Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:56

Azərbaycanda gəlirlər orta aylıq istehlak xərclərindən geri qalır


Cəlilabadın azərbaycanca danışan rusları: 'Dolanmaq olmur'
Gözlə

No media source currently available

0:00 0:05:32 0:00

Cəlilabadın azərbaycanca danışan rusları: 'Dolanmaq olmur'

Dövlət Statistika Komitəsi (DSK) ev təsərrüfatlarını araşdırıb. Araşdırma Avropa Statistika Bürosu (Avrostat) və Dünya Bankının metodologiya və tövsiyələrinə uyğun aparılıb və ona ölkənin bütün ərazisini əhatə edən 10 min 200 ev təsərrüfatı qatılıb. Ev təsərrüfatı deyərkən, bir şəxsdən və ya şəxslər qrupundan oluşan institusional vahid nəzərdə tutulur. Şəxslər qrupu eyni mənzildə yaşayanda, öz gəlir və əmlakını tam və ya qismən birləşdirəndə, bir sıra mal və xidmətlərdən, əsasən, mənzil-kommunal xidmətlərindən birgə yararlananda və qida məhsullarını birgə tükədəndə bir ev təsərrüfatı sayılır. Bu təsərrüfat bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən, eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər.

Rəsmi hesablamaya görə, ölkədə ev təsərrüfatlarının orta ölçüsü 4.23-dür (bir ailədəki şəxslərin sayı – red.). Ölkədə yalnız Bakıda (3.80) və Naxçıvan Muxtar Respublikasında (3.74) ev təsərrüfatlarının orta ölçüsü 4-dən kiçikdir. Bu ölçünün ən böyük olduğu bölgə Mil-Muğan iqtisadi rayonudur. Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının daxil olduğu regionda ev təsərrüfatlarının orta ölçüsü 4.92-dir.

Araşdırmadan bilinib ki, ötən il Azərbaycanda əhalinin orta aylıq gəliri 327.6 manat və aylıq adambaşına düşən ortalama istehlak xərcləri 333.4 manat olub. Deməli, araşdırmanın nəticələrinə görə, ötən il Azərbaycanda adambaşına düşən orta istehlak xərci adambaşına düşən gəlirdən çoxmuş.

Bölgə fərqləri

Ölkənin bölgələrində orta aylıq gəlir məbləği fərqlənir. Ötən il adambaşına orta aylıq gəlirin ən yüksək göstəricisi Bakıda qeydə alınıb - 347 manat. Naxçıvan Muxtar Respublikası (342 manat) və Abşeron-Xızı (342 manat) orta aylıq gəlirə görə ilk üçlükdədir. İl ərzində ölkədə adambaşına düşən gəlirin ən az olduğu bölgə isə Mil-Muğandır. Bu bölgədə adambaşına orta aylıq gəlir cəmi 288 manat olub. Paytaxt Bakı ilə müqayisədə təxminən 20 faiz az məbləğdən söhbət gedir.

Ölkədə orta aylıq adambaşına gəlirin 300 manatdan az olduğu ikinci iqtisadi rayon Lənkəran-Astaradır. Bu bölgədə aylıq adambaşına düşən gəlir cəmi 295 manatdır.

Adambaşına düşən gəlir baxımından regional fərqlərlə yanaşı, sosial fərqlər də var. Araşdırma üzə çıxarıb ki, əhalinin gəlir səviyyəsinə görə ilk 10 faizlik bölümünə daxil olan ev təsərrüfatlarında aylıq adambaşına düşən gəlir 674 manatdır. Ən az gəlir əldə edən 10 faizlik əhali qrupunda isə eyni göstərici təxminən dörd dəfə az -183 manatdır.

Yoxsulluq səviyyəsi pandemiyaöncəsi həddə qayıtmayıb

Statistika Komitəsi ötən ilin sonuna ölkədə yoxsulluq göstəricisini də açıqlayıb. Rəsmi açıqlamada bildirilir ki, Azərbaycanda əhalinin 5.5 faizi – təxminən 557 min nəfəri yoxsuldur. 2021-ci ildə ölkədə yoxsulluq göstəricisinin 5.9 faiz, 2020-ci ildə 6.2 faiz olmuşdu. Son iki illə müqayisədə yoxsulluq göstəricisi azalsa da, hələ də pandemiyadan öncəki səviyyəyə dönə bilməyib. 2019-cu ildə Azərbaycanda yoxsulluq səviyyəsi 4.8 faiz olaraq açıqlanmışdı.

Kimlər yoxsul sayılıb?

Rəsmi bölgüyə görə, yoxsulluq fərdin və ya sosial qrupun bəlli iqtisadi durumunun xarakteristikasıdır. Belələrinin əli yaşamağa yetəcək zəruri azuqəyə, qeyri-ərzaq və xidmətlərin minimum toplusuna çatmır. Hazırda istifadə edilən yanaşmaya görə, yoxsulluq səviyyəsinin müəyyənləşdirilməsi üçün öncə ölkədə yaşayış minimumunun dəyəri hesablanır və bu, yoxsulluq həddi kimi qəbul edilir. Adambaşına düşən gəlirləri yaşayış minimumunun dəyərindən aşağı səviyyədə olan əhalinin xüsusi çəkisi yoxsulluq göstəricisidir və bu əhali yoxsul əhali sayılır. Rəsmi açıqlamada bildirilir ki, ötən il yoxsulluq həddi 229 manat 60 qəpik müəyyənləşdirilmişdi. Başqa deyimlə, ayboyu gəliri 229 manat 60 qəpikdən az olan şəxslər yoxsul sayılmışdı. Müstəqil ekspertlər bu rəqəmə şübhə ilə yanaşırlar, axı Azərbaycanda bir çox sahədə minimum hədlər müəyyən edilərkən real göstəricilər nəzərə alınmır.

Dünya Bankı hələ 2019-cu ildə yayımladığı hesabatda Azərbaycanda yoxsulluq göstəricisinin hökumətin açıqladığı rəqəmdən dəfələrlə çox - 24 faiz olduğunu açıqlamışdı. Həmin hesabatda Bakıda yoxsulluq göstəricisinin 16 faiz, digər bölgələrdə, ortalama, 20-30 faiz arasında olduğu qeyd edilirdi. Bankın yayımladığı digər bir hesabatda bildirilirdi ki, ölkədə yoxsul əhalinin 60 faizindən çoxu kəndlərdə yaşayır. Kənd yerlərində yaşayanların 57 faizi yoxsulluq riski daşıyır. Başqa deyimlə, həmin əhali qrupu hazırda yoxsul sayılmasa da, gözlənilmədən üzləşəcəyi iqtisadi və ya səhiyyə problemləri onları asanlıqla yoxsul əhali qrupuna sala bilər. Bu məqam Azərbaycanda iqtisadi çətinliklərin necə böyük miqyaslı sosial problemlər doğuracağının göstəricisidir. 2019-cu ildən bəri hətta hökumətin açıqladığı rəqəmlərdə belə yoxsulluq göstəricisinin artdığı nəzərə alınsa, gerçək yoxsul sayının daha çox olması şübhə doğurmaz.

XS
SM
MD
LG