Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:43

Ukraynaya dəstək Azərbaycanda mübahisələrə səbəb olub


Ukraynaya dəstək aksiyası keçirilib
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Ukraynaya dəstək aksiyası keçirilib

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin hazırda Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya səfəri sosial şəbəkə və bəzi media orqanlarında müzakirələrə səbəb olub. F.Kərimli öz Facebook səhifəsində Ukraynada olduğunu, döyüşlərdə iştirak etmədiyini, həm vəziyyətlə yerində tanış olmaq, həm də təcrübə mübadiləsi üçün ora getdiyini yazmışdı. Bir neçə gün əvvəl isə Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun müəyyən açıqlamaları məsələ ətrafında müzakirələri daha da qızışdırıb.

B.Məhərrəmov
B.Məhərrəmov

"Azərbaycan dövlətinin mövqeyini nəzərə almadan…"

Deputat "Turan"a da təsdiqlədiyi həmin açıqlamasında deyib ki, Azərbaycan vətəndaşlarının öz təşəbbüsləri ilə başqa bir ölkədə Azərbaycan dövlətinin mövqeyini nəzərə almadan silahlı münaqişəyə qoşulması milli maraqlara ziddir. O qeyd edib ki, Azərbaycan vətəndaşları yalnız Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada ölkə sərhədlərinin xaricində hərbi əməliyyatlara cəlb oluna bilərlər: "Cinayət Məcəlləsində qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratmanı ehtiva edən 279-cu maddə var. Habelə, müharibə cinayəti kimi muzdluluğu ehtiva edən 114-cü maddə". Onun fikrincə, buna görə də işin hallarından asılı olaraq istənilən şəxs sadalanan maddələrdən biri ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.

Deputat B.Məhərrəmov "Turan"a isə ayrıca bildirib ki, yazıda adı qeyd olunan şəxsi tanımır və fəaliyyəti ilə tanış deyil: "Mövqeyimi isə ümumi şəkildə bildirmişəm və bir daha da qeyd edirəm ki, vətəndaşlarımızın öz təşəbbüsləri ilə başqa bir ölkədə Azərbaycan dövlətinin mövqeyini nəzərə almadan silahlı münaqişəyə qoşulması milli maraqlarımıza və qanunvericiliyə ziddir".

"Səfər siyasi xarakter daşıyır"

Müsavat Partiyasının başqan müavini Fərəc Kərimli isə AzadlıqRadiosuna bildirib ki, Ukraynaya öz təşəbbüsüylə gəlməyib: "Bəzi məsələlərdə məsləhətləşmək üçün dəvət olundum. Dəvətə cavab verərkən də döyüş əməliyyatlarına qatılmayacağım və heç bir maddi ödəniş olmayacağı barədə şərtlərimi irəli sürdüm. Onlar da zatən o məqsədlə dəvət etmədiklərini bildirdilər".

Müsavatçının sözlərinə görə, onun Ukraynaya səfəri siyasi xarakter daşıyır və həm də Azərbaycanın mənafelərinə xidmət edir: "Ukrayna Ali Radasının deputatı, Krım tatar xalqının lideri Mustafa Cəmilovla, Krım Tatar Milli Məclisinin başqanı Refat Çubarovla görüşümüz olub. 44 günlük Vətən müharibəsində Ukrayna xalqının və dövlətinin Azərbaycanı birmənalı dəstəkləməsi, hər zaman Azərbaycanın yanında olmasını da nəzərə alsaq, Ukraynaya dəstəyimizi ifadə etmək həm də mənəvi borcdur."

Y.İmanov
Y.İmanov

"Fərəc Kərimli müharibəyə çağırış da etməyib"

Hüquqşünas Yalçın İmanov da AzadlıqRadiosuna bildirib ki, şəxsin digər ölkəyə yalnız hərbi təcrübə mübadiləsi məqsədilə səfərinə görə Azərbaycan qanunvericiliyində heç bir cinayət məsuliyyəti nəzərdə tutulmur: "Azərbaycan Cinayət Məcəlləsində muzdluluğa görə məsuliyyət nəzərdə tutulub. Yəni, Azərbaycan vətəndaşının muzdlu qismində başqa ölkələrin arasında gedən hərbi əməliyyatlarda iştirakı, muzdluların maliyyələşdirilməsi cinayət məsuliyyəti yarada bilər".

Hüquqşünasın vurğulamasına görə, F.Kərimli müharibəyə çağırış da etməyib ki, buna görə cinayət məsuliyyətinə cəlb olunsun: "Cinayət Məcəlləsində 283-1 maddə var. Bu maddə Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma ilə bağlıdır. Amma Fərəc Kərimlinin hərbi təcrübə mübadiləsi aparması bu maddəyə də heç bir halda aid edilə bilməz".

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Moskvanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

XS
SM
MD
LG