Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:50

Avtoritarlıq, qohumbazlıq və çökən türk lirəsi


Recep Tayyip Erdoğan və xanımı Emine prezident sarayında keçirilən mərasimdə
Recep Tayyip Erdoğan və xanımı Emine prezident sarayında keçirilən mərasimdə

Daniel Dombey Financial Times qəzetində yazır ki, “bazar ertəsi dollara nisbətdə 5 faiz düşən lirə, cümə axşamı 4 faiz, bu gün cümə günü, avqustun 10-da isə birdən birə 16 faiz ucuzlaşıb”.

Müəllif sual edir ki, öz coğrafı məkanına və iqtisadiyyatının dinamizminə görə qibtə obyekti olan bir ölkənin valyutası belə bir fəlakətə niyə düşüb?”

Bu fəlakətdə son 15 ildə iqtisadiyyatı yüksəltdiyi ilə fəxr edən Recep Tayyip Erdoğan hökumətinin rolu nədir?

Financial Times qəzeti lirənin sürətlə ucuzlaşmasının səbəblərini araşdırmağa çalışıb.

Lirə niyə düşür?

Lirə bu il dünyanın ən pis valyutası kimi qiymətləndirilir. Valyuta son bir ildə 40 faiz ucuzlaşıb. Bu tənəzzül uzun müddətdə daha dəhşətli görünür. 5 il əvvəl bir dolları iki lirəyə almaq olardı, indi bunun üçün 6, 5 lirə lazım gəlir.

FT yazır ki, lirənin düşməsinə bir sıra səbəblər var. Lakin əsas diqqət Türkiyənin son 60 ildə özünün NATO müttəfiqi ABŞ-la münasibətlərinin ən aşağı həddə enməsinə yönəlib.

Ötən həftə ABŞ Şimali Karolinalı keşişin Türkiyədə terror ittihamları ilə saxlanması və mühakimə edilməsinə cavab olaraq Türkiyəyə qarşı bazarları lərzəyə gətirən sanksiyalar elan edib. Ankara bu məsələdə güzəştə getmək istəmir.

Hər şey bir keşişə görədirmi?

Xeyr. Türkiyədə başqa faktorlar da var.

Ölkə indiyədək ABŞ və Avropa İttifaqındakı maliyyə sisteminin ultra yumşaqlığından istifadə edərək qısamüddətli xarici kreditlərin hesabına çiçəklənib. İnvestorlar da bundan cəsarətlənərək Türkiyə və başqa inkişaf etməkdə olan bazarlara sərmayə yatırıblar.

Amerikalı pastor Andrew Craig Brunson
Amerikalı pastor Andrew Craig Brunson

Lakin indi ABŞ-da və avrozonada belə siyasətlər yürüdülmür və Türkiyənin işi çətinləşir.

Bir çox investorlar narahatdırlar ki, Türkiyə özünün ildə 218 milyard dollarlıq xarici maliyyələşdirmə ehtiyacını ödəməyə bilər. Bu vəsait borcları xarici valyuta ilə olan Türkiyə şirkətlərini ayaqda saxlamaq üçün lazımdır.

Bəs bazarlar Türkiyədən nə gözləyir?

Bir çox investorlar Türkiyə hökumətini ölkə istehlakını və tikintiyə əsaslanan iqtisadiyyatı yavaşıtmağa çağırırlar.

Bu məsləhətdən məqsəd vergilərin artırılması və büdcə kəsirinin azaldılmasıdır. İqtisadiyyatın yavaşıdılması həm də hazırda 15 faizə çatmış inflyasiyanın buxovlanmasına kömək edə bilər.

FT yazır ki, uçot faiz dərəcəsinin qaldırılması həm inflyasiya ilə mübarizəyə kömək edər, həm də lirənin ucuzlaşmasını yavaşıdardı.

Türkiyə Mərkəzi Bankının məlumatına görə hazırda ölkənin qeyri-maliyyə şirkətlərinin xarici valyuta ilə borcları onun xarici valyuta aktivlərindən 200 milyard dollar çoxdur.

Növbəti 12 ay ərzində özəl qeyri-maliyyə şirkətləri xarici borcları üçün 66 milyard dollar ödəməlidirlər. Türkiyə bankalrı üçün bu rəqəm 76 milyard dollardır.

Cənab Erdoğan bu deyilənlərlə razıdırmı?

FT yazır ki, Türkiyənin Atatürkdən sonra ən qüdrətli hakimi Erdoğan hələki iqtisadiyyatın təkrarbalanslaşdırılması ideyasını qəbul etmir.

Onun hökuməti 2016-cı ilin qanlı çevriliş cəhdindən sonra iqtisadi artımın davam etməsi üçün vergi güzəştləri də daxil bir sıra tədbirlərə əl atıb. O yüksək uçot dərəcəsi faizlərini “bütün bəlaların anası” adlandırır və Türkiyə sahibkarlığına zərbə sayır.

Təbiidir ki, belə şəraitdə Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsini qaldırmağa cəsarət etmir. Xarici valyuta fondunun artırılması üçünsə bankın əlində bundan başqa çox az alətlər var.

Avtoritarlıq Türkiyənin bu vəziyyətə gəlməsində rol oynayıbmı?

FT yazır ki, cənab Erdoğanın genişləndirilmiş prezident səlahiyyətləri əlbəttə, diqqət mərkəzindədir.

Bir çox Qərb hökumətləri Türkiyədə artmaqda olan avtoritarlıqdan narahatdırlar. Onların fikrincə hökumət ölkədə bir məhkəmə ab-havası yaradıb.

Erdoğanın kürəkəni Berat Albayrak
Erdoğanın kürəkəni Berat Albayrak

Daniel Dombey yazır ki, Erdoğanın bundan əvvəlki baş nazirliyi onilliyində ölkə maliyyəsinin başında Avropa İttifaqı ilə baş danışıqçı və keçmiş xarici işlər naziri Ali Babacan və Mehmet Şimşek kimi fiqurlar dururdular.

Bu rəsmilər ikili rol oynayırdılar. Onlar Türkiyə iqtisadiyyatını xaricdə təmsil edir və daxildə isə Erdoğanı təhlükəli addımlardan çəkindirirdilər.

Bütün bunlara Erdoğanın iyun seçki qələbəsi ilə son qoyulub. O kürəkəni Berat Albayrakı qüdrətli Maliyyə Nazirliyinin başına gətirib. Lirənin bundan sonrakı vəziyyəti bazarların bu strategiyadan razı qalmadığını göstərir.

XS
SM
MD
LG