun müsbət yanaşması da prosesin müsbət istiqamətdə davam etməsinə yardımçı oldu. İş də indiki nöqtəyə qədər gəlmiş oldu”.

Rusiya-Türkiyə-İran-Azərbaycan-Gürcüstan…və Ermənistan formatı

O da Azərbaycan prezidenti İlham Əliyev kimi yeni əməkdaşlıq platformasından danışıb.

Türkiyə Prezidenti deyib ki, 6 dövlətin iştirakı ilə bir əməkdaşlıq platforması yaradıla bilər:

“Bunu hörmətli Rusiya prezidenti Vladimir Putin də qəbul etdi. Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edərsə, Ermənistan da bu əməkdaşlıq platformasında yer ala bilər. Beləliklə, bu platforma ilə bir regional barışı təsis edə bilərik. Regional barışın bu bölgədəki ölkələrə gətirəcəyi ilklər var. Bunun üst və alt infrastruktur, siyasi, diplomatik və digər bir çox vəzifələri ortaya çıxır. Mən bu gün də qardaşıma söylədim. Əgər bu məsələdə müsbət addımlar atıldığı təqdirdə biz də qapalı sərhədlərimizi açarıq.”

O deyib ki, “sərhədlərimizi Ermənistana bağlamaq kimi bir dərdimiz yoxdur.”:

“Biz sülhün göyərçinləri olmaq, sülhün addımlarını atmaq istəyirik. Qaldı ki, bizim Ermənistan xalqına da bir kinimiz yoxdur.”

Azərbaycanla Ermənistan arasında dövlət sərhədi üstündə mübahisələr başlayır?
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yarıdan bir qədər çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG