Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:28

Erdoğan Suriyadakı hücumlara görə Rusiyanı ittiham edir


Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib ki, Suriyanın İdlib qəzasında hücumlarla bağlı Ankaranın “səbr kasası daşmaqdadır”.

İdlib qəzası Suriya müxalifətinin nəzarətində olan son ərazidir və Türkiyə Suriya müxalifətini dəstəkləyir.

İndi bu ərazidə Suriya hökumət qoşunlarının hücumunun davam etməsi və Rusiya aviasiyasının Assad rejiminin hücumunu havadan dəstəkləməsi Erdoğanı hiddətləndirib.

Türkiyə prezidenti İdlib qəzasında zorakılıqların artması ilə bağlı Rusiyanı razılaşmalara əməl etməməkdə günahlandırıb.

Yanvarın 29-da verdiyi bəyanatda Erdoğan bildirib ki, Ankara Suriyanın şimal-qərbindəki bombardman dayandırılmazsa, “zəruri olan hər şeyi” etməyə hazırdır.

Türkiyə və Rusiya Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləsələr də, İdlib qəzasında de-eskalasiya zonasının yaradılması barədə razılaşma əldə ediblər.

Hazırda Rusiya faktiki olaraq Suriyada Türkiyənin nəzarətinə verilmiş ərazilərə hava zərbələri endirir.

De-eskalasiya zonalarının yaradılmasına dair razılaşmalar 2017 və 2018-ci ildə Astana və Soçidə əldə edilib.

Bu razılaşmalara baxmayaraq Rusiya tərəfindən dəstəklənən Suriya hökumət qoşunları son həftələrdə İdlib qəzasındakı hücumlarını gücləndirib.

Erdoğanın bu bəyanatından az əvvəl, yanvarın 28-də Suriya qoşunlarının İdlib qəzasının ikinci böyük şəhəri və strateji məntəqə sayılan Məarrat ən-Numan şəhərini zəbt etdiyi xəbər verilmidşi.

Suriya dövlət mediası xəbər verir ki, bu şəhəri “terrorçularla” ağır döyüşlərdən sonra azad etmək mümkün olub.

Suriya mediası bunu da bildirir ki, “terrorçular” ağır itkilərə məruz qalıb.

XS
SM
MD
LG