Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:48

Paşinyanın partiyası müxalifəti və 'Rusiya agentlərini' terrorda ittiham edir


Nikol Paşinyanın hakim partiya üzrə müavini Qagik Melkonyan
Nikol Paşinyanın hakim partiya üzrə müavini Qagik Melkonyan

Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir ki, ölkədə hakim “Vətəndaş müqaviləsi” partiyasına, partiya sədrinin müavinləri – Qagik MelkonyanQurgen Arsenyan da daxil partiyanın başqa üzvlərinə qarşı terror cəhdi ilə bağlı iki cinayət işinə başlanıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə məlumatda qeyd olunur ki, hakim partiyanın üzvlərinə və tərəfdarlarına qarşı siyasi motivli bomba hücumu cəhdi ilə bağlı 4 nəfər həbs edilib.

Məlumatda deyilir ki, baş tutmamış hücum cəhdləri “Vətəndaş müqaviləsi” partiyasının tərəfdarlarını hədəfləməli və beləliklə də hakimiyyətin fəaliyyətini pozmalı idi.

Partladıcılar

İsitntaq materiallarına görə şübhəlilərdən biri Yerevanda Qagik Melkonyanın evinin yaxınlığında “əldəqayırma partladıcı qurğu” yerləşdiribmiş. Bomba fevralın 10-da səhər saatlarında partlamalıymış. Şübhəli bombanı səhvən Melkonyanın evinə bitişik evin həyətinə atıb.

İstintaq Komitəsinin versiyasına görə bu hücum Nikol Paşinyanın partiya üzrə müavini Melkonyanı bir sıra spesifik siyasi bəyanatlardan və mövqelərdən çəkindirməliymiş.

Məlumatda deyilir ki, digər şübhəli partladıcını fevralın 20-də başqa bir iqtidaryönlü deputat Qurgen Arsenyanın ofisinin yaxınlığında yerləşdirib.

Bu da bildirilir ki, hər iki qurğu “təsadüfən partlamayıb”.

Daşnaksutyun üzvü

Bu hücumların həbs olunmuş Qagik Sarkisyan və kimliyi hələ müəyyən edilməmiş başqa bir şəxs tərəfindən hazırlandığı bildirilir.

Sarkisyanın Erməni İnqilabi Federasiyası – Daşnaksutyun partiyasının üzvü olduğu qeyd edilir.

Əsas müxalifət partiyalarından biri olan bu təşkilat hələ ki, hadisə ilə bağlı heç bir açıqlama verməyib.

Sarkisyanın vəkili Vahe Yeprikyan Azatutyuna deyib ki, onun müdafiə etdiyi şəxs özünü təqsirli bilmir.

Yeprikyanın sözlərinə görə, Yerevan məhkəmələrindən biri Sarkisyanın 1 ay müddətinə həbs edilməsinə dair hökm çıxarıb.

"Əvvəlcə Qarabağın başını yedilər..."

Paşinyanın müavini evinin yaxınlığında edilmiş terror cəhdinə görə Ermənistanın indiki hakimiyyətinə düşmən olan “Rusiya agentlərini” ittiham edib.

O iddia edib ki, müxalifət hazırda Rusiyanın bütün əmrlərini icra etməyə çalışır. Bununla belə Melkonyan heç bir siyasi partiyanın adını çəkməyib:

"2020-ci ilin 9 noyabrından müxalifət, 5-ci kolon, Rusiya agentləri “Vətəndaş müqaviləsi” partiyasına qarşı mübarizəyə başlayıblar”.

Melkonyan vurğulayıb ki, bu adamlar hakimiyyəti dəyişmək və Rusiyanı məmnun edəcək hökumət qurmaq istəyirlər:

“Beşinci kolon Ermənistanda Rusiya agentlərinin böyük şəbəkəsidir. Onlar əvvəlcə Qarabağın başını yedilər. İndi də Ermənistanın başını yemək istəyirlər”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

XS
SM
MD
LG