Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:44

Fərhad Bədəlbəyli: «Niyə iki millət bir-birini qırmalıdır?»


Fərhad Bədəlbəyli
Fərhad Bədəlbəyli

►“Millətimiz bir az səbirsizdir, o saat emosiyaya qapılır.​”

"Kimsə boş-boş şüarlarla çıxış edir, sonra da gedib vətəndaşı əzir, ya da rüşvət alır, bu, heç kimə lazım deyil. Məncə, cəmiyyətdə ciddilik lazımdır."

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Rəyasət Heyətinin üzvü, Milli Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Azərbaycan-Ermənistan cəbhə xəttində baş verənləri diqqətlə izləyir.

Professor son hücumlar, itkilər, atəşkəs və növbəti sülh danışıqları haqqında AzadlıqRadiosuna danışır:

– Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə çox görüşürdük. Onlar neçə dəfə dəyişiblər. 20 il ərzində deyirdilər ki, “dözün”. Biz də öz aramızda çalışırdıq ki, hərb ab-havası olmasın, münaqişə dinc yolla həll olunsun, ermənilərlə bir yerdə yaşayaq. Onsuz da bizim qonşularımızdır, istər-istəməz, onsuz da onlarla bir yerdə yaşayacağıq.

Çalışırdıq, gənclərə də həmişə deyirdik ki, “dözün”. Ancaq həmişə həmsədrlərə deyirdim, “elə etməyin ki, Azərbaycan cəmiyyəti hərbi ruhla yaşasın”. Bunu ya başa düşmədilər, ya da elə başa düşürdülər ki, Azərbaycan xalqı bununla barışacaq, get-gedə də bu mövzu öz-özünə aradan qalxacaq. Ancaq belə olmadı. İndi cəmiyyətdə, hər yerdə görürəm. Tələbələrim gəlib deyirlər ki, “cəbhəyə getmək istəyirəm”. Axı, niyə bu nöqtəyə gətirib çıxardılar? Biz bir yerdə yaşamalıyıq. Bu nifrət hissi çox təhlükəli bir hissdir. Bu 20 il ərzində Rusiya, Amerika, Avropa heç bir şey eləmədi. İşğal altında olan torpaqlarımızı boşaltsaydılar, yolları açsaydılar, ermənilərlə ticarət başlasaydı, normal inkişaf gedərdi. Çox heyif ki, bu yolla heç bir şey alınmadı. Təkcə hərbi yol qaldı. Son zamanlar ermənilər bizim dinc əhalini atəşə tuturdular, onların arasında uşaqlar, qadınlar və qocalar da vardı. Ona görə cəmiyyətdə də revanş ab- havası güclənmişdi. Biz irəli getdik, ordumuz da özünü göstərdi. Cəmiyyət də ordunun özünü göstərməsini istəyirdi. İndi hər şey böyük ölkələrdən asılıdır. Başa düşürəm ki, Azərbaycan bunu tək eləyə bilməz. Rusiya var, onun Gümrüdə hərbi bazası var və s. İcmanın üzvü kimi yenə həmsədrlərlə görüşsək, deyəcəyəm ki, “şərait yaradın, bu camaat bir-birini qırmasın”. Çünki başa düşürəm ki, bu, kiməsə əlverişlidir, bizə silah satırlar, onlara çox ucuz qiymətə silah satırlar. İki millət bir-birini qırır. Axırı nə olacaq?

– İcmanın üzvü kimi bir neçə dəfə işğal altındakı ərazilərdə olmusunuz, erməni icmasının üzvləri ilə də görüşmüsünüz. O dönəmlə indini müqayisə etsəniz, nə deyə bilərsiniz, körpülərin hamısımı yanıb?

