Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:40

Ermənistan televiziyası ilk dəfə olaraq katolikosun müraciətini efirə verməyib


Bütün ermənilərin katolikosu II Qaregin Qarabağdan olan erməni qaçqınlarla Yeni il süfrəsində
Bütün ermənilərin katolikosu II Qaregin Qarabağdan olan erməni qaçqınlarla Yeni il süfrəsində

Ermənistanda millətçi Daşnaksutyun partiyası ölkənin ictimai telekanalında bütün ermənilərin katolikosu II Qareginin ənənəvi Yeni il müraciətinin yayımlanmamasına kəskin reaksiya verib.

Ermənistan teleqram kanallarında partiyanın gənclər qolu bildirir ki, Yerevandakı İctimai telekanalın binası qarşısında “Ar olsun! TRT1” şüarları peyda olub.

Şüar yazanlar TRT1-in adını çəkməklə Türkiyənin 1-ci dövlət kanalına işarə edirdilər.

Hüquqşünas David Tumasyan özünün Facebook səhifəsində yazıb ki, ictimai televiziyanın və bir sıra başqa kanalların katolikosun müraciətini verməkdən imtina etməsi təkcə II Qareginə deyil, həm də ümumilikdə kilsə və dinə qarşı akt olub.

Bundan əvvəl AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazmışdı ki, bütün ermənilərin katolikosu II Qareginin ənənəvi Yeni il müraciəti ictimai televiziya kanalında yayımlanmayıb.

İctimai TV izahat verməyib

Azatutyun xatırladır ki, onilliklər ərzində Erməni Kilsəsinin başçısı Yeni il axşamı ölkə başçısından az əvvəl müraciətlə çıxış edib.

Eçmiadzin bildirib ki, telekanal əvəzində katolikosa “Xəbərlər” proqramının axşam buraxılışında çıxış etməyi təklif edib, lakin katolikos belə variantdan imtina edib:

"Bütün müstəqillik tarixi boyunca, müqəddəs ata I Vazgenin vaxtından İctimai TV Yeni il gecəsində ölkə başçısının bilavasitə çıxışından əvvəl ənənəvi olaraq Patriarxın müraciətini efirə verib. Amma bu dəfə İctimai TV son anda heç bir izahat vermədən müqəddəs ata – Patriarxın çıxışının efirə verilməyəcəyini bildirib...”

Azatutyun yazır ki, ictimai televiziya baş verənlərin izah edilməsindən imtina edib.

Telekanalın baş direktoru Hovanes Movsisyan Azatutyunun sorğularını cavabsız buraxıb.

Azatutyun qeyd edir ki, ictimai televiziyanın şərh verməkdən imtina etməsinə baxmayaraq bu, hazırda sosial media şəbəkəsinin erməni sektorunda ən geniş müzakirə olunan mövzudur.

Qarabağ ermənilərinin məsələsi

Bəzi istifadəçilər baş verənləri Eçmiadzinlə Nikol Paşinyanın hakimiyyəti arsında fikir ayrılığı ilə izah edirlər.

Azatutyun yazır ki, katolikosun çıxışı nəinki ictimai telekanalda yayımlanmayıb, bu müraciəti hətta YouTube kanalında və İctimai İnformasiya Xidmətinin saytında da yerləşdirməyiblər.

Bu saytda yalnız baş nazir Nikol Paşinyanın, Milli Məclsiin spikeri Alen Simonyanın, müdafiə nazirinin və Yerevan merinin müraciətləri yerləşdirilib.

Azatutyun yazır ki, katolikosun müraciətində Qarabağ ermənilərinin məsələsinə bilavasitə toxunulmuşdu:

"Gəlin bizim Artsaxdan (Qarabağ-red) didərgin düşən bacı və qardaşlarımızı qayğıkeş məhəbbətlə yad edək. Onların ümidini artıraq ki, onların bizim doğma Artsaxımıza (Qarabağ-red) dönüşünə olan ümidləri heç vaxt öləziməsin. Onların Allaha inamı güclü olaraq qalsın...”

Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan Qarabağ ermənilərindən üzrxahlıq etsə də, onların Qarabağdan çıxmasına görə məsuliyyət daşımadığnı bir daha vurğulayıb.

O bir daha bəyan edib ki, baş nazir kimi Ermənistan Respublikasının maraqlarından çıxış edir.

'Qarabağ ermənilərinə Yerevanda deyirlər ki... torpağınızı qorumadız'
Gözlə

No media source currently available

0:00 0:06:47 0:00

Baş nazirlə katolikos arasında ziddiyyət

Azatutyun qeyd edir ki, Eçmiadzinlə Paşinyanın hökuməti arasında münasibətlər xüsusilə də 44 günlük müharibədən sonra gərginləşib.

Həmin vaxt katolikos Paşinyanı istefa verməyə çağırmışdı. Bunun ardınca Erməni Kilsəsinin bəzi ruhaniləri Ermənistan müxalifətinin antihökumət aksiyalarına qoşulmuşdu.

Bu da vurğulanır ki, katolikos və baş nazir artıq 2019-cu ildən bəri heç bir birgə tədbirlrədə iştirak etmirlər.

Bütün erməlilərin katolikosu gileylənmişdi ki, “Erməni Kilsəsinin Tarixi” fənni orta məkrtəb fənlərinin siyahısından çıxarılıb.

Azatutyun yazır ki, Ermənistan cəmiyyətində Erməni Kilsəsinin ölkənin siyasi həyatındakı roluna münasibət birmənalı deyil.

Hökuməti dəstəkləyən bir çoxları deyirlər ki, Ermənistan Respublikası dünyəvi ölkədir və buna görə də Ermənistanda din dövlətdən ayrıdır.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG