Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:10

Azərbaycana qayıda bilməyənlər: 'Eləsi var, kirayə puluna görə...'


Rusiya-Azərbaycan sərhədində acınacaqlı durum
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Rusiya-Azərbaycan sərhədində acınacaqlı durum

COVID-19 (koronavirus) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində sərhədlərin bağlanmasıyla yüzlərlə vətəndaş iki aya yaxındır ki, Azərbaycana qayıda bilmir. Təkcə elə Dağıstanda – Azərbaycan-Rusiya sərhədində yüzlərlə vətəndaş̧ toplaşıb, ölkəyə buraxılmasını gözləyir.

İş o yerə çatıb ki, Rusiya Fövqəladə Hallar Nazirliyi sərhəddə toplaşan azərbaycanlılar üçün Dağıstanda 210-yerlik müvəqqəti yerləşmə məntəqəsi yaratmaq qərarına gəlib. Nazirlikdən mayın 10-da "RİA Novosti"yə bildirilib ki, Dağıstanın rəhbəri Vladimir Vasilyevin Operativ Qərargaha müraciəti əsasında belə bir məntəqənin yaradılması haqda qərar verilib.

"Yazıldı ki, mümkün deyil, "qeydiyyat başa çatıb""

Mart ayında Moskvada yaşayan qohumunun yanına gedən və o vaxtdan geri qayıda bilməyən 32-yaşlı Tural Atayev AzadlıqRadiosuna bu barədə danışır. Deyir ki, martın 26-da "Azərbaycan Hava Yolları" QSC (AZAL) həftədə bir dəfə Moskvadan uçuş olacağı, virus təhlükəsiylə əlaqədar biletlərin ancaq internet vasitəsilə satılacağı haqda elan yerləşdirib. Amma o, bilet almaq istəyəndə artıq mümkün olmayıb: "Moskvadakı səfirliklə, konsulluqla əlaqə saxlamaq mümkün deyil. Aprelin 18-də hökumət Rusiyadan Azərbaycana qayıtmaq istəyən vətəndaşlar üçün evegedirem.info portalı yaratdı. Orada qeydiyyatdan keçənlərin növbəli şəkildə geri qayıdışının təşkil olunacağı deyilirdi. Aprelin 23-də qeydiyyatdan keçmək istədim. Portalda yazıldı ki, mümkün deyil, "qeydiyyat başa çatıb". Qalmışam burada, qayıda bilmirəm".

T.Atayev əlavə edir ki, onun müvəqqəti qalmağa yeri var. Amma bir çox başqa Azərbaycan vətəndaşları ağır durumdadır. Onun sözlərinə görə, pandemiya dövründə xeyli azərbaycanlı Rusiyada işini itirib və maddi vəziyyəti pisləşib: "Burada nə qədər azərbaycanlı var ki, kirayə pulunu ödəyə bilmədiyinə görə ev sahibi çıxarıb, ailəsi ilə pis vəziyyətdə qalıb. Sərhədə axın edənlər daha çox elə durumda olan vətəndaşlarımızdır. Təəssüf ki, hökumət də lazımi tədbirləri görmür. "Sərhədə gəlməyin" deməklə iş bitmir axı, bu adamlar neyləsin? Görün nə vəziyyətdir ki, Rusiya tərəfi bizimkilər üçün müvəqqəti yerləşdirmə məntəqəsi yaradıb".

Rusiyada yaşayan azərbaycanlı: məsciddə gecələməyə məcburam
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

"Başqa çıxış yolu yoxdur"

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sosial şəbəkələr vasitəsilə vətəndaşları Rusiya-Azərbaycan sərhədinə toplaşmamağa çağırıb. Sərhəddə gözləmək üçün heç bir şərait olmadığını vurğulayan səfirin sözlərinə görə, vətəndaşlar ora toplaşmaqla hər iki ölkəyə də problem yaradır: "Orada gözləməklə heç bir şey olmayacaq. Sərhəd nə xahişlə, nə təzyiqlə açılacaq. Bütün səbrinizi bir yumruğa yığıb, gözləmək lazımdır. Başqa çıxış yolu yoxdur".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hökuməti xarici ölkələrdən geri qayıtmaq istəyən vətəndaşların gətirilməsi üçün lazım olan tədbirləri görüb.


Bu tədbirlərin davam etdiyini vurğulayan L.Abdullayeva Rusiyada portalda qeydiyyatdan keçmiş vətəndaşlardan 548 nəfərin birinci mərhələdə ölkəyə gətirildiyini bildirib: "Rusiyadan geri qayıtmaq istəyən digər vətəndaşlarımızın da Azərbaycana qaytarılması istiqamətində işlər aparılır. Nəzərə almaq lazımdır ki, geri qayıdan hər bir vətəndaşımız karantində yerləşdirilir. Bu proses karantin yerlərinin hazırlığı ilə bilavasitə əlaqəli şəkildə həyata keçirilir".

Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycan-Rusiya sərhədinin bağlanması barədə martın 16-da yaydığı açıqlamada bildirilirdi ki, "ölkəyə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün çarter uçuşları təşkil ediləcək. Uçuşların qrafiki barədə əlavə məlumat veriləcək".

Amma Rusiyada qalan azərbaycanlılar qrafik haqda məlumat ala bilmədiklərini bildirir.

E.Abbasov
E.Abbasov

"500-600 nəfəri buraxmaq mümkün olmur?"

Hüquqşünas Emin Abbasov deyir ki, inzibati orqanların bəyanatlarına, vədlərinə fiziki və hüquqi şəxslərin etimadı qanunla qorunur: "Bu, inzibati icraat qanunvericiliyinin əsas prinsiplərindən biridir. Əgər Nazirlər Kabineti sərhədləri bağlayarkən çarter reyslərinin təşkili barədə açıq bəyanat veribsə, bu vədə uyğun olaraq, çarter reysləri səmərəli şəkildə həyata keçirilməlidir".

E.Abbasovun sözlərinə görə, sərhəd zonasında yüzlərlə vətəndaşın ağır durumda qalması da hüquqi mübahisə yaradır. Hüquqşünas deyir ki, dövlət orqanları vətəndaşların ölkəyə buraxılmamasının hansı zərurətdən irəli gəldiyini əsaslandırmalıdır:


"Ölkədə... karantin yerlərinin çatışmazlığı nə qədər kəskindir ki, sərhəddə qalmış 500-600 nəfərin tədricən ölkəyə geri qayıtmasına məhdudiyyətlər hələ də davam edir? Əlbəttə, əgər belə çatışmazlıq varsa. Sərhədlərin bağlanması qanuni məqsəd daşısa belə, qanunla müəyyənləşdirilmiş bu məhdudiyyətlər konstitusiyanın, beynəlxalq hüququn tələb etdiyi mütənasiblik prinsiplərinə uyğun olmalıdır. Əgər vətəndaşların ölkə daxilində karantin zonalarında yerləşdirilməsi mümkündürsə, onların sərhəd ərazidə daha pis şəraitdə qalmasının ağlabatan, inandırıcı hüquqi izahı olmalıdır".

Mayın 11-nə olan məlumata görə, Azərbaycanda 2519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

XS
SM
MD
LG