– Onların arasında bir neçə ağıllı adam var. Əlbəttə, var. Orda bir konservatoriyanın rektoru vardı. Ondan soruşurdum ki, “faktiki, bu hərbi xuntanın sizə başçılıq etməsinə necə dözürsünüz?” Ter-Petrosyanı götürək. Heç olmasa, ziyalı bir insan idi. Başa düşürdü, onunla danışmaq olardı. Axı bu Kocharyanın da, Sarksyan-ın da əli qanın içindədir. Onlara hakimiyyət lazım idi. Onlarüçün Ermənistan heç bir şeydir. Onlara prezident olmaq lazım idi ki, o bədbəxt ölkəni daha da bədbəxt eləsinlər. Söhbət elədiyim həmin adamlar bunu başa düşürdülər. Ancaq çox qorxurdular. Çünki vaxtilə daşnaklar normal düşünən erməniləri də öldürürdülər. Kim ki, normal, dinc yaşamaq, Azərbaycanla əlaqələrin qurulmasını istəyirdi, onları məhv eləyirdilər. Hələ ki, bu xunta orda hakimiyyətdədir, normal adam da bizimlə danışmağa qorxur. Dərd burasındadır. Ermənistandakı bir neçə normal adamın əlində heç bir şey yoxdur. Onlar ziyalılardır, nə hakimiyyətdə təmsil olunurlar, nə pulları var, nə də bir şey. Sadə adamlardır. Onlardan heç bir şey asılı deyil. Biz görüşəndə də deyirdilər ki, “normal yaşayırdıq, bu, kimə lazım idi?” Xankəndində elanlardan tutmuş, hər şey erməni dilində idi. Universitet, teatr var idi. Mən özüm də tez-tez gedirdim. Gözəl bir musiqi texnikumu var idi. Hər şey var idi. Onlar bunu başa düşürdülər. Ancaq deyirdilər ki, “neyləyə bilərik, qorxuruq”. Orada belə adamları ya həbs edirlər, ya da təzyiq göstərirlər.

Fərhad Bədəlbəylinin fikirlərini şərhlər bölümündə müzakirə edə bilərsiz

– Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri demişdi ki, “Dağlıq Qarabağın erməni icması ilə oturub danışmağa hazırıq”. Bundan sonra da bu cür danışıqlar mümkündürmü?

– Mütləq lazımdır. Məhz bu hadisələrdən sonra danışmaq lazımdır. O qədər qurban vermişik, onlar da qurban veriblər. Erməni, azərbaycanlı, – bu qurbanlar nəyə lazım idi? Cavan uşaqlardır. Ortada ambisiyalar var. Moskvanın, Parisin, Vaşinqtonun ambisiyaları var. Bu iki xalq da bir-birini qırır. Çox faciəli bir vəziyyətdir. Mən heç vaxt antierməni şüarlarla çıxış etmirəm. Çünki bu, mənasız bir şeydir. Amma Moskvanın tok-şoularını görəndə dəhşətə gəlirəm. İki milləti qarşı-qarşıya qoyurlar. Bir-birlərini təhqir eləyirlər və s.

___________________________________________________________

Bunlara da bax:
Cavid Hüseynov: “Elşəni mən göndərmişdimsə...”- [Video]
"Cəbhədəki əsgərlərə dəstək" aksiyası

___________________________________________________________

– Bu gün həmsədrlər yenə gəlib. Bu gün axşam da Rusiyanın xarici işlər naziri Sergei Lavrov Bakıya gəlir. Bu görüşlərdə iştirak edirsinizmi?

– Biz tələb elədik. Həmsədrlərlə də görüşmək istədik, Lavrov da gəlir. Həmişə bizə deyirlər ki, “vaxt yoxdur”. Protokolu Xarici İşlər Nazirliyi hazırlayır. Elmar müəllim özü də bizə deyib ki, “hazır olun”. Hazırıq, həmişə deyirik ki, “ermənilərlə normal danışıqlara hazırıq”. Çünki buna son qoymalıyıq. Niyə uşaqlarımız qurban olmalıdırlar?

– Bundan sonrakı sülh danışıqlarından nə gözləyirsiniz?

– Fikrimcə, yəqin, Rusiya hər şeyin əvvəlki yerinə qayıtmasından ötrü təzyiq göstərəcək. Əlbəttə, bizim hərbçilər çox əlverişli yüksəklikləri tutublar. Heç vaxt da ordan çıxmayacaqlar. Çıxmaq da olmaz. Çünki bizim torpaqlarımızdır. Görək, bəlkə də Ermənistana hansısa təzyiq olacaq.

– Münaqişənin həlli ilə bağlı bir ziyalı kimi təklifləriniz nədir?

– Azərbaycanlılar qələbəylə bağlı bir az diqqətli olmalıdır. “Qələbə-qələbə” deyəndə, hələ qələbə yoxdur. Bu, hələ, birinci addımdır. Emosiya var. Əsas qələbə diplomatik qələbədir. Bunu gözləyirik. Elmar müəllimlə dostuq. Həmişə ona da deyirəm, o da bizi başa düşür ki, ictimaiyyət daha aktiv olmalıdır. Bütün simpoziumlarda, hər yerdə çıxış etməlidir. Diplomatlar öz işini görür, ancaq ictimai fikir də vacibdir. İcma kimi bütün danışıqlara hazırıq. Bunu mən də, Bayram müəllim də, hətta Elman da deyir. Elmanın (Xocalının keçmiş icra başçısı Elman Məmmədov) bütün ailəsi, ailəsindən 19 nəfər Xocalıda öldürülüb. O da razıdır. Deyir, “eybi yox, mən ermənilərlə danışaram”. Biz bundan artıq neyləyə bilərik?

– Cəmiyyətdəki emosiyanı vurğuladınız...

– Emosiya var. Müharibədə emosiya da lazımdır. Bu, həmişə olub. Ancaq qələbə üçün yaxşı işləmək lazımdır. Hər kəs öz işində yaxşı işləməlidir. Hər kəs öz borcunu yerinə yetirməlidir. Kimsə boş-boş şüarlarla çıxış edir, sonra da gedib vətəndaşı əzir, ya da rüşvət alır, bu, heç kimə lazım deyil. Məncə, cəmiyyətdə ciddilik lazımdır. Hər yerdə əyləncə proqramları, hər yerdə şou-biznes. Biz o ciddiliyi itirdik. İnformasiya müharibəsi gedir. Ermənilərə cavab vermək lazımdır. Ancaq mədəni formada, təhqirlə yox, təmkinlə. Başa salmaq lazımdır ki, onsuz da bir yerdə yaşayacağıq. Tələbələrə də deyirəm ki, “bütün günü internetlə işləyirsiniz, təhqirsiz, normal, bir az müdrik, bir az səbirli olun. Millətimiz bir az səbirsizdir, o saat emosiyaya qapılır. Bir az praqmatik olmaq gərəkdir. Bizdə praqmatik ruh bir az zəifdir. Əsas məsələ ziyalıların çalışmasıdır ki, Avropada da bizim vəhşi olmadığımızı başa düşsünlər. Biz ermənilərlə danışmaq, yaşamaq istəyirik. Tələbələrimə deyirəm, “başa düşürsünüz ki, sabah Qarabağ bizim olanda, erməni deputatı Bakıya gəlib orda oturacaq? İsrail knessetində 7 fələstinli oturub, İsraili səhərdən axşama qədər tənqid edirlər. Ancaq dözürlər. Çünki demokratiya var. Yəni, bizə indi tolerantlıq ruhu çox lazımdır. İstəməzdim ki, daşnakın millətçi ruhu bizə keçsin.

– Fərhad müəllim, bəs ölkədəki demokratik prinsiplərin, insan haqlarının vəziyyətini necə qiymətləndirirsiniz?

– Bu proses tədricən gedir. Camaat da ayılıb, öz haqlarına görə mübarizə aparır. Son hadisələr də göstərir ki, Avropadan da təzyiq var. Yox, hər şey normal gedir. Gələcəyə nikbin baxıram. Amma yenə deyirəm ki, ictimaiyyətin rəyi çox vacibdir. Çox yaxşı olardı ki, bu rəy həmişə nəzərə alınsın.

Həmçinin baxın: AzadlıqRadiosu Youtube kanalından izləyin:

XS
SM
MD
LG