Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:28

'Bir gün əvvəl Fazil Mustafanın güllələnməsinə görə DTX-ya çağırdılar, ertəsi gün narkotiklə şərlədilər...'


Həbs
Həbs

Fərid İsmayılov yarımildən çoxdur ki, heç bir cinayət törətmədiyini, narkotik ittihamının da saxta olduğunu deyir. Bunu da deyir ki, cibindən tapıldığı iddia edilən narkotiki Nizami rayonu, 24-cü polis bölməsində elə polislərin özləri qoyub, özləri də çıxarıblar.

"Mən namazımda-niyazımda olan adamam. Narkotiklə nə işim var?", - F.İsmayılov öz məhkəməsində belə deyib.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

"Dedilər, elə eləmə, gedib evindən daha çox narkotik çıxaraq"

Oktyabrın 11-də məhkəmədə 24-cü polis bölməsinin əməliyyatçısı Kənan Nəcəfli dindirilərkən bildirib ki, F.İsmayılovun narkotik dövriyyəsi ilə məşğul olması haqda məlumat almışdılar. Onun əsasında da əməliyyat keçirib F.İsmayılovu saxlayıblar. Onu bölməyə gətirəndən sonra üstündən üç büküm narkotik çıxıb.

F.İsmayılovsa deyir ki, bu polis əməkdaşının danışdıqları başdan-ayağa yalandır. Onu küçədə getdiyi yerdə yox, metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında, "Laçın" Ticarət Mərkəzindəki iş yerində tutub aparıblar: "İşdə idim, qəfildən dörd nəfər mülki geyimdə gəldilər, qollarımı burub apardılar. Bölmədə dedilər ki, "sənə narkotik veriləcək, boynuna götür, bizi incitmə". Razılaşmadım ki, "nə danışırsınız?". Məni hədələdilər, təzyiq göstərməyə başladılar. Deyirdilər ki, elə eləmə, gedib evindən daha çox çıxardaq. Mənə demişdilər ki, guya, buraxacaqlar...".

F.İsmayılov aprelin 5-də tutulub. Onun sözlərinə görə, bundan bir gün öncə - aprelin 4-də onu Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX-ya) çağırıb, orada deputat Fazil Mustafaya qarşı martın 28-də baş vermiş silahlı hücumla əlaqədar sorğu-sual ediblər. O, deputatın güllələnməsinə görə DTX-ya çağrılmasının səbəblərinə də aydınlıq gətirib: "Bizim Fazil müəllimlə danışığımız olmuşdu. Facebook-da statusun altında danışmışdıq. Ona görə çağırmışdılar. Araşdırdılar, gördülər ki, mənlik bir şey yoxdur, buraxdılar. Səhəri gün işdə oturmuşdum, bunlar aparıb narkotiklə şərlədilər".

33-yaşlı F.İsmayılova Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Xatırlatma

Milli Məclisin deputatı Fazil Mustafa bu il martın 28-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evin qarşısında gülləyə tutulub. Olay ilə bağlı araşdırmalar DTX-nın İstintaq Baş İdarəsində aparılıb. Bu qurumda Cinayət Məcəlləsinin 277 (dövlət xadimi və ya ictimai xadimin həyatına sui-qəsd) və 228.2.1-ci (bir qrup şəxs tərəfindən odlu silah əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanıb. Deputata qarşı silahlı hücumla əlaqədar altı nəfərin həbs olunduğu bildirilir.

XS
SM
MD
LG