Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:38

Erdoğan Ukraynanı haraya qədər dəstəkləyəcək – Qərb mediası


Ukrayna Prezidenti Volodimir Zelenski (solda) türkiyəli həmkarı Recep Tayyip Erdoğan ilə, arxiv fotosu
Ukrayna Prezidenti Volodimir Zelenski (solda) türkiyəli həmkarı Recep Tayyip Erdoğan ilə, arxiv fotosu

Türkiyənin ümumi təbii qaz ehtiyacının 40 faizindən çoxu Rusiya hesabına təmin olunur

“Foreign Policy” dərgisi Türkiyənin Ukraynaya Rusiyanın mümkün təcavüzünə qarşı hansı səviyyədə dəstək göstərəcəyini təhlil edir. Prezident Recep Tayyip Erdoğan Ukraynanın yanında olduğunu dəfələrlə dilə gətirib.

Erdoğanın hakimiyyəti dövründə bu iki ölkə ticarət və müdafiə sahələrində ciddi tərəfdaşa çevriliblər, milyardlarla dollarlıq azad ticarət sazişləri imzalayıblar. Türkiyə həmçinin Ukraynanın qlobal bazara çıxışı üçün vacib Bosfor boğazına nəzarət edir.

Krım amili

Məqalədə Türkiyənin Krımın Rusiya tərəfindən ilhaqını tanımadığı vurğulanır. 1783-cü ilədək Osmanlı İmperiyasının tərkibində olan Krımı Rusiya tutaraq oraya etnik rusları yerləşdirmiş, etnik krımlıları didərgin salmışdı.

1944-cü ildə sovet lideri İosif Stalin yüzminlərlə Krım tatarını qəddarcasına deportasiya edib. Ərdoğan çıxışlarında tatarları “qan qardaşı” adlandırıb.

Məqalədə deyilir ki, Ukraynaya dəstək, bu məsələdə həmrəylik Türkiyənin Qərblə münasibətlərinin yaxşılaşmasına kömək edər.

Amma bir məsələ də var ki, Suriya, Liviya, indi də Ukraynada münaqişələrdə fərqli tərəflərdə durmalarına baxmayaraq, Türkiyə Rusiyadan çox asılıdır. Avropa Xarici Əlaqələr Şurasının aparıcı əməkdaşı, jurnalist Əsli Aydıntasbas iki ölkənin “rəqabətli əməkdaşlıq” etdiyini qeyd edir.

Qaz idxalının 40 faizi

Türkiyənin ümumi təbii qaz ehtiyacının 40 faizindən çoxu Rusiya hesabına təmin olunur. Rusiyanın Gazprom nəhəngi ilə Türkiyənin Botas şirkətinin imzaladığı dörd illik saziş çərçivəsində idxalın artacağı gözlənir.

Ukrayna-Türkiyə münasibətlərində də əhəmiyyətli müdafiə və iqtisadi sazişlər imzalanıb. 2021-ci ildə Türkiyə Ukraynaya 4.5 milyard dollarlıq investisiya qoyub. İki ölkənin ticarəti 5 milyard dolları keçir. Türkiyə 2018-ci ildən Kiyevə Bayraktar TB2 dronları satır. Bu silahlar 2020-ci ildə Dağlıq Qarabağ müharibəsində Azərbaycanın qələbə çalmasında rol oynayıb.

“Onların Ukraynaya dron satması faktı indiki gərgin məqamda güclü əlamətdir”, – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Atlantik Şurasının əməkdaşı Metyu Brayza deyir.

Ancaq məqalədə qeyd edilir ki, Rusiya sərhədə yığdığı qüvvələri işə salaraq, ağır artilleriya ilə ənənəvi işğala başlasa, Bayraktar TB2-lər effektli olmaya bilər.

Ekspertlər Erdoğanın Ukraynaya Azərbaycan qədər dəstək verəcəyinə inanmır.

Bilkent Universitetindən Rusiya üzrə ekspert Onur İsci deyir ki, Putin və Ərdoğan üst-üstə düşən, bəzən də uyğun gəlməyən alyansları saxlaya bilərlər, çünki onlar diplomatiyaya dövlətin şərtlərindən, onun mənafeyindən baxırlar.

Türkiyə – NATO münasibətləri

“Brookings” İnstitutunun portalında Kemal Kirişci yazır ki, Ukrayna böhranı Türkiyə və NATO-nun bir-biri üçün geosiyasi əhəmiyyətini yenidən gündəmə gətirib. Axı, son illər Türkiyənin NATO üzvlüyünə Qərbin skeptisizm güclənirdi.

Türkiyənin Rusiyadan S-400 sistemləri alması, ABŞ-ın Ankaranı F-35 proqramından çıxarması gərginliyi artırırdı.

Müəllif Qərbin Ukrayna böhranının həlli cəhdlərində Ankaranın fəal iştirak etməməsini Türkiyənin Qərbdən çox uzaqlaşması, ölkədə avtoritar idarəçiliyin dramatik yüksəlişi ilə izah edir.

Ölkədə azad və tənqidçi medianın azalması ictimaiyyətin Türkiyə və Qərb barədə balanslı və real fikir yürütməsini əngəlləyir. Metropoll şirkətinin ötən ay keçirdiyi rəy sorğusuna görə, respondentlərin 39.4 faizi Çin və Rusiya (Şərq) ilə münasibətlərin sıxlaşdırılmasını istyir. Avropa İttifaqı və ABŞ (Qərb) ilə sıx münasibət istəyənlər 37.5% olub. Bir il öncə bu rəqəmlər uyğun olaraq 27.6% və 40.9% idi.

XS
SM
MD
LG