Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:00

Azərbaycanda mal ətindən çox toyuq əti yeyilir


Ankara sakinləri: Artıq ət ala bilmirik
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Ankara sakinləri: Artıq ət ala bilmirik

AzadlıqRadiosu ötən ilin taxıl balansı ilə bağlı Dövlət Statistika Komitəsinin (DSK) göstəricilərini diqqətinizə yetirib. Bu dəfə DSK-nın ərzaq balansında əsas ərzaq məhsullarının adambaşına düşən istehlakı diqqət hədəfində olacaq.

DSK-nın açıqladığı rəqəmlər ölkədə heyvandarlıqla bağlı mövcud durumu da qiymətləndirməyə imkan verir. Bu zaman ən diqqətçəkən məqamlardan biri ölkədə adambaşına düşən mal əti istehlakının ard-arda üç ildir ki, azalmasıdır. 2018-2020-ci illərdə Azərbaycanda adambaşına düşən mal əti istehlakı 16 kiloqramdan çox olurdu. Ötən il bu rəqəm 16 kiloqramdan aşağı düşərək 15.9 kiloqram olub və əvəzində toyuq əti daha çox yeyilib. 2018-2020-ci illərdə Azərbaycanda orta illik quş əti istehlakı adambaşına 14.7 kiloqram idi. 2021-ci ildə həmin rəqəm 15.4 kiloqrama yüksəlib. Bu baxımdan, rəqəmlərdən aydın olur ki, əhalinin daha bahalı mal ətinə tələbatını nisbətən daha ucuz toyuq əti əvəzləyib. Son bir ildə Azərbaycanda ərzaq məhsulları, rəsmi rəqəmlərə görə, 21 faiz bahalaşıb. Bu artım ət məhsullarından da yan ötməyib. Son bir ildə toyuq əti 19 faiz, mal əti təxminən 10 faiz bahalaşıb.

Toyuq əti ilə yanaşı, son illər yumurta istehlakında da artım gözə dəyir. Doğrudur, ötən il adambaşına düşən yumurta istehlakı (170 ədəd) 2020-ci illə müqayisədə (175 ədəd) aşağıdır. Ancaq nəzərə almaq lazımdır ki, 2020-ci ildən əvvəlki dövrdə bu göstərici ortalama 160-a yaxın idi. Əhalinin qoyun və balıq əti istehlakı isə, demək olar, dəyişməz qalır. Adambaşına düşən qoyun və keçi əti istehlakı ötən il 8.9 kiloqramdan 9 kiloqrama, balıq əti istehlakı isə 7.3 kiloqramdan 7.4 kiloqrama yüksəlib. Adambaşına donuz əti istehlakı da dəyişməz qalır – 1 kiloqram. Daha bir diqqətçəkən məqam pandemiya dövründə ölkədə süd və süd məhsulları istehlakının artmasıdır. 2019-cu ildə Azərbaycanda adambaşına 246 kiloqram süd və süd məhsulu istehlak edilmişdisə, 2020-ci ildə bu rəqəm 257 kiloqram, 2021-ci ildə 253 kiloqram olub.

Ət məhsulları ilə təminat nə yerdədir?

Ərzaq balansında əks olunan göstəricilər yerli istehsalın ət məhsullarına olan tələbi nə dərəcədə qarşılamasını da göstərir. Ötən il Azərbaycanda 145 min ton mal əti istehsal edilib. Bu, bir il öncəki göstəricidən 1.4 faiz və ya 2 min ton artım deməkdir.

Əvəzində, 2021-ci ildə idxal edilən mal ətinin həcmində ciddi azalma qeydə alınıb. Əvvəlki dörd ildə Azərbaycanda hər il 20 min tondan çox mal əti idxal edilib. Ötən il bu göstərici cəmi 12 min ton olub. Bu baxımdan, 2021-ci ildə Azərbaycanın özünü mal əti ilə təminat göstəricisi son illər ərzində maksimuma – 92 faizə çatıb. Ancaq bu artıma tələbin azalmasının təsirini də gözardı etmək olmaz.

Qoyun və keçi əti istehsalında ciddi dəyişiklik baş verməyib. Ötən il, bir öncəki il kimi, 87 min ton ət istehsal edilib. Azərbaycanın özünü qoyun və keçi əti ilə təminetmə səviyyəsi 98 faizdir. Donuz ətinə gəlincə, ötən il ölkədə cəmi 500 ton donuz əti istehsal edilib. Daha 10 min ton donuz əti də xaricdən gətirilib. Başqa sözlə, ölkədəki donuz əti istehsalı tələbin cəmi 5 faizini qarşılaya bilir.

Ötən il ərzində ölkədəki quş əti istehsalında ciddi artım qeydə alınıb. Əgər 2020-ci ildə 115 min ton quş əti istehsal edilmişdisə, 2021-ci ildə bu göstərici 9 min ton artıb və 124 min tonu ötüb. 2020-ci ildən əvvəl bu göstərici daha aşağı - ortalama 105 min ton civarında idi.

Balıq əti istehsalında isə, əksinə, 2 min tona yaxın azalma gözə çarpıb. Ötən il Azərbaycanda 59 min ton balıq əti istehsal edilib. Bu, son beş ildə ən aşağı göstəricidir. Ölkənin özünü balıq əti ilə təminetmə səviyyəsi də 82 faizdən 78 faizə enib.

Ölkədə heyvanların sayı necə dəyişib?

DSK ölkədəki heyvanların da sayını açıqlayıb. Həmin rəqəmlərdən ötən il Azərbaycanda inək sayının çoxaldığı görünür. Bu ilin əvvəlində ölkədə 1 milyon 227 min inək olub. Deməli, bir il əvvəllə müqayisədə 16 min inək artıb. Əvvəlki dövrlərdə bir il ərzində belə artım qeydə alınmamışdı. İribuynuzlu mal-qara arasında inək sayı artsa da, camış sayında kəskin azalma davam edib. Son bir ildə camışların sayı 8 mindən çox azalıb və 60 minə enib. Cəmi dörd il öncə ölkədə 100 mindən çox camış vardı.

Camışlarla yanaşı, ölkədəki qoyun və keçilərin də sayı azalmağa davam edib. Ötən il onların sayı artıq 8 milyondan da aşağı enərək 7 milyon 900 min civarına düşüb. Bu, bir ildə 200 minə yaxın azalma deməkdir.

XS
SM
MD
LG