Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:52

Məktəbə gedib, qayıdanda görüb ki, ev yoxdu...


İllüstrasiya
İllüstrasiya

►“Adama deyərlər, “mən qanunsuz ev tikəndə hardaydız?” Niyə gəlib demirdiz ki, tikmə, olmaz”...

“Gəlin səhər uşaqları məktəbə aparıb, qayıdanda görüb ev dağılıb. Bir anlığa elə bilib ki, ev öz-özünə dağılıb. Qonşular deyiblər, traktorlar indicə getdi”.

Bu olay Ramana qəsəbəsində bir müddət əvvəl ev tikib içərisinə yığışmış İbrahimovlar ailəsinin başına gəlib.

Qönçə İbrahimova deyir, ev 1 ay əvvəl Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən sökülüb. Xanımın sözlərinə görə, ocağı təzə yanmağa başlayan evin divarlarına yenicə uyğunlaşırlarmış:

“Qoyun, mal-heyvan satıb zülmlə bir otaq tikmişdik ki, küçədə qalmayaq. Hökumət bizi təzədən küçədə qoydu. Xalqla küçə adamları kimi rəftar edirlər, evdən çıxırsan, gəlib gizlin sökür, qaçıb gedirlər. O evdə 4 uşaq, gəlin, oğlum, mən – görün nə qədər adam qızınırdı, yaşayırdı... Hara gedək, bilmirik...”

Buna da bax: İŞİD yaraqlıları hava zərbələrindən necə sağ çıxır

“2 MİN VERMİŞƏM, DEYİR, AZDIR”

Qönçə İbrahimova iddia edir ki, evinin sökülməsinə rüşvəti az verməsi səbəb olub:

“2 min vermişəm, deyir, “azdır, 8 min ver”. Hardan alım o qədər pulu? Bir zülmlə üstünü örtüb, qapısını qoymuşduq. Oğlum heç yerdə iş tapa bilmir, bu adam 4 uşağın qarnını doydursun, ev tiksin, yoxsa rüşvət vermək üçün əlavə borca-xərcə girsin? Ev tikəsən, qapısını qıfıllayıb gedəsən, yarım saatdan sonra gəlib görəsən uçurdub qaçıblar. Buna ürəkmi dözər?”

Qönçə xanım deyir, ev tikmək üçün icra hakimiyyətinə müraciət etməyin mənası yoxdur:

“Aylarla, hətta illərlə süründürüb axırda “yox” cavabı verirlər. Sonra da rüşvət alıb deyirlər, “üzümüzü çevirmişik, get, tik”. Tikəndən sonra da gəlib sökürlər, rüşvət verdiyini də sübut edə bilmirsən. Bir az danışanda da deyirlər, vəzifəli şəxsə böhtan atırsan...”

Buna da bax: Ermənistanda 27 nəfər donuz qripinə yoluxub

“GÖZLƏYİRDİZ Kİ, TİKƏK, ÜSTÜNÜ ÖRTƏK...”

Qönçə İbrahimovanın oğlu Eldəniz İbrahimov deyir, ev sökülənədək Sabunçu rayon icra hakimiyyətindən hər hansı bildiriş, xəbərdarlıq gəlməyib:

“Adama deyərlər, “mən qanunsuz ev tikəndə hardaydız?” Niyə gəlib demirdiz ki, “tikmə, olmaz... Gözləyirdiz ki, tikək, üstünü örtək, əşyalarımızı içərisinə yığaq, sonra gəlib əşyaqarışıq söküb hərtərəfli zərbə vurasız?” 4 uşaqla, gənc gəlinlə çöldə qalmaq zarafat gəlir sizə?..”

İbrahimov sual edir ki, ev qanunsuz idisə, qanunsuz tikiliyə qaz, işıq sayğacı necə quraşdırılıb:

“Evi sökəndən sonra Fərid adlı şəxs gəldi, dedim ki, “evimi sökmüsən, niyə xəbərdarlıq, bildiriş verməmisən?” Dedi, “sənə xəbərdarlıq eləmək kimi vəzifəmiz yoxdur. Get torpağı kimdən almısan, pulunu da ondan geri tələb et””.

Buna da bax: Dövlət Neft Fondu Milanda bina alır

“TİKİNTİNİN QARŞISI NİYƏ VAXTINDA ALINMIRDI?”

Sabunçu rayon icra hakimiyyətindən bildiriblər ki, yeni tikili qaz kəmərinin üstündə tikildiyi üçün sökülüb. Əvvəldən ailəyə xəbərdarlıq olunub ki, burada tikinti aparmaq olmaz. Ancaq İbrahimovlar dinləməyib. Qurumdan İbrahimovların rüşvətlə bağlı dedikləri də təkzib edilib.

“Bəs tikintinin qarşısı niyə vaxtında alınmırdı” sualı isə cavabsız qalıb.

İndi İbrahimovlar ailəsi evsiz-eşiksiz qalıb.

Hüquqşünas Vaqif Alıyev deyir, əgər ərazi doğrudan da mühafizə zolağına düşürsə, strateji xətlər keçirsə, orada ev tikmək qanunla qadağandır. Lakin buna görə yerli icra hakimiyyəti vətəndaşı əvvəlcədən rəsmi xəbərdar etməli və tikintinin qarşısını almalıydı:

“Araşdırılmalıdır ki, İbrahimovlar o torpaq sahəsini kimdən, hansı sənədlə alıblar. Torpaq sahəsini satan məsuliyyətə cəlb olunmalıdır. Ancaq icra hakimiyyətinin də yaxası kənarda qala bilməz. Quruma qarşı məhkəmə iddiası qaldırılmalı və kompensasiya tələbi qoyulmalıdır. Çünki tikintinin qarşısını vaxtında almayıb, sonrakı söküntü nəticəsində isə vətəndaşa külli məbləğdə zərər vurmuş olub”.

XS
SM
MD
LG