Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:49

Evinə 157 min manata lift quraşdırmaq istəyən keçmiş deputatın başına gələnlər...


2010-2020-ci illərdə deputat olmuş işadamı Hacı Salayevin metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən beşmərtəbəli evinə lift quraşdırmaq istərkən aldadıldığı iddia olunur. O bu üzdən Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan dələduzluqla bağlı cinayət işində zərərçəkmiş kimi tanınıb.

“Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfov keçmiş deputatla yanaşı, bir sıra başqa adamları, o cümlədən Dövlət Gömrük Komitəsini də lift və başqa avadanlıqlar gətirib quraşdırmaq adıyla aldadıb, onların pulunu ələ keçirməkdə ittiham olunur.

İddia edilir ki, o, H.Salayevin evinə Almaniya istehsalı olan lift gətirib quraşdırmaqdan ötrü 157 min manatdan çox pul alıb, amma işi yerinə yetirməyib.

Digər zərərçəkmişlərdən Bəxtiyar Məmmədov Xırdalanda tikdirdiyi ticarət mərkəzinə, Nəcib Səlimov isə Qusarda inşa olunan otelə liftlərin quraşdırılmasından ötrü pul verib.

Avadanlıq gəlib çıxmayıb

Dövlət Gömrük Komitəsinə (DGK-ya) gəlincə, T.Nəcəfov komitə üçün tikilən yeni binanın fasad şüşələrinə xidmət avadanlığı və turniket gətirilməsini üzərinə götürüb.

O, DGK-nın maliyyə müqavilələrini icra edən “Azərterminalkompleks”lə 265 və 146 min manatlıq iki müqavilə bağlayıb. Amma bu avadanlıqların heç biri gəlib çıxmayıb.

T.Nəcəfov özünü təqsirli bilmir. O, məhkəmədə deyib ki, liftlərin hazırlanması üçün əməkdaşlıq etdiyi əcnəbi şirkətlərə sifarişlər verilib, ancaq liftlər hazırlansa da, onları gətirib sahiblərinə təhvil verə bilməyib. Onun sözlərinə görə, bir sıra problemlər bu işləri başa çatdırmağa mane olub.

“Mənim əvvəldən vergi borcum vardı. Gömrük Komitəsindən hesabıma pul köçəndən sonra onu vergi borcuma görə çıxdılar. Bu da işi pozdu. Amma mən yenə də sifarişləri vermişdim, pulun da bir hissəsini ödəmişdim. Mal tam hazır olandan sonra qalanı ödənilirdi”, - təqsirləndirilən şirkət rəhbəri belə deyir.

O vurğulayıb ki, kimsəni bilərəkdən aldatmayıb, heç kimin də pulunu ələ keçirməyib. Sadəcə, həbs edildiyindən, liftlərin Bakıya gətirilib quraşdırılması mümkün olmayıb.

“Mənim bu çəkdiyim xərcləri saymırlar”

T.Nəcəfov deyir ki, DGK-nın yeni binası üçün turniket nümunəsi də gətirilmişdi:

“Onu bura gətirməyə 8 min avro pul xərcləmişdim. Turniketin öz pulu, adamların gəliş-gedişi... Rəhbərlik səviyyəsində baxdılar, dedilər ki, bu nümunə tikdikləri binaya görə 10-15 santimetr böyükdür. Bunların istədiyi turniketlər sıfırdan hazırlanmalı idi. Mənim bu çəkdiyim xərcləri saymırlar”.

Təqsirləndirilən şəxs əlavə edib ki, H.Salayev pulun bir hissəsini xaricdəki şirkətin əməkdaşına verib.

Zərərçəkmişlərdən Nəcib Səlimov danışır ki, “Gerlift Group” MMC ilə müqavilə bağlayıb, liftlərin alınmasından ötrü pulları hissə-hissə ödəyib. Hər ödənişdə də qəbz alıb:

“Tural dedi ki, liftlər gəlib Türkiyədədir. Şəkillərini göndərməsini istədim. Dedi ki, uyğun yerdə deyiləm. Gecikmənin səbəbini soruşanda bəhanələr gətirirdi. Sonralar zənglərimə cavab vermədi. Eşitdim ki, həbs olunub”.

T.Nəcəfova külli miqdarda dələduzluq ittihamı verilib. Bu maddədə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